Mobil versiya
Azərbaycan-Gürcüstan münasibətləri hər zaman dostluq və etibarlı tərəfdaşlığa söykənib - Rəşad Mahmudov
Tarix: 16-04-2025 | Saat: 19:22
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan-Gürcüstan münasibətləri hər zaman dostluq və etibarlı tərəfdaşlığa söykənib

Azərbaycan beynəlxalq aləmdə ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət olaraq yox, həm də Cənubi Qafqaz regionunda lider dövlət kimi çıxış edir. Bu məqam yalnız ölkəmizin Şərq Qərb dəhlizində strateji mövqedə yerləşməsi ilə bağlı deyil, eyni zamanda, dünyada söz sahibi olan liderin yürutdüyü siyasətin uğurudur. Bu gün həmin uğurlu siyasət Azərbaycanı yalnız Qafqazda deyil, bütövlükdə dünyada lider dövlətlər sırasında qərarlaşdırıb. Müasir dünya siyasətinin düsturlarını və qaydalarını bəşəri dəyərlər kontekstində aparan lider Prezident İlham Əliyev Azərbaycan xalqını haqq etdiyi zirvələri fəth etməkdə davam edir. Bütün beynəlxalq tədbirlərdə ölkəmiz tək enerji resursları və geosiyasi mövqeyi ilə deyil, həm də regional lider dövlət olaraq öz gücü ilə milli maraqlarını diktə edir. Nüfuzlu liderlərin Azərbaycana səfərləri, qlobal gündəlikdə duran məsələlərin, problemlərin məhz Bakıda müzakirəsi, həlli yollarının araşdırılması ölkəmizə göstərilən ehtiramın göstəricisidir.

Bu baxımdan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi səfəri mühum məqamlarla yadda qaldı. Əvvəla onu qeyd edək ki, Azərbaycan-Gürcüstan münasibətlərinin qədim tarixi kökləri var. Azərbaycanlılar və gürcülər regionda mehriban qonşuluq və dostluq şəraitində yaşamışlar, xalqlar arasında qarşılıqlı hörmət və ehtiram hər zaman örnək olub. Bununla yanaşı, iki qonşu, dost ölkə həm də strateji tərəfdaş kimi çıxış edir və ikitərəfli əməkdaşlığımız son dərəcə uğurludur.

Ümumiyyətlə, Gürcüstan Prezidentinin ilk xarici səfərini də məhz Azərbaycana etməsi iki ölkə arasında yaranmış strateji əlaqələrin güclü olduğunu təsdiqlədi. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqama xüsusi toxunaraq vurğuladı ki, bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.

Məlumdur ki, Gürcüstan və Azərbaycan Avropa ilə Asiyanı birləşdirən tranzit dəhlizləri kimi mühüm rol oynayır. Nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu və avtomobil yollarının inkişafı hər iki ölkə üçün prioritet məsələdir. “Yeni İpək Yolu” layihəsi və “Bir kəmər, bir yol” təşəbbüsü bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə imkanlar yaradır. Hər iki ölkə Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlıdır. Onlar regional təşkilatlar və platformalar çərçivəsində əməkdaşlıq edirlər. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Azərbaycan da ardıcıl olaraq Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Gürcüstan Prezidentinin qeyd etdiyi kimi, ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib.

Bu da bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir. Gürcüstan Prezidenti maraqlı və vacib bir məqama toxunaraq bəyan etdi ki, sülh, tam təhlükəsiz şəraitdə xalqlarımız dırnaqarası liberal dəyərlərlə yox, öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər və Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib.

Prezident Mixeil Kavelaşvilinin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Bu, hər iki tərəfin qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və regionda sabitliyin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirdi. Dost ölkə Prezidentinin səfərinin Gürcüstanla Azərbaycan arasında münasibətlərin inkişafına yeni təkan verəcəyi gözlənilir. Hər iki ölkə strateji tərəfdaşlığı gücləndirməkdə və ümumi məqsədlərə nail olmaq üçün birgə işləməkdə qərarlıdır. Bütövlükdə, Gürcüstanla Azərbaycan arasındakı münasibətlər regionda strateji tərəfdaşlıq modelidir. Onlar qarşılıqlı hörmətə, ümumi maraqlara, regional sabitlik və rifah istəyinə əsaslanır. Mütəmadi olaraq keçirilən yüksək səviyyəli görüşlər, sazişlərin imzalanması və birgə layihələrin həyata keçirilməsi bu əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə xidmət edir.

Rəşad Mahmudov,
​Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025