Mobil versiya
Səttar Möhbalıyev: “Azərbaycan ilə Şimali Makedoniya arasında ikitərəfli münasibətlərin 30 illik tarixi var”
Tarix: 13-03-2025 | Saat: 09:52
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səttar Möhbalıyev: “Azərbaycan ilə Şimali Makedoniya arasında ikitərəfli münasibətlərin 30 illik tarixi var”

“Mart ayının 11-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində iki ölkənin dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Bu görüşlər əsnasında vacib məsələlər müzakirə olunub. Qeyd etmək lazımdır ki, bu, Prezident Davkovanın ölkəmizə artıq ikinci səfəridir. Ötən ilin noyabr ayında Şimali Makedoniya Prezidenti COP29-da iştirak etmək məqsədilə Azərbaycanda olmuşdur. Dövlət başçılarının keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında belə bir məqamı xüsusi olaraq vurğuladı ki, hazırda Azərbaycan-Şimali Makedoniya münasibətlərinin inkişafı üçün fəal iş aparılır. Ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır və bu əlaqələrin daha da inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən deputat daha sonra bildirib ki, dövlət başçısının iki ölkə arasında energetika sahəsindəki əməkdaşlığa xüsusi önəm verməsi bu münasibətlərin digər sahələrdə də əlaqələrin genişlənməsinə yol açacağını deməyə əsas verir: “Cənab Prezident İlham Əliyev Şimali Makedoniya Prezidentinin ölkəmizə səfəri ilə bağlı martın 11-də mətbuata bəyanatla etdiyi çıxışında məxsusi olaraq vurğuladı ki, ölkələrimiz arasında keçən ilin sonlarından başlamış energetika sahəsində əməkdaşlıq son ayların ən mühüm müsbət əlamətidir. Azərbaycan qazı keçən ilin sonlarında artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu il artıq müntəzəm olaraq Azərbaycan bu Cənub-Şərqi Avropa ölkəsinin də bazarını təbii qazla təmin edəcək. Gələcəkdə isə Azərbaycan lazım olan həcmdə qaz təchizatını artıra bilər. Çünki ölkəmiz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası ilə Şimali Makedoniya Respublikası arasında ikitərəfli münasibətlərin artıq 30 illik tarixi vardır. Belə ki, 25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə qurulmuşdur. Hazırda Şimali Makedoniyanın Azərbaycanda akkreditə olunmuş səfirliyi fəaliyyət göstərir. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına ciddi əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Beləliklə, Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın Azərbaycana martın 11-də baş tutmuş rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə keçidinə güclü zəmin yaradacaq” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-03-2025