Mobil versiya
Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə regional və qeyri-regional ölkələrə mühüm mesajlar ötürdü
Tarix: 18-03-2025 | Saat: 15:33
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə regional və qeyri-regional ölkələrə mühüm mesajlar ötürdü

Azərbaycan indiyə kimi bir sıra önəmli dünya səviyyəli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və uğur qazanıb. Bu tədbirlərdən biri də dünyanın hər yerindən siyasətçiləri və ekspertləri bir araya gətirən aparıcı tədbirlərdən olan Qlobal Bakı Forumudur. Dövlət Başçısı İlham Əliyevin göstərişi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə sayca 12-ci dəfə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi” adlı forumda bütün bəşəriyyəti narahat edən aktual problemlər müzakirə edildi. Mədəniyyətlərarası və dinlərarası anlaşmanı fəal dəstəkləyən, davamlı inkişaf və sülh sahəsində təşəbbüslər irəli sürən Azərbaycanın ev sahibliyi etdiyi bu dəfəki Forumda müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, böyük təcrübəyə və biliyə malik olan sabiq dövlət və hökumət başçısı iştirak edir. Burada müxtəlif faydalı təkliflər və tövsiyələr səsləndirilir.

Qeyd edək ki, Forum olduqca önəmli və faydalı bir tədbirdir ki, burada çox ciddi və maraqlı fikir mübadiləsi aparılır və eyni zamanda yeni ideyalar əmələ gəlir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Forum çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibəsində beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu olduğunu söylədi. Qeyd etdi ki, XII Qlobal Bakı Forumunun iştirakçıları ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir.

Artıq açılış sessiyasından da bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur. Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq.

Dövlət başçısının toxunduğu önəmli məsələlərdən biri də dünya nizamının artıq olmaması barədə səsləndirdiyi fikirlər oldu: “Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var”.

Gələcək üçün vacib məsələlərdən birinin ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəkləri vurğulandı. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir.

Sovet hakimiyyəti dağıldıqdan sonra Cənubi Qafqaz düşmənçilik, qarşıdurma bölgəsinə çevrilib. Halbuki, bu dövlətlər artıq müstəqildir, heç kimdən asılı deyil, azaddır. Biri-biri ilə daha yaxın təmasda ola bilərlər. Bu qədər günahsız insan ölümünə, dağıntılara, fəlakətə gətirib çıxaran silah-sursata xərc çəkmək, onillərlə vaxt itirmək, düşmənçilik etməkdənsə
növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmaq, qonşuluq şəraitində yaşamağa çalışmaq lazımdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bəli, o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, belə bir təcrübəyə malikik və sadəcə, bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik”.

Bəzi ölkələr digər ölkəyə təcavüz etdikdə çox vaxt digər xarici ölkələrin yardımına arxalanır. Lakin bunu bilmək lazımdır ki, heç kimə arxalanmaq lazım deyil, hər kəs öz taleyini yaşayır.

Prezident İlham Əliyev müsahibəsində milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmadığımızı nəzərə çatdırdı: “Yanaşmamız ondan ibarətdir ki, qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir.

Onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək”.

Azərbaycan həmişə öz resurslarına güvənib, suverenliyini və ərazi bütövlüyünü özü bərpa edib və indi də Azərbaycan dövləti, Azərbaycan xalqı öz gələcəyini özü qurur. Bu da olduqca vacib bir nəticədir. Bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir.
Cənab İlham Əliyev müsahibəsində eyni zamanda vurğuladı ki, bu məsələdə o qədər də nikbin deyiləm. Realist olmağa üstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu, müharibənin sona çatması demək deyildi. Sadəcə, transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir.

Artıq İkinci Qarabağ müharibəsinin bitməsində beş il zaman ötür, Azərbaycan öz torpaqlarını cəmi 44 gün ərzində, ermənilərin 30 illik işğalından azad etməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də sülh müqavilə bağlamır. Azərbaycan öz torpaqlarında rahat şəkildə abadlıq, bərpa işləri aparır, məcburi köçkünlər öz doğma yerlərinə qayıdırlar, itkilər yoxdur, lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.

Dövlət başçısı televiziyaya verdiyi müsahibədə qeyd etdi ki, eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.

Müsahibəsində geosiyasi dəyişikliklərin Vaşinqtonda baş verən hadisələr olduğunu deyən Prezident İlham Əliyev Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı nələr baş verdiyini və bunun bir daha bütün dünyanın Ağ evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş edildiyini, eləcə də qlobal geosiyasi dəyişikliyin mənbəyi olduğunu və bu geosiyasi dəyişikliyin yenicə başlayaraq ilk aylarının yaşanıldığını qeyd etdi.

Son olaraq Azərbaycan Prezidenti vurğuladı: “Çıxışıma nəzər salsanız görərsiniz ki, baş verənlərlə bağlı çox nikbin əhval-ruhiyyədəyəm. Çıxışımda dediyim kimi, ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq.

Lakin qonşu zalda bəzi insanlar var ki, onlar nikbin olmaq əvəzinə daha çox məyusdurlar. Bu da təbiidir, çünki hər bir ölkənin öz maraqları var. Hər bir siyasətçinin öz baxışları var. Ümid edirəm ki, burada, bu Forumda ideyaların toqquşması baş verəcək və bu da forumu uğurlu edəcək”.

Şəhla Ağbulud
Yazıçı-jurnalist, ”Abşeron” qəzetinin baş redaktoru



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2025