Mobil versiya
Azərbaycan coğrafi mövqeyinə görə də dünyanın önəm verdiyi bir dövlətdir
Tarix: 17-03-2025 | Saat: 17:08
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan coğrafi mövqeyinə görə də dünyanın önəm verdiyi bir dövlətdir

Bakıda keçiriləm XII Qlobal Bakı Forumu yeni dünya reallıqlarının müzakirə olunduğu qlobal platformalardan biridir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə bir çox qlobal əhəmiyyətli məsələlərin müzakirəsi və həlli yollarına aid fikirlər müstəvisinin formalaşması bu forumun böyük əhəmiyyətindən xəbər verir. Enerji məsələlərinin, yaşıl enerjiyə keçidin, qlobal səhiyyənin vəziyyəti və bu kimi bir çox məsələlərin müzakirə olunduğu platformada dünyanin siyasi vəziyyəti də əsas mövzulardan biri oldu.

Forumun N.Gəncəvinin adı ilə bağlı olması eyni zamanda Azərbaycanın tarixi keçmişindəki zənginlikdən xəbər verir.

XII Qlobal Bakı Forumunda yaşıl enerji imkanlarının inkişafına da diqqət çəkilib. Bu məsələdə Azərbaycanın atdığı addımlar təqdirəlayiqdir. Məhz Azərbaycanın yaşıl enerji sahəsində atdığı addımlar və prezident İlham Əliyevin siyasi iradəsi rəsmi Bakının COP29 kimi qlobal bir platformaya ev sahibliyi etməsinə əsas səbəb oldu. Bununla bağlı XII Qlobal Bakı Forumunda çıxış edən prezident İlham Əliyev qarşıdakı illərdə bərpaolunan enerjinin faydalı qazıntılardan əldə edilən enerji hasilatına bərabər olacağı barədə də məlumat verib.

Prezident həmçinin, yaşıl enerji sahəsində qarşıda duran məsələlərdən danışarkən bildirib ki bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə kimi isə azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji istehsal olunacaq ki, bu da Azərbaycanın yalnız neft və qaz sahəsində ixracını deyil, yaşıl enerji ixracını da formalaşdıracaq. Azərbaycan Avropanın 12 ölkəsinə qaz ixrac edir və enerji sahəsindəki bu tərəfdaşlığın daha böyük müstəviyə daşına biləcəyi də istisna deyil. Avropanın Azərbaycanı etibarlı tərəfdaş adlandırması əbəs deyildir. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Görünən odur ki, yaxın gələcəkdə Azərbaycan Avropaya yaşıl enerji də ixrac edə bilər. Bu istiqamətdə Azərbaycan hökuməti bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətləri də qurur. Dünyada baş verən geosiyasi reallıqlar beynəlxalq yüklərin daşınmasında Azərbaycana üstünlük verilməsinə səbəb olub. Bu baxımdan Azərbaycan həmçinin coğrafi mövqeyinə görə də dünyanın önəm verdiyi bir dövlətdir. Məhz bu baxımdan da bu ərazidə-Cənubi Qafqazda sabitlik mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan məsuliyyətini öz üzərinə götürdüyü bütün layihələrdə hər zaman uğurlu nəticələrə nail olub. Qoşulmama Hərəkatına sədrlik etdiyi 4 il ərzində də özünün ədalətli lider missiyasını yerinə yetirmiş, 80-dən çox ölkəyə maliyyə və humanitar yardımlar etmişdir. Həmçinin COP29 kimi qlobal bir platformaya ev sahibliyi edərkən Azərbaycan bərpaolunan enerji layihələri üçün ayrılan 100 milyardlıq maliyyələşmə həcminin 300 milyard dollara qədər artırılmasına nail olmuşdur.

