Mobil versiya
Həmrəylik və birgə fəaliyyət zərurətdir
Tarix: 30-05-2025 | Saat: 10:15
Bölmə:Siyasət | çapa göndər

Həmrəylik və birgə fəaliyyət zərurətdir

Məlum olduğu kimi, Azərbaycan, Türkiyə və Pakistan Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşirlər. Bu üç dost və qardaş ölkənin oxşar cəhətlərindən bəziləri də yerləşdikləri coğrafiyada və onun hüdudlarından kənarda mövcud olan təhlükəsizlik təhdidləri, bir sıra iqtisadi çətinliklər, enerji və qida böhranları ilə bağlıdır. Əlbəttə ki, bu təhdidlər qarşısında ölkələrimizin həmrəylik və birgə fəaliyyət göstərməsi bir zərurətdir. Bu baxımdan may ayının 28-də Laçında keçirilmiş Azərbaycan, Türkiyə və Pakistan liderlərinin ikinci Zirvə görüşü xüsusi əhəmiyyət kəsb edən hadisədir. Tədbirin gedişində çıxış edən cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Zirvə görüşünün Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilməsinin böyük rəmzi mənası var. Azərbaycan, Türkiyə və Pakistan hər zaman bir-birimizin uğurlarına sevinmiş, çətin günlərdə bir-birinin yanında olmuş və ən əsası, hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət mövqelərindən çıxış etmişlər.

Laçında keçirilmiş Zirvə görüşündə üçtərəfli əməkdaşlığı daha da irəli aparmaq məqsədilə mühüm mövzularda fikir mübadiləsi aparılıb. Ortaq gündəliyi formalaşdıran ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə üç qardaş ölkənin ortaq baxışını əks etdirən çərçivə hazırlanacağı bəyan edilib. Müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, ticarətin asanlaşdırılması, investisiyaların təşviqi və rəqəmsal transformasiya sahələrində müştərək addımların atılması kimi hədəflər müəyyən edilib.

Qeyd olunub ki, ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensiallarından istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Azərbaycan, Türkiyə və Pakistan qarşılıqlı əməkdaşlığın çox mühüm strateji aspektini təşkil edən nəqliyyat sahəsində “Orta Dəhliz” və “Şimal-Cənub Nəqliyyat Dəhlizi” kimi layihələrə birlikdə töhfə verəcəklər. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf etdirilməsi nəzərdə tutulub. Məlumdur ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub və Pakistan iqtisadiyyatına da 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.

Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan və Türkiyə Prezidentlərinin və Pakistanın Baş nazirinin Laçında keçirdikləri Zirvə görüşü, ölkələrimizin bir-birilərinə göstərdikləri dəstək və həmrəylik artıq dünya miqyasında tamamilə yeni reallıqlar yaradır. Laçın Zirvə görüşündə üçtərəfli formatda bir daha təsdiq olundu ki, bu üç dost və qardaş ölkənin gücü onların sarsılmaz birliyindədir.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025