Mobil versiya
Xocalı qurbanlarının qisası düşməndən savaş meydanında alındı
Tarix: 21-02-2025 | Saat: 12:26
Bölmə:Siyasət | çapa göndər

Xocalı qurbanlarının qisası düşməndən savaş meydanında alındı

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş və mahiyyət etibarı ilə insanlıq əleyhinə ağır cinayət olan Xocalı qətliamı Erməni faşizminin bütün bəşəriyyət üçün böyük təhlükə daşıyan vəhşi xislətinin xüsusi qəddarlığını və amansızlığını nümayiş etdirdi. Eyni zamanda da xalqımıza qarşı törədilmiş bu soyqırımı təkcə erməni şovinizminin deyil, həm də indiyədək bütün bu vəhşilikləri törədənlərə havadarlıq edən bəzi Qərb dövlətlərinin, qlobal güc mərkəzlərinin də maskalarının yırtılmasına səbəb oldu. Məhz bu qüvvələrin gərgin səyləri nəticəsində uzun müddət Xocalı qətliamının əsl mahiyyəti, baş vermiş faciənin həqiqi miqyası və erməni vəhşiliklərinin dəhşətli nəticələri dünya ictimaiyyətindən gizlədildi və yaxud da pərdələnmiş şəkildə təqdim olundu. Azərbaycan öz həqiqətlərini dünyaya çatdırmaq üçün eyni zamanda həm göz önündə olan düşmənlə, həm də bu düşmənin himayədarlarının pərdəarxası oyunlarının nəticəsi olan möhtəşəm yalanlarla uzun illər mübarizə aparmalı oldu.

Hər zaman olduğu kimi, bu faciədə də Azərbaycan xalqının təəssübünü çəkən, onun haqlarını qorumaq üçün barışmaz mübarizəyə qalxan Ulu Öndər Heydər Əliyev oldu. Ümummilli Lider öz tarixi çıxışlarının birində Xocalı qətliamının əsl mahiyyətini açaraq demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür”. İlk dəfə 1994-cü il fevralın 24-də Milli Məclis məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi və BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələbi irəli sürüldü. Həmin qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur.

Bu gün də Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri kimi diqqət mərkəzində saxlanılır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən bu siyasətin bariz nəticəsidir ki, hazırda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Pakistan, Sudan, Meksika, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Dünyada isə hər il getdikcə daha çox ölkədə Xocalı faciəsinin ildönümündə bu qətliamın qurbanlarının xatirəsi ehtiramla anılır.

Əlbəttə ki, Azərbaycan nə Xocalı qurbanlarının, nə də digər şəhidlərinin qanlarını yerdə qoya bilməzdi və qoymadı da. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə 30 il işğal altında qalan torpaqlarımızı azad etdi və bütün şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldı. Xocalı şəhəri isə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Cənab Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq bütün şəhidlərimizin ruhunu şad etdi.

Fərid Ramazanov,
YAP Zaqatala rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-02-2025