Mobil versiya
Azərbaycan daha güclü dövlət olacaqdır! - ŞƏRH
Tarix: 27-05-2025 | Saat: 11:43
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan daha güclü dövlət olacaqdır!

Azərbaycanın dövlətçilik tarixində müəyyən mərhələlər olub. Gülüstan müqaviləsi bu mərhələlərdən birinin başlanğıcı olmuşdu. Azərbaycanı ikiyə parçalayan bu müqavilənin tərəfləri, Bəxtiyar Vahabzadənin təbirincə desək, yadlar idi. Azərbaycan bu müqavilənin dövlətçiliyimizə gətirdiyi siyasət sıxıntılarını milli azadlıq hərəkatı ilə, milli düşüncələrlə, əqidə ilə, amal ilə aradan qaldıracaqdı. Xalqın milli-mənəvi düşüncəsinin daşıyıcısı olanlar Azərbaycan dövlətçiliyinin bərpa edilməsi üçün cox ağır vaxtlarda böyük bir mübarizə aparırdı.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzaladı. Bununla da Azərbaycan müstəqilliyi elan edildi. İstiqlal Bəyannaməsi dövlətçiliyin bərpası sənədi oldu. Azərbaycanda müstəqil, azad, demokratik respublika quruldu. Azərbaycan təsdiqlədi ki, öz müqəddəratını təyin etməyə qadirdir.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.

Qısa müddətdə Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, yeni Azərbaycan dövləti beynəlxalq münasibətlər sistemində tanındı, diplomatik sahədə həm dövlətçiliyi, həm də milli maraqları qoruyacaq mühüm işlər görüldü. Parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində müstəsna əhəmiyyətə malik oldu.
Xalq Cümhuriyyəti dövründə universitet yarandı, 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edildi, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olundu.

Xalq hakimiyyətinə və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olundu. Ordu quruldu, formalaşan ordu Türkiyədən dəvət olunmuş ordu hissələri ilə - Qafqaz İslam Ordusu ilə birlikdə Bakı şəhərini bolşevik-daşnak qüvvələrindən azad etdi.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev qürurla deyirdi ki, “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdı. Artıq XX əsrin əvvəllərindən, demək olar ki, xalqımız, onun qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşamışlar”...
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda Azərbaycan Xalq Cümhuriyyətinin müttəfiq dövlətlər tərəfindən tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti oldu. 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycan bir dövlət kimi dünyanın siyasi xəritəsində qaldı.

Azərbaycanda milli-azadlıq hərəkatı dayanmamışdı. Bu mübarizə sərt təqiblərə də dözdü, Sibir xofuna da, Lefertofo hədələrinə də. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul olundu. 1918-ci ildə İstiqlal Bəyannaməsi qəbul edildiyi kimi...

2021-ci il oktyabrın 15-də “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bu Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunmasına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdi ki, “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”.

Dövlətçilik memarı Ulu Öndər Heydər Əliyev olan müasir Azərbaycan Respublikası cənab İlham Əliyevin siyasi dühası ilə daha güclü dövlət olacaqdır.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2025