Mobil versiya
"Azərbaycan milli maraqlarını müdafiə etmək bacarığına malikdir" - Hicran Hüseynova
Tarix: 14-02-2025 | Saat: 14:26
Bölmə:Siyasət | çapa göndər

"Azərbaycan milli maraqlarını müdafiə etmək bacarığına malikdir"

Azərbaycan Prezidentinin dünya siyasəti və iqtisadiyyatının aktual problemlərinə münasibəti beyəlxalq ictimaiyyətin maraq dairəsindədir.
Bu yaxınlarda Dünya İqtisadi Forumunun keçirildiyi Davosda dövlətimizin başçısının müxtəlif ölkələrin prezidentləri və baş nazirləri ilə bir sıra çox mühüm və məhsuldar görüşləri oldu. Həmçinin, Azərbaycan prezidenti Çinin CGTN telekanalına müsahibə verdi. Cənab İlham Əliyev müsahibə zamanı səsləndirdiyi fikirlər, dünya siyasəti və iqtisadiyyatının aktual problemlərinə dair verdiyi təhlil və bəyanatlar beynəlxalq ictimaiyyətin maraq dairəsindədir.

Azərbaycan öz dövlətinin milli maraqlarını müdafiə etmək, o cümlədən, qlobal infrastruktur layihələrinin həyata keçirilmək bacarığına malikdir və bu bir nümunədir, Azərbaycan modelidir. Bu nümunənin əsasını nə təşkil edir? Sualın cavabı ölkə başçısının fikirləri arasındadır: “Azərbaycan güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurdu. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi cəmi 6,9 faizdir. Buna əsaslanaraq regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz”.

Doğrudan da, ölkəmiz bir çox enerji və nəqliyyat layihələrinin təşəbbüskarı olmaqla yanaşı, həm də həyata keçirmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsini və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini xatırlatmaq kifayətdir. Ümumiyyətlə, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, bizim nəqliyyat infrastrukturumuz olmadan təsəvvür etmək mümkün deyil. Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bütün bunlar, əlbəttə ki, Azərbaycanı təkcə Cənubi Qafqazda deyil, həm də bütün dünyada əvəzolunmaz və ən mühüm dövlətə çevirir. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir”.

Son 5 ilə yaxın baş verən prosesləri təhlil etsək, görərik ki, bir çox dövlətlər müstəqil siyasət apara bilmir. Onlar bu və ya digər regional və ya dünya dövlətlərinin paytaxtlarından göndərilən direktivlərdən asılı olan siyasət yürüdür. Azərbaycan isə dünyanın aparıcı dövlətlərinin plan və təzyiqlərinə baxmayarq, öz milli maraqlarını müdafiə etmək bacarığını dəfələrlə sübut edib. Bunun ən parlaq nümunəsi 44 günlük müharibə və bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasıdır.

Ümumiyyətlə, bəzi dövlətlər, beynəlxalq təşkilatlar dünyanı idarə olunan xaosa çevirmək, öz maraqlarını təmin etmək üçün digər dövlətlərin daxili işlərinə qarışırlar. O zaman sual yaranır: Başqa ölkələrdə demokratiya axtaran, insan hüquq və azadlıqlarının qorunmasından, ayrı-seçkiliyin aradan qaldırılmasından danışan bu dövlətlərin özündə vəziyyət necədir? Əlbəttə ki, yaxşı deyil. Və bunu bütün istiqamətlərdə sübut etmək olar. Prezident İlham Əliyevin dediyi kimi: “imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir. Əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz”. Fikrimizcə, ölkə başçısının səsləndirdiyi bu fikir dövlətlərə qarşı ikili standartlarla yanaşan, ədalətsiz münasibət göstərən güc mərkəzlərinə, böyük dövlətlərə və onların rəhbərlərinə mühüm mesajdır. “Biz özümüzü daxili işlərimizə qarışmaqdan qoruya bilmişik”, - deyən dövlətimizin başçısı vurğuladı ki, “Lakin heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı layiq olduğu yerə gətirib çıxardı”.

Qlobal iqtisadiyyatda baş verən silsilə böhranların və geosiyasi qeyri-sabitliyin təsirinə baxmayaraq, Azərbaycan son illər xarici mənfiliklərin təsirini minimuma endirərək, ölkənin inkişafının davamlılığını qoruyub saxlaya bilib. Xüsusilə, qeyri-neft sektorunun dinamikasının nəzərəçarpacaq dərəcədə üst-üstə düşməsi, valyuta ehtiyatlarının artması və xarici borcun azalması ilə mövcud şəraitdə məqbul ÜDM artımını təmin etmək mümkün olmuşdur. Ölkədə nəqliyyat sisteminin müasirləşdirilməsi istiqamətində genişmiqyaslı təşəbbüslər davam etdirilmiş, Orta Dəhliz infrastrukturu inkişaf etdirilmiş, “yaşıl” enerji sahəsində layihələr həyata keçirilmiş, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin dirçəlişinə milyardlarla manat sərmayə qoyulmuşdur. Yalnız iqtisadi cəhətdən güclü dövlət müasir və döyüşə hazır orduya malik ola bilər. Üstəlik, bu, öz vətəndaşlarına sabit indiki və perspektivli gələcəyi təmin etməyə qadir olan iqtisadi cəhətdən güclü dövlətdir. Və bununla bağlı qeyd etmək istərdim ki, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin ümumi daxili məhsulunun (ÜDM) 95%-dən çoxu həcmində qiymətləndirilir. Bu, danılmaz iqtisadi uğurun əlamətidir. Onu da əlavə edim ki, son 20 ildə Azərbaycan iqtisadiyyatı təqribən 3,8 dəfə, Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalar isə 4,4 dəfə artıb. Azərbaycan xarici yardımdan asılı olan ölkədən Beynəlxalq İnkişaf Assosiasiyasının donoruna çevrilmiş böyük transformasiyadan keçmişdir. Azərbaycan orta gəlirli ölkələr kateqoriyasından yüksək gəlirli ölkələr kateqoriyasına keçməyə hazırdır. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin təkcə dövlətlərin sərhədlərinin deyil, həm də onilliklər ərzində qüvvədə olan oyun qaydalarının dəyişdiyi dünya siyasi arenasında artıq baş vermiş və hələ də baş verəcək həqiqətən tektonik dəyişikliklərə baxmayaraq, öz uğurlarını sübut edən öz ölkəsinin milli maraqlarını müdafiə etmək bacarığına əsaslanan müdrikvə uzaqgörən siyasətinin bəhrəsidir.

Hicran Hüseynova,
Milli Məclisin Komitə sədri, professor




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-02-2025