Mobil versiya
Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq müstəvisində: ortaq maraqlar, birgə fəaliyyət və yeni perspektivlər - ŞƏRH
Tarix: 12-05-2025 | Saat: 18:05
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq müstəvisində: ortaq maraqlar, birgə fəaliyyət və yeni perspektivlər

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri Azərbaycan-Vyetnam münasibətlərində strateji xarakter daşıyan əlamətdar hadisə kimi dəyərləndirilir. Qarşılıqlı etimad və səmimi tərəfdaşlıq aspektlərinə əsaslanan əlaqələrin inkişafı fonunda reallaşan bu səfər iki dövlət arasında uzunmüddətli fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Yüksək səviyyəli danışıqların nəticəsi olaraq imzalanan sənədlər Azərbaycan ilə Vyetnam arasında münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirəcəkdir. “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” bu təmasların gələcəkdə davamlı və sistemli inkişafını təmin edəcək güclü siyasi-hüquqi bazanın yaradılmasına yönəlib. Birgə Bəyanatın əsas məzmunu tərəflərin suverenlik, bərabərlik, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət kimi fundamental prinsiplər əsasında münasibətləri dərinləşdirməkdə qərarlı olduqlarını ifadə etməsindən ibarətdir. Həmin bəyanatın əhəmiyyətini vurğulayan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, çox ciddi siyasi sənəddir: “Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq”.

Tərəflər, həmçinin ticarət dövriyyəsinin artırılması, nəqliyyat-logistika marşrutlarının genişləndirilməsi, energetika sektorunda bilik və texnologiya mübadiləsi, habelə mədəniyyətlərarası dialoqun təşviqi kimi sahələr üzrə konkret layihələrin hazırlanması və icrası barədə də razılığa gəliblər. Bu isə Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının yalnız siyasi və diplomatik deyil, həm də sosial-iqtisadi müstəvidə daha da genişlənəcəyini göstərir.

Ölkəmizin enerji siyasəti qlobal miqyasda çevik və stratejiyönümlüdür. “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu” çərçivəsində Vyetnamla enerji sahəsində əməkdaşlıq imkanlarının müzakirə olunması xüsusi önəm kəsb edir. Neft-qaz sənayesində geniş təcrübəyə malik olan hər iki ölkə qarşılıqlı sərmayə və texnologiya mübadiləsi əsasında birgə layihələr reallaşdıracaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik.

İmzalanmış sənədlər sırasında bərpaolunan enerji və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq haqqında razılaşmalar da diqqətəlayiqdir. Hər iki ölkənin yaşıl enerji keçidinə verdiyi əhəmiyyət gələcəkdə günəş, külək və hidroenerji üzrə birgə layihələrin icrasını mümkün edir. Dövlətimizin başçısının ölkəmizdə yaşıl enerji zonalarının yaradılması və xarici investorlar üçün əlverişli şəraitin təmin olunması istiqamətində təşəbbüsləri Vyetnam üçün də cəlbedici investisiya mühiti yaradır.

İki dost ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələsi da müzakirələrin əsas istiqamətlərindən biri olub. Hər iki tərəf milli müdafiə imkanlarının artırılması və texnoloji təcrübə mübadiləsi sahəsində birgə fəaliyyətdə maraqlıdır. Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var: “Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər”.

Səfər çərçivəsində mədəniyyət, media və elm sahələrində əməkdaşlıq haqqında imzalanmış sənədlər xalqlar arasında humanitar körpülərin qurulmasına xidmət edir. Azərbaycan və Vyetnam universitetləri arasında təhsil mübadiləsi, ortaq tədqiqat layihələrinin təşviqi və tələbə proqramlarının reallaşdırılması böyük imkanlar yaradacaq. Həmçinin, media sahəsində əməkdaşlıq - informasiya mübadiləsi və jurnalistlərin birgə layihələrdə iştirakı ölkələrin qarşılıqlı tanıdılması baxımından əhəmiyyətlidir.

Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlarda, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirir. İki ölkə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, suverenliyə, ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan yanaşmaları dəstəkləyir. Bu mənada strateji tərəfdaşlıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də qlobal səviyyədə birgə mövqe və təşəbbüslərin koordinasiyasına zəmin yaradır.

Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri və imzalanmış sənədlər bir daha göstərir ki, Asiya və Qafqaz arasında strateji tərəfdaşlıq modeli formalaşır. Bu əməkdaşlıq həm regional sabitliyə, həm də qlobal enerji təhlükəsizliyinə töhfə verəcək. Tərəflərin siyasi iradəsi, qarşılıqlı hörmətə əsaslanan yanaşması və ortaq məqsədləri bu əlaqələrin gələcəkdə daha da dərinləşəcəyinə təminat verir.

Heydər Əsədov
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-05-2025