Mobil versiya
Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan yeni zirvələr fəth edir - Asif Əsgərov
Tarix: 27-05-2025 | Saat: 12:43
Bölmə:Manşet / Siyasət | çapa göndər

Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan yeni zirvələr fəth edir

Azərbaycan zəngin dövlətçilik ənənələrinə malikdir. XX əsrin əvvəllərində xalqımızın dünya tarixində mühüm bir hadisəyə imza atması - 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması bütün Şərq və İslam dünyası üçün əlamətdar idi. Həmin tarixi hadisənin 107-ci ildönümü – 28 May - Müstəqillik Günü ölkəmizdə böyük qürur və iftixarla qeyd olunur.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, onun dövlətçilik təməli müasir Azərbaycan Respublikasının formalaşmasında əvəzsiz rol oynamışdır. 1918-ci il mayın 28-də qəbul olunan İstiqlal Bəyannaməsi Azərbaycan xalqının azad yaşamaq, öz taleyini müstəqil şəkildə həll etmək iradəsini ortaya qoymuşdur. Bu sənəddə millətlərin hüquq bərabərliyi, insan haqları, vicdan azadlığı, demokratiya prinsipləri öz əksini tapmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika modeli əsasında qurulmuşdur. Müxtəlif siyasi partiyalar parlamentdə təmsil olunmaqla yanaşı, milli azlıqlara da bərabər hüquqlar verilmişdir. Təhsil, mətbuat və dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlar Azərbaycan cəmiyyətində milli şüurun formalaşmasına güclü təkan vermişdir.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsinə baxmayaraq, Cümhuriyyət idealları xalqın yaddaşında və milli kimliyində yaşayaraq sonrakı nəsillərə ötürülmüşdür. 70 illik Sovet hakimiyyəti dövründə azərbaycançılıq ideyası, istiqlal arzusu heç vaxt sönməmişdir.

1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etmişdir. Bu mühüm tarixi dönüş Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarının davamı kimi dəyərləndirilir. Xalqımız uzun illər boyu qoruyub saxladığı milli yaddaşına və azadlıq arzusuna sadiq qalaraq müstəqil yaşamaq əzmini reallığa çevirmişdir.

1993-cü ildə ölkədə yaşanan dərin siyasi böhran fonunda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyini qorumaq və möhkəmləndirmək üçün tarixi missiyanı öz üzərinə götürmüşdür. Onun rəhbərliyi ilə ölkədə sabitlik təmin olunmuş, iqtisadi tənəzzül dayandırılmış, dövlət institutları möhkəmləndirilmişdir. Məhz Ulu Öndərin səyləri nəticəsində gələcək Zəfər yolunun əsasları formalaşdırılmışdır. Ümummilli Lider öz çıxışlarında dəfələrlə bəyan edirdi ki, müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onun ideallarına sadiqdir.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirmiş, ölkəni regionun lider dövlətinə çevirmişdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərin əldə olunması müasir dövlətçilik tariximizin zirvə hadisəsidir.Bu gün Azərbaycanın hər bir vətəndaşı fəxrlə ifadə edir ki, dövlətimiz güclüdür, ordumuz qalibdir, xalqımız bir yumruq kimi birləşmişdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan yalnız öz gücünə və xalqın dəstəyinə arxalanır: “Biz müstəqil və ləyaqətli siyasət aparırıq. Prinsipial məsələlərdə heç kimə güzəştə getmirik”.

28 May – Müstəqillik Günü Azərbaycan xalqının azadlıq, müstəqillik və milli özünüdərk ruhunun təntənəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi daha da güclənməkdə, tariximizə və milli dəyərlərimizə olan sədaqət qorunub saxlanılmaqdadır. Azərbaycan xalqı keçmişinə dərin hörmətlə yanaşaraq gələcəyə doğru qürurla və əminliklə addımlayır.

Asif Əsgərov
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2025