Mobil versiya
Bölgə təhlükəsizliyinin ən etibarlı zəmanəti əməkdaşlıqdır - RƏY
Tarix: 17-04-2025 | Saat: 13:48
Bölmə:Siyasət | çapa göndər

Bölgə təhlükəsizliyinin ən etibarlı zəmanəti əməkdaşlıqdır

Çağdaş dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun mövcud dünya nizamının yeni reallıqlarına cavab verən xarici siyasəti necə qurmasından bilavasitə asılıdır. Müşahidələr göstərir ki, çoxqütblü əməkdaşlığa üstünlük verən və beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan xarici siyasət tez bir zamanda qarşıya qoyulan məqsədlərə nail olmağa imkan yaradır.

Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyir. Odur ki, çoxsaylı ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər.

Bu kontekstdə Azərbaycan-Gürcüstan münasibətləri xüsusi maraq doğurur. Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı tərəfdaşlıq əlaqələri əsl regional əməkdaşlıq nümunəsidir. Ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir.

15-16 aprel tarixlərində Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ölkəmizdə səfərdə olub və Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edib. Dövlətimizin başçısı Gürcüstan Prezidenti ilə görüşündə bildirib ki, iki qardaş ölkə arasında siyasi dialoq həmişə fəal olub və indi də fəal olmaqda davam edir: “Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar, indi də bu, belədir. Dövlətlərarası münasibətlər yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün, region üçün böyük önəm daşıyır”, – deyə dövlətimizin başçısı vurğulayıb. Gürcüstanın Prezidenti öz növbəsində diqqətə çatdırıb ki, “Ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib.”

Prezident Mixeil Kavelaşvili həmçinin qeyd edib ki, ölkəsi Azərbaycanla siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin güclənməsində maraqlıdır: “Biz, həmçinin regionda sülh və sabitliyin olmasında maraqlıyıq. Bu, güclü iqtisadi inkişafın təməli olacaq”, – deyə M.Kavelaşvili əlavə edib.

Azərbaycanla Gürcüstan regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdirlər. İki ölkə arasındakı strateji münasibətləri möhkəmləndirən fundamental amillərdən biri də regional təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələridir. Bununla bağlı müxtəlif dövrlərdə qarşılıqlı səfərlər təşkil edilir, təhlükəsizliyə və əməkdaşlığa dair ən aktual məsələlərlə əlaqədar olaraq dialoqlar keçirilir, məsləhətləşmələr aparılır.

Görüş zamanı “Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini qətiyyətlə dəstəkləyir və buna görə cənab Prezident Əliyevə bir daha təşəkkür etmək istərdim.” – deyən Mixeil Kavelaşvili Gürcüstanın həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsi ərzində Gürcüstan öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazə vermədi. Bu, faktiki olaraq uzun illər aparılan çox effektiv xarici siyasətin və uğurlu iqtisadi əməkdaşlığın əyani nəticəsi kimi dəyərləndirilə bilər.

Görüşdə ölkələrimizi birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğunu qeyd edən dövlətimizin başçısı vurğulayıb ki: “Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir”.

Gürcüstanla Azərbaycanı tarixi dostluq və qardaşlıq münasibətləri ilə yanaşı həm də bu mühüm qlobal və regional layihələr birləşdirir. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri hər iki ölkəni sıx bağlayan fundamental amillərdəndir. TANAP, TAP layihələrinə qoşulmaqla Gürcüstan Azərbaycanın müəllifi olduğu uğurlu enerji diplomatiyasından faydalanmaqdadır.

“Bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız və Gürcüstansız təsəvvür etmək mümkün deyil” deyən dövlət başçımız mətbuata bəyanatında onu da diqqətə çatdırıb ki, hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib.

Bəyanatda o da qeyd olunub ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşir. Ölkələr arasında ticarət dövriyyəsi son illərdə daha da artır. Hazırda əmtəə dövriyyəsinin həcminə, Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, Gürcüstanda isə 650-ə yaxın Azərbaycan sərmayəli şirkət fəaliyyət göstərir.

Bütövlükdə, Azərbaycan Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir. Eyni zamanda, Azərbaycanla Gürcüstan Xəzər-Qara dəniz, Şərq və Qərbi əhatə edən daha geniş coğrafiyada qlobal xarakterli strateji layihələri gerçəkləşdirməklə bölgədə təhlükəsizliyin, sabitliyin möhkəmlənməsində möhkəm zəmin yaradır.

Cavanşir Feyziyev,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025