Mobil versiya
Məşhur Məmmədov: “Üç qardaş ölkə regionda yeni təhlükəsizlik arxitekturası yaradır”
Tarix: 03-06-2025 | Saat: 16:57
Bölmə:Siyasət | çapa göndər

Məşhur Məmmədov: “Üç qardaş ölkə regionda yeni təhlükəsizlik arxitekturası yaradır”

Azərbaycan qardaş Türkiyə və Pakistanla yeni təhlükəsizlik arxitekturası yaradır. Bu da regionda dayanıqlı sabitliyin inkişafına hesablanmış xoşniyyətli bir müttəfiqlikdir.

Bu sözləri mətbuata millət vəkili Məşhur Məmmədov Laçın Zirvəsi haqda danışarkən deyib. Deputatın fikrincə, 28 May Müstəqillik Günü üç qardaş dövlətin rəhbərləri dünyaya vacib mesajlar verdi: “Cənab Prezident də qeyd etdi ki, hər üç liderin mesajları ünvanına çatacaq.

Yəni bu birliyi görən dostlar sevindi, düşmənlər xar oldu. O baxımdan hesab edirəm ki, üç ölkə arasında əlaqələrin güclənməsi zərurətdir. Eyni zamanda, orada deyildiyi kimi, bu qardaşlıq xalqlarımızın səmimi münasibətindən doğan reallıqdır. Ona görə də bölgədə yeni bir siyasi-hərbi konfiqurasiya yaranıb. Düşünürəm ki, bu format yalnız sülhə xidmət edəcək”.

Deputat bildirib ki, Laçın Zirvə görüşü Azərbaycanın diplomatik manevr qabiliyyətinin, regional təşəbbüskarlığının və strateji müttəfiqlik imkanlarının real nəticəsidir: “Bu görüş mühüm siyasi tədbir, həm də yeni dövrün yol xəritəsi kimi tarixə düşdü. Xalqımız üçün çox əziz olan bir gündə, Müstəqillik Günündə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyev ilə birlikdə Qarabağda və Şərqi Zəngəzurda üçüncü hava qapısı olan Laçın Beynəlxalq Hava Limanının rəmzi açılış lentini kəsməsi və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakıyla Laçında Azərbaycan, Türkiyə və Pakistan ikinci Zirvə Toplantısının keçirilməsi bu günü ikiqat bayrama çevirdi.

Biri nüvə dövləti, biri NATO dövləti olmaqla, üç qardaş ölkənin qalib liderləri Laçından bölgəyə və dünyaya çox önəmli mesajlar verdilər, Azərbaycan, Türkiyə və Pakistanın təşəbbüsüylə yeni birlik formatının yarandığını dünyaya nümayiş etdirdilər”.

Məşhur Məmmədov deyib ki, Laçına səfər açıq şəkildə mesaj xarakteri daşıyırdı: “Bu səfərlə faktiki olaraq “Qarabağ Azərbaycandır!” mesajı verildi və bunun mübahisəyə açıq olmadığı bildirildi. Bu, həm Ermənistana, həm də onun havadarlarına ünvanlanan mesajdır ki, artıq Qarabağ və Laçın məsələsi beynəlxalq gündəmdə müzakirə mövzusu ola bilməz.
Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkənin lideri ilə məhz 30 il sonra işğaldan azad olunan, bərpa edilən Laçında görüşməsi tarixi hadisəyə çevrildi. Bu addım, Azərbaycanın ərazi bütövlüyünün de-fakto və de-yure tanınmasının, beynəlxalq platformalarda yeni postmünaqişə statusunun bariz ifadəsidir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2025