COP-29-un Bakıda keçirilməsinə qarşı bir çox mətbu orqanlarda dərc olunan sifarişli yazılar, qarayaxma kompaniyaları, heç bir nəticə vermədi. ABŞ Dövlət Departamentinin məşhur mətbu orqanlarında Azərbaycana qarşı gedən çirkin kampaniya nəticə vermədi. Bu platformaya Azərbaycan ev sahibliyi etdiyi üçün Fransa onu boykot etməyə çalışsa da və bu istiqamətdə digər dövlətləri təhrik etsə də, sonda əli boş qaldı.

Ermənistan burada da öz kinini nümayiş etdirərək COP29-u boykot edən yeganə ölkə oldu. Bu gün Azərbaycan Ermənistanın işğalından azad etdiyi ərazilərdə tikinti və bərpa işləri aparır. Lakin İ.Əliyevin dediyi kimi, 613 insanın, onlardan 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını yaddan çıxarmayacağıq. Məscidlərimizi donuz tövləsinə çevirmələrini unutmaq olmaz.

Azərbaycan 27 il kağız üzərində qalmış beynəlxalq ədaləti öz gücünə bərpa etdi. 27 il ərzində güclü ordunun yaranmasına nail olduq. Hazırda qlobal münaqişələrə nəzər salsaq, tək həll olunan münaqişə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı olan münaqişədir. Avropa ölkələrinin bir çoxu Ermənistanı “haqları pozulmuş” məzlum kimi təqdim etsələr də, onun II Qarabağ müharibəsi zamanı kənd və şəhərlərimizi bombalayaraq dinc sakinlərimizi qətlə yetirdiklərini unutmamalıdırlar. Lakin gələcəyə də baxmaq, sülh müqaviləsinə nail olmaq da lazımdır. Azərbaycan bu məsələdə də öz təşəbbüskar siyasətini rəhbər tutaraq sülh müqaviləsinin təşəbbüskarı və müəllifi kimi çıxış edib və bu müqavilənin böyük hissəsi də razılaşdırılıb. Lakin bununla bərabər Ermənistan yenidən silahlandırılır. XII Qlobal Bakı Forumunda bu məsələyə toxunan prezident İ.Əliyev Fransanın Ermənistanı silahlandırdığına diqqət çəkib. Bu addımın doğru olmadığını və bunun Cənubi Qafqazda yeni qarşıdurmaya səbəb ola biləcəyini vurğulayıb.

Həmçinin rəsmi Bakı Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını və bunun rəsmi sənədlərlə həyata keçirilməsi tələbini də bir daha səsləndirib. Çünki Ermənistanın verdiyi vədləri tutmadığını və siyasi aləmdə qeyri-ciddi fiqur kimi tanındığını bilirik.

Ölkə başçımız forumda həmçinin dünyada baş verən yeni geosiyasi reallıqlar barədə danışarkən Tramp Adminstrasiyasının erməni lobbisinin pulu ilə Azərbaycana qarşı əsassız iddialarla qarayaxma kompaniyası aparan siyasətçilərlə bağlı ölçü götürəcəyinə ümidli olduğunu vurğulayıb. Yeni siyasi cəbhələrin qurulduğu, dünyanın yenidən formalaşmaya getdiyi bir dövrdə 30 illik tarixə malik ABŞ Azərbaycan münasibətləri Antoni Blinkenin yanlış siyasi addımları üzündən uçurumun bir addımlığına gəlmişdi. Lakin Azərbaycan bu münasibətləri həmin uçurumdan xilas etməyi də başardı.

Bütün bunları nəzərə alaraq sonda demək olar ki, XII Qlobal Bakı Forumu yeni çağırışların və maraqların səsləndirildiyi, milli maraqların qorunması üçün gözləntilərin və atılacaq addımların dilə gətirildiyi və bunların həlli istiqamətində beynəlxalq aləm qarşısında təklif və istəklərin qeyd edildiyi qlobal əhəmiyyətli platfoma kimi yadda qalıb.

Səhər Orucova
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-03-2025