Mobil versiya
Əli Həsənov: "Azərbaycan 2017-ci ildə İslam dünyasının diqqət mərkəzində olacaq"
Tarix: 07-02-2017 | Saat: 22:19
Bölmə:Gündəm | çapa göndər

Əli Həsənov: "Azərbaycan 2017-ci ildə İslam dünyasının diqqət mərkəzində olacaq"




Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Ər-Riyadda Səudiyyə Jurnalistləri Assosiasiyasının idarə heyətinin sədri, Körfəz Ölkələri Jurnalistlər Birliyinin sədri, "Əl-Cəzirə" qəzetinin baş redaktoru Xalid əl-Maliki ilə görüşüb.

AIA.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında media sahəsində əməkdaşlığın, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Daha sonra Əli Həsənov "Əl-Cəzirə" qəzetinin redaksiyasında onun üçün təşkil olunmuş mətbuat konfransında iştirak edib və jurnalistlərin suallarını cavablandırıb.

Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsində rolu ilə bağlı suala cavabında Prezidentin köməkçisi bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra İslam ölkələri ilə qarşılıqlı faydalı əlaqələrin qurulması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biri olub. Azərbaycan İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurub, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən birinə çevrilib.

Bu gün Prezident İlham Əliyev Azərbaycanın İslam ölkələri ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi, islamofob dairələr tərəfindən İslam dininə qarşı təşkil edilən kampaniyanın qarşısının alınması, İslam dünyasına qarşı təhdidlərin aradan qaldırılması məsələlərinə böyük önəm verir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunub və ölkəmiz bu çərçivədə həm yerli, həm də beynəlxalq səviyyədə bir çox təşəbbüslərlə çıxış edir. Bu çərçivədə İslam dəyərlərinin, mədəniyyətinin təbliği məqsədilə ölkə daxilində və onun hüdudlarından kənarda konfransların, forumların, simpoziumların və digər tədbirlərin təşkilinə xüsusi diqqət yetiriləcək. İslam ölkələrinin rəsmi şəxsləri, qeyri-hökumət, ictimaiyyət nümayəndələri arasında təmaslar intensivləşdiriləcək, qarşılıqlı səfərlər təşkil olunacaq. Azərbaycan dünyada islamofobiya meyillərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə vahid mərkəzin yaradılmasını təklif edir və bu təşəbbüsün reallaşdırılması üçün digər ölkələrlə birlikdə müvafiq tədbirlər görəcək. Eyni zamanda, Azərbaycan problemlərlə üzləşmiş İslam ölkələrinə həm siyasi, həm də digər formalarda dəstəyin gücləndirilməsi üçün birgə məqsədyönlü addımlar atılmasını zəruri hesab edir. Onu da qeyd edim ki, Azərbaycan hər il beynəlxalq miqyasda keçirdiyi mədəniyyətlərarası dialoq, humanitar forumlar çərçivəsində İslam dünyasının üzləşdiyi problemləri müzakirəyə çıxarmaq, onları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və həlli yollarını tapmaq üçün səylərini artıracaq. Bütün bunlar və həyata keçirilməsi nəzərdə tutulan digər tədbirlər göstərir ki, Azərbaycan İslam həmrəyliyini dəstəkləyən siyasətini var gücü ilə və peşəkarcasına davam etdirəcək. Müsəlmanlar arasında birliyin və həmrəyliyin formalaşdırılması, eləcə də islamofobiya hallarına qarşı birgə mübarizə bu siyasətin əsasını təşkil edir. Azərbaycanın İslam həmrəyliyi mövzusunda təklif etdiyi platforma bu problemlərin həllinə kömək edə bilər.

Əli Həsənov deyib ki, bu il Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. İslam ölkələrinin idmançıları, jurnalistlər, çoxsaylı qonaqlar Bakıya gələrək 10 gün ərzində bir arada olacaq, həm ölkəmizi yaxından tanıyacaq, həm də qarşılıqlı əlaqələr quracaqlar. Bu da İslam həmrəyliyinin gücləndirilməsinə ciddi dəstək, onun dünyada təşviqi üçün böyük fürsətdir. Hesab edirik ki, bu idman yarışması dünyada İslam həmrəyliyinin bir nümunəsi olacaq, İslam dünyasında əməkdaşlığı, mehriban münasibətləri stimullaşdıracaq.

