Mobil versiya
Ermənilər bundan çox məyus olacaqlar - Sarsıdıcı zərbə
Tarix: 04-02-2017 | Saat: 12:10
Bölmə:Siyasət / Karusel | çapa göndər

Ermənilər bundan çox məyus olacaqlar - Sarsıdıcı zərbə








Ermənistanın hərbi-siyasi rəhbərliyinin Silahlı Qüvvələrin "İskəndər-M" operativ-taktiki raket kompleksləri (OTRK) ilə təchiz edilməsi və döyüş əmləyyatlarının bərpa olunacağı təqdirdə onun tətbiqi barədə bitib-tükənmək bilməyən açıqlamaları, xüsusilə də SQ-nin Baş qərargah rəisi general Movses Akopyanın son müsahibəsi Ermənistanda daxili kütləyə hesablanıb. Məqsəd əhalinin ciddi şəkildə sarsılmış mənəvi-psixoloji vəziyyətini stabilləşdirməkdir.


Bu barədə Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik İlqar Əliyev bildirib.



Ekspert qeyd edib ki, ötən ilin aprel ayında Azərbaycanın Ermənistanın qulağının dibindən vurduğu babat şapalaq nəticəsində erməni müdafiə sisteminin möhkəmliyi və yarılmazlığı barədə mif dağıldı. Bu açıqlamalara peşəkarlıq baxımından yanaşılsa, onların heç birinin real təməlinin olmadığını, taktiki baxımdan əsaslandırılmadığını, sadəcə uydurma və nağıl olduğunu görmək olar. Ümumiyyətlə, Ermənistan özünü olduğu kimi yox, istədiyi kimi göstərməyə çalışır:



"Birincisi, Azərbaycan artıq çoxdan ötən əsrin 90-cı illərindəki həmin o dövlət deyil və uğurlu iqtisadi inkişafı hesabına regionda öz şərtlərini diktə etmək iqtidarındadır. Amma Ermənistan o zaman necə idisə, getdikcə ümidsizliyin əsarəti altına düşərək elə oradaca qalıb və Baş Qərargah rəisinin təbirincə desək, irədəsini üçüncü tərəfin dili ilə ifadə edir.

İkincisi, qüvvələrin, vasitələrin, insan və maddi resursların hazırkı nisbəti açıq şəkildə Ermənistanın tərəfində deyil və belə nisbətlə Ermənistan nəinki mövqe müdafiəsini, heç manevr müdafiəsinin ilkin mərhələlərini də qura bilməyəcək.

Üçüncüsü, cəbhədə gərginliyin azaldılması yalnız Azərbaycan tərəfindən hökumətlərarası və beynəlxalq müqavilələrə əməl etməsinin nəticəsidir.

Dördüncüsü, Azərbaycan humanitar prinsiplərdən çıxış edərək, 1994-cü ilin mayından sonra hücum əməliyyatları aparmayıb və düşmənin hücumlarını kiçik əks-hücumlarla dəf edərək fəal müdafiə olunub".



Polkovnik düşmənin "İskəndər" raketlərindən istifadə ehtimalına da münasibət bildirib: "Adi sursatlarla təchiz olunduğu halda "İskəndər" OTRK-nın təyinatı döyüş bölmələri tərəfindən düşmən ordusunun operativ yerləşmə dərinliyindəki kiçik və geniş sahəli hədəflərin məhv edilməsidir və onun qoşunların təmas xəttində lokal tapşırıqların həlli məqsədi üçün istifadə edilməsi istisna olunur.

Böyük sahəli hədəfləri vurmaq və irimiqyaslı zərərə nail olmaq üçün "İskəndər" OTRK-larının genişmiqyaslı fasiləsiz tətbiqi lazımdır, belə zərbələr üçün isə yalnız bir batareya kifayət etmir. Həmçinin, operativ düzülüşün dərinliyində qoşunların düzgün səpələnməsi şəraitində adi sursatlarla hədəfin vurulması effektliyi çox aşağı düşür.

Təbii ki, razıyam ki, onun taktiki-texniki göstəriciləri orta səviyyəli raket əleyhinə müdafiə/ hava hücumundan müdafiə (RƏM/ HHM) sistemlərini üstələyir və ya onun imkanları səviyyəsindədir.



Amma "İldırım" RƏM sistemlərinin ortaya çıxmasından sonra Azərbaycanın RƏM/HHM sistemlərinin döyüş imkanları çox yüksəlib.

Azərbaycan tərəfi ən müasir RƏM/HHM komlekslərin hesabına bu raketləri vaxtında aşkar edə və düşmən ərazisinin 70 km-ə kimi dərinliyində uçuşu zamanı məhv etmək iqtidarındadır.



Amma hər halda Ermənistan yenə də "İskəndər"ləri Azərbaycanın mülki obyektlərinə və infrastrukturuna qarşı tətbiq etməyə cəhd göstərsə, o zaman sarsıdıcı cavab özünü çox gözlətməyəcək".



İ.Əliyevin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri Naxçıvan da daxil olmaqla öz ərazisindən düşmənin yerləşmə dərinliyindəki bütün hədəflərinə fasiləsiz genişmiqyaslı aviasiya-raket zərbələri vurmaq iqtidarındadır: "Azərbaycanın Naxçıvanda dislokasiya olunmuş ordusunun gücü barədə isə erməni komandanlığı kifayət qədər məlumatlıdır.

Əlavə edim ki, Azərbaycan Silahlı Qüvvələri fasiləsiz kəşfiyyat işi aparmaqla və hərbi-siyasi vəziyyəti öyrənərək müharibənin və taktiki hərəkətlərin aparılması forma və üsullarına düzəlişlər edir".

İlkin İzzət

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024