Mobil versiya
Adəm İsmayıl Bakuvi: “Xocalıda aşkar olunmuş kütləvi insan qalıqları ermənilərin xalqımıza qarşı törətdikləri qanlı cinayətlərin yalnız bir epizodunun təsdiqidir”
Tarix: 27-03-2025 | Saat: 11:45
Bölmə:Manşet / Siyasət | çapa göndər

Adəm İsmayıl Bakuvi: “Xocalıda aşkar olunmuş kütləvi insan qalıqları ermənilərin xalqımıza qarşı törətdikləri qanlı cinayətlərin yalnız bir epizodunun təsdiqidir”

“İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində, keçmiş xalça fabrikinin yaxınlığında ötən ilin fevral ayında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı aşkar olunmuş kütləvi insan qalıqları erməni vəhşiliklərinin daha bir sübutu kimi dünyaya təqdim olundu. Bu, Azərbaycan ərazilərini 30 ilə yaxın müddət ərzində işğal altında saxlayan erməni təcavüzkar rejiminin həmin dövrdə xalqımıza qarşı törətdiyi qanlı cinayətlərin yalnız bir epizodunun təsdiqidir. Halbuki, azərbaycan xalqına qarşı ermənilərin həyata keçirdikləri kütləvi qırğınların tarixi heç də yalnız işğal dövrü ilə məhdudlaşmır. Təxminən iki yüz il bundan əvvəl Rusiya imperiyasının maraqlarına uyğun olaraq Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki əsr ərzində bütün yerli sakinlərə və ilk növbədə azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvi deportasiyalar, qətliamlar həyata keçirmişlər. O cümlədən, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş amansız soyqırımı hadisələri də Azərbaycan tarixinin acı həqiqətlərindən biridir. Qeyd olunmalıdır ki, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımına və torpaqlarımızın bir əsrdən artıq davam edən işğalı prosesinə, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli hökumət tərəfindən tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi edilmişdir. Lakin Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra milli əhəmiyyət kəsb edən bir çox digər məsələlər kimi, “Mart qırğınları” mövzusu da ciddi qadağalar altına düşdü. Yalnız xalqımız öz müstəqilliyini bərpa etdikdən sonra, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tariximizə “31 Mart soyqırımı” kimi daxil olmuş bu faciənin araşdırılması və həqiqətlərin qlobal miqyasda dünyaya yayılması işinə başlanılmışdır. 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş dəhşətli söyqırımı hadisələrinə müvafiq siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olundu.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi ifadə edib.


Daha sonra müsahibimiz qeyd edib ki, bu gün artıq bütün dünya ictimaiyyəti erməni millətçilərinin cəfəng “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə tarixin müxtəlif mərhələlərində azərbaycanlılara və Azərbaycan ərazilərində yaşayan digər xalqların nümayəndələrinə qarşı törətdikləri etnik təmizləmə, deportasiya və soyqırımı faktları barədə kifayət qədər məlumatlıdır: “Tarixi dəlil və faktlar inkarolunmaz şəkildə göstərir ki, 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başladılar. 1918-ci ilin mart ayında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “əksinqilabçı ünsürlər”lə mübarizə maskası altında gizlənmiş Bakı Kommunası daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı şəhərini azərbaycanlılardan təmizləmək planını həyata keçirməyə başladı. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi, yaşayış məntəqələri dağıdıldı, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edildi. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirdilər. 1918-ci ilin mart-aprel soyqırımları özünün amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biri kimi dəyərləndirilməlidir.”

Politoloq həmçinin Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə bütün Cənubi Qafqaz xalqalrını erməni faşizminin təhdidindən qurtardığını vurğulayaraq bunları deyib: “Azərbaycan xalqı xüsusilə 2003-2020-ci illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz gələcəyi naminə əzm və fədakarlıqla çalışaraq dövlətimizin gücünün, qüdrətinin daha da artmasına nail oldu. Nəhayət, 2020-ci ilin sentyabr-noyabr ayları ərzində aparılan və cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan 30 illik işğala son qoydu. 2023-cü ilin sentyabr ayında keçirilmiş və cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Bu tarixi Qələbəsi ilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz həm də uzun illər boyunca bütün Cənubi Qafqaz xalqlarını təhdid edən erməni faşizminin belini qırdı. Xalqımızın əldə etdiyi bu tarixi Zəfər bütün şəhidlərimizin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin, erməni işğalının bütün qurbanlarının qisasını düşməndən döyüş meydanında aldıq” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə