Mobil versiya
Kamran Bayramov: 28 May - Müstəqilliyimizin qürur günüdür
Tarix: 27-05-2025 | Saat: 10:59
Bölmə:Siyasət | çapa göndər

Kamran Bayramov: 28 May - Müstəqilliyimizin qürur günüdür

Xalqın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu əlamətdar günlərdən biridir. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində öz arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalq 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, yeni qurulan Cümhuriyyət öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycan Xalq Cümhuriyyəti çağdaş tariximizə 350 dəfə «ilk dəfə» ifadəsini yazmışdı. Azərbaycanın ilk Parlamenti, Hökuməti və dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Məlum səbəblərdən olduqca az ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.

K.Bayramov diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə söykənərək, ölkədə dini-etnik tənzimləmə siyasəti aparmış, vicdan azadlığının qorunmasına xüsusi önəm vermiş, azsaylı xalqların nümayəndələrinin 1918-ci ilin dekabrın 7-də açılan Parlamentdə yer almalarına şərait yaratmışdı. Tarixən müxtəlif mədəni təbəqələrə malik olan ölkədə dövlət-vətəndaş münasibətlərinin sivil modelini yaratmışdı. Şərqə demokratiyanın ilk işığını gətirən Azərbaycan Xalq Cümhuriyyəti de-fakto və de-yure olaraq iri dövlətlər tərəfindən tanınmış beynəlxalq hüququn subyektinə çevrilmişdi. Müstəqilliyi böyük dövlətlər tərəfindən tanınmış Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı Sovet Rusiyasının birbaşa hərbi müdaxiləsi ilə sona çatdı. Milli dövlət süqut etsə də, milli dövlətçilik duyğuları qəlblərdən silinmədi, milli yaddaş məhv olmadı.
Deputat vurğulayıb ki, XX yüzilin sonlarında Azərbaycan dövləti yenidən istiqlala qovuşdu, Cümhuriyyət ənənələrinə sadiqliyini bəyan etdi. Azərbaycan bu gün dünyanın siyasi və iqtisadi dairələrində diqqət mərkəzində olan müstəqil ölkə, regionun lider dövlətidir. Müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz, belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Bu gün müstəqil olan Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cühmuriyyətinin layiqli varisidir. Ulu öndər Heydər Əliyev bugünkü Azərbaycan Respublikasını Xalq Cümhuriyyətinin varisi hesab edərək demişdir: «Bu dövlət, bu quruluş 1918-ci ildə yaradılmış Xalq Cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün xalq onun varisidir. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, taleyimizdən didərginliyin, əlilliyin, şəhidliyin qara naxışları keçib getdi. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.»
Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Yeni əsrin yeni lideri İlham Əliyev 21 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirib. Məhz, bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi.

Deputat əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Bu gün xalqımız 28 May - Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edir. Artıq azadlığına qovuşmuş torpaqlarımızda şəhər və kəndlərimiz yenidən qurulur, yeni yollar çəkilir, Böyük Qayıdış mərhələli şəkildə həyata keçirilir. Xankəndidə Zəfər Günü münasibətilə hərbi paradın keçirilməsi hər bir azərbaycanlıda sözlə ifadə olunmayacaq qədər böyük qürur hissi yaşatdı. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2025