Mobil versiya
Novruz – milli dəyərlərimizi rəmzləndirən bayram
Tarix: 14-03-2025 | Saat: 13:11
Bölmə:Siyasət | çapa göndər

Novruz – milli dəyərlərimizi rəmzləndirən bayram

Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn milli bayramlarımızın ən gözəlidir. Folklor qaynaqlarına bağlı, milli komponentlərlə zəngin, buta anlayışını, günəş simvolikasını rəmzləndirən, milli dəyərlərimizin ən mühüm cəhətlərini özündə ehtiva edən bayramdır. Ümummilli lider Heydər Əliyev demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”

Həqiqətən də, Novruz bayramı ümumbəşəri dəyərləri, habelə sülhü və tolerantlığı tərənnüm edən bayramdır. Bu bayramda küsülülər barışır, qohumlar bir-birini ziyarət edir, bayram süfrələri açırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, abadlıq, təmizlik işləri görürlər. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Belə şənliklərin birində, 1996-cı ilin 21 martında, Gənclər Meydanında – Qoşa Qala qapısı önündə Ulu Öndər Heydər Əliyev demişdir: “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik”.

Bu inam özünü doğrultdu. 2020-ci ildə qələbəmizi qazandıq, bayrağımızı geri aldığımız torpaqlarda ən uca zirvələrdə dalğalandırdıq. Xalqın da, dövlətin də varlığı azadlıq və dirilik adlanan nemətdə görünən və dərk olunan dəyər ölçüsünə bağlıdır. Azərbaycan dörd ildir ki, öz tərcümeyi-halında bu ölçünün hər iki miqyasını ehtiva etməkdədir. Azadlığını qazanmış, ərazi bütövlüyünü bərpa etmiş ölkəmizdə bayramlar da artıq öz əzəli ruhuna, ehtişamına qayıdıb. Təbiət və tarixlə həmmüəllifliyin, irsi qırılmazlığın əsas əlamətlərindən biri də budur: gələcək nəslə abad olan, yaşayan, dirçələn, tərəqqi edən bir Vətən ərməğan etmək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu bacardı! Ölkə başçısı 2021-ci ilin 20 martında Novruz bayramı ilə bağlı xalqa təbriklərini Şuşadan, Cıdır düzündən ünvanladı: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”.

Bir il sonra, 20 mart 2022-ci ildə Prezident İlham Əliyev Suqovuşanda Novruz bayramı təbriki səsləndirdi və qeyd elədi ki, “İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Bu gün mən Novruz tonqalını burada - Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik”.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş yurd yerlərimizdən üçüncü təbrik nitqi isə 18 mart 2023-cü il tarixində Talışdan ucaldı: “Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq. İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bütün Azərbaycan xalqını bir daha salamlayıram. Bütün Azərbaycan xalqına yeni-yeni uğurlar, yeni qələbələr arzulayıram”!

Ötən il Prezident İlham Əliyev 18 mart 2024-cü il tarixində Xankəndində Novruz bayramı təbrikini səsləndirdi: “Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir. ... Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.

Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindirir. Ölkə başçısı tərəfindən ənənəvi olaraq imzalanan əfv sərəncamları Azərbaycan dövlətinin humanizm siyasətinin növbəti təzahürüdür. Həmçinin bu gün Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.

Azərbaycanın milli adət-ənənələrinin, mədəniyyətinin təbliği bu gün xüsusilə böyük əhəmiyyət daşıyır və daşımalıdır. Artıq tam şəkildə ərazilərini bərpa etmiş, güclənmiş, suverenlik qazanmış ölkəyik və daha da güclənmək üçün onun dövlətçilik tarixi və mədəniyyət konsepsiyası prinsipial şəkildə hazırlanmalıdır.

Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması yönündə əhəmiyyətli işlər görülmüş, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın bu bayramla bağlı təşəbbüs və əməkləri böyükdür. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” kampaniyası başlamışdır. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə - Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Bu proses “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində də davam etdirilmişdir.

Bəli, bu gün qloballaşmanın milli ruhumuza, kimliyimizə, adət-ənənələrimizə qarşı yönəlmiş təhdidlərinin qarşısını da ancaq Novruz bayramı kimi dəyərlərimizə sahib çıxmaqla ala bilərik.

Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025