Mobil versiya
“Bəzi valideynlər övladlarının şəxsi inkişafına təsir edə biləcək müəyyən səhvlərə yol verirlər” - Hicran Hüseynova
Tarix: 07-02-2025 | Saat: 18:46
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Bəzi valideynlər övladlarının şəxsi inkişafına təsir edə biləcək müəyyən səhvlərə yol verirlər”

“Heydər Əliyevin bizə miras qoyduğu dəyərlər əsasında, Azərbaycan ailəsinin gücləndirilməsi, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması və cəmