Mobil versiya
Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb -Fotolar
Tarix: 21-02-2025 | Saat: 10:58
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini Tariq Humaid Matar Mohd Altayerin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonağı APA-nın 15-ci plenar sessiyası çərçivəsində yenidən görməkdən məmnunluğunu bildirən Milli Məclisin sədri dəvəti qəbul edib APA-nın plenar sessiyasında iştirak etdikləri üçün qonaqlara təşəkkürünü bildirib.

Spiker diqqətə çatdırıb ki, ötən ildən etibarən Azərbaycan parlamenti APA-ya sədrlik edir və biz bu təşkilatı Asiya parlamentlərini birləşdirən, parlament diplomatiyası üçün mühüm platforma kimi daha da gücləndirməyə sadiqik. Sahibə Qafarova qeyd edib ki, belə parlament platformaları, eyni zamanda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Diqqətə çatdırılıb ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq münasibətləri yüksək səviyyədədir və strateji əhəmiyyət daşıyır. Xalqlarımız arasında mövcud olan tarixi, dini və mədəni əlaqələr ölkələrimiz arasında münasibətlərin daha da inkişafı üçün möhkəm bir təməl yaradır. Diplomatik əlaqələrimizin qurulduğu 1992-ci ilin sentyabr ayından bəri müxtəlif sahələrdə əlaqələrimiz yüksək səviyyəyə çatıb. İqtisadi əlaqələrimiz günü-gündən inkişaf edir. Siyasi dialoq çox aktivdir.

Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BƏƏ-yə səfərləri, həmçinin BƏƏ Prezidenti cənab Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb. Bunlar arasında “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” xüsusi əhəmiyyətə malikdir. Həmçinin, bir milyard dollarlıq maliyyə imkanına malik Birgə İnvestisiya Fondu təsis edilib. Qeyd olunub ki, 2024-cü ilin avqustunda Şuşada keçirilmiş Azərbaycan-BƏƏ İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyasının 9-cu iclası da mühüm önəm daşıyır.
Bildirilib ki, ölkələrimiz enerji sahəsində də yaxından əməkdaşlıq edirlər. BƏƏ-nin “Masdar” şirkəti tərəfindən 2023-cü ilin oktyabr ayında tikilmiş Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycanda xarici investisiya ilə inşa edilən ilk bərpa olunan enerji stansiyasıdır. Bununla yanaşı, üç günəş və bir külək elektrik stansiyasının təməlləri qoyulmuşdur.
Spiker Sahibə Qafarova qeyd edib ki, parlamentlərimiz də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Dost BƏƏ-nin Federal Milli Şurası ilə parlamentlərarası əlaqələrin inkişafına böyük önəm veririk. Bizim parlamentlərarası təşkilatlar çərçivəsində – PAİ, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı, APA və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində. də müsbət əməkdaşlığımız mövcuddur.
Milli Məclisin sədri BƏƏ parlamentinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində fəal iştirakını yüksək qiymətləndirib. Spiker Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Parlament Şəbəkəsinin institusional inkişafı üçün Azərbaycanın verdiyi töhfələri diqqətə çatdırıb. Söhbət zamanı cari ilin aprel ayında Özbəkistanda Parlamentlərarası İttifaqın 150-ci Baş Assambleyasının keçirilməsi, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində görüləcək işlər barədə də fikir mübadiləsi aparılıb.
Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini Tariq Humaid Matar Mohd Altayer Azərbaycanda olmaqdan və APA-nın 15-ci plenar sessiyasında iştirak etməkdən məmnunluğunu bildirib. O, qeyd edib ki, Azərbaycanın APA-ya sədrliyi dövründə çox işlər görülüb və bu işlər təşkilatın əhatə etdiyi bölgə üçün çox vacibdir. Qonaq bu təşkilatı orada təmsil olunan ölkələrin parlamentləri ilə iş aparmaq, onları düşündürən məsələləri müzakirə etmək üçün əlverişli platforma adlandırıb. Bildirilib ki, dövlət başçılarımız arasındakı yaxşı münasibətlər parlamentlərimizə də öz müsbət təsirini göstərir. Deputatlarımızın qarşılıqlı səfərləri də parlamentlərarası əlaqələrimizin dərinləşməsində böyük rol oynaya bilər.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da müzakirələr aparılıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-02-2025