Azərbaycan həm də müsəlman ölkələrinin media ictimaiyyəti arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü addımlar atır və səmərəli təkliflərlə çıxış edir. 2016-cı ilin oktyabrında Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib. Ümid edirik ki, bu təşəbbüs reallığa çevrilərək müsəlman ölkələrinin jurnalistləri arasında əlaqələrin möhkəmlənməsinə, onların İslam dünyasının ortaq maraqlarının müdafiəsi üçün səfərbər olunmasına böyük töhfə verəcək. İslam həmrəyliyinin möhkəmləndirilməsi məqsədilə irəli sürülən səmərəli təklif və təşəbbüslər, atılan praktiki addımlar sayəsində 2017-ci ildə Azərbaycan İslam dünyasının diqqət mərkəzində olacaq.

İslam ölkələrinin qarşılaşdığı problemlərin həlli ilə bağlı Azərbaycanın hansı səylər göstərdiyi barədə sualı cavablandıran Əli Həsənov deyib ki, Azərbaycan bu problemlərin həlli yollarının tapılmasına, dialoq yaradılmasına çalışır. O, bu problemlər sırasında Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini, Fələstin problemini, Yaxın Şərq dövlətlərinin daxili işlərinə xarici müdaxilə nəticəsində yaranmış münaqişələri və qaçqın böhranını, İslam xalqları arasında milli və ya dini əsasda təfriqə salınmasını qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi, bu məsələdə ATƏT-in Minsk qrupunun və regionun böyük ölkələrinin səyləri barədə suala cavabında Əli Həsənov deyib: Ermənistan 25 ilə yaxındır ki, Azərbaycan ərazisinin 20 faizini işğal edib, bir milyondan artıq dinc sakini öz yurdundan didərgin salıb, həmin ərazidə bütün yaşayış məntəqələrini, sosial, iqtisadi və mədəni infrastrukturu, o cümlədən dini məbədləri, məscidləri dağıdıb. Bu dövr ərzində Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasını, qaçqın və məcburi köçkünlərin maneəsiz şəkildə öz torpaqlarına qaytarılmasını tələb edən 4 qətnaməsini, həmçinin ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrini qulaqardına vurub. İşğalçı ölkə, həmçinin ABŞ, Rusiya və Fransanın həmsədr olduqları ATƏT-in Minsk qrupunun səmərəli təkliflərini icra etməkdən boyun qaçırır, bütün səylərini mövcud status-kvonun, yənı, işğal faktının saxlanmasına yönəldib. Təəssüflə qeyd etməliyik ki, Azərbaycan bu məsələdə ciddi haqsızlıqla üzləşir. Çünki beynəlxalq təşkilatların dünyada digər oxşar münaqişələrin həlli ilə bağlı qəbul etdiyi qərarlar dərhal icra olunur, işğalçı ölkələrə qarşı sərt tədbirlər, sanksiyalar tətbiq edilir, hətta hərbi müdaxilə halları da mövcuddur. Azərbaycana gəldikdə isə, məsələnin bütün məsuliyyətini münaqişə tərəflərinin üzərinə atmağa çalışırlar. Buna görə də 25 ildir ki bu münaqişənin həll olunmamasının bir səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlıdırsa, digər səbəb də beynəlxalq ictimaiyyətin, münaqişənin həlli ilə məşğul olan vasitəçilərin seyrçi mövqeyi, işğalçıya qarşı sərt tədbirlər tətbiq olunmamasıdır. Bununla yanaşı, qeyd etmək istərdim ki, biz erməni xalqını düşmən hesab etmirik. Bizim düşmənimiz yalnız Ermənistandakı rejimdir. Hər bir regionda olduğu kimi, Azərbaycanın yerləşdiyi bölgə dövlətlərinin də istər ortaq, istərsə də bir-birinə zidd maraqları var. Biz Ermənistan istisna olmaqla, bu dövlətlərlə ortaq maraqları tapmağa, əlaqələrimizi bu istiqamətdə inkişaf etdirməyə çalışırıq. Biz Rusiya, Türkiyə, İran və Gürcüstanla ortaq mənafelər əsasında, xalqımızın istəklərinə və mənafelərinə cavab verən əsasda əlaqələr qururuq.

Əli Həsənov Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin gələcəyi, qarşılıqlı investisiya sahəsində əməkdaşlıq imkanları barədə sualı cavablandıraraq deyib: "Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına sonuncu səfəri və İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səudla apardığı danışıqlar Səudiyyə Ərəbistanı şirkətləri və suveren fondlarının Azərbaycanda müxtəlif sahələrə - yerli, regional və ya transmilli layihələrə investisiya yatırmasına tam imkan yaradır. Azərbaycanın liderliyi ilə çox mühüm transmilli layihələr həyata keçirilir. Buna misal kimi Xəzər regionundan təbii qazı Avropa bazarına çıxaracaq "Cənub Qaz Dəhlizi" layihəsini, həmçinin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri layihələrini göstərmək olar. Səudiyyə Ərəbistanının şirkətləri bu layihələrdə iştirak edə bilərlər. Ölkəmizin neft şirkəti olan SOCAR-ın Türkiyədə neft-kimya sahəsində layihələri var. Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının neft-kimya şirkətləri də bu sahəyə investisiya yatırmaq istəyirlər. Göründüyü kimi, qeyd edilən və digər istiqamətlərdə birgə işləmək olar.

Eyni zamanda, Azərbaycan gözəl iqlimi, əlverişli coğrafi şəraiti, müasir turizm infrastrukturu olan ölkədir. Bütün bunlar, həmçinin xalqımızın zəngin mədəni irsi, qonaqpərvərliyi ölkəmizi beynəlxalq turizm üçün cəlbedici məkana çevirib. Düşünürəm ki, Azərbaycanın turizm sektorunda Səudiyyə Ərəbistanı şirkətləri üçün çoxlu investisiya imkanları mövcuddur. Ötən il Azərbaycana Səudiyyə Ərəbistanından təqribən 10 min turist gəlib, bu il isə onların sayının 30 minə çatacağı gözlənilir. Səudiyyə Ərəbistanı vətəndaşları Azərbaycanda özlərini rahat hiss edəcəklər. Ölkəmizdə onlara olan münasibət, zəngin mətbəx, ibadət evlərinin mövcudluğu - bütün bu amillər Səudiyyə Ərəbistanından gələn turistləri razı salacaq. Ən əhəmiyyətlisi budur ki, Səudiyyə Ərəbistanı vətəndaşları Azərbaycanda xoş qarşılanacaqlar, Qərbdə mövcud olan bütün xidmətləri ölkəmizdə görəcək, dostların əhatəsində olacaq, səfərlərindən məmnun qalacaqlar".

Sonda Azərbaycan Respublikası Prezidentinin köməkçisinə təşəkkürünü bildirən "Əl-Cəzirə" qəzetinin baş redaktoru deyib ki, mediadan göründüyü kimi, siz ölkədaxili məsələlərə dair olduqca fəal mövqe nümayiş etdirirsiniz və bu nümunə "Əl-Cəzirə"nin çoxsaylı əməkdaşlarına da fəallıq ruhu aşılayır.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, "Əl-Cəzirə" qəzeti İslam dünyasında böyük nüfuza malikdir, regionda və dünyada sülh, tərəfdaşlıq və inkişafa öz töhfəsini verir.

Tədbirdə Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya nazirinin müavini Abdullah əl-Əhməri və Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayev iştirak ediblər.

Qeyd edək ki, mətbuat konfransı Səudiyyə Ərəbistanının aparıcı KİV-ləri, o cümlədən "Əl-Cəzirə", "Əl-Riyad", "Okaz", "Əl-Həyat", "Əl-Mədinə" qəzetləri, "Sauress" informasiya portalı tərəfindən geniş işıqlandırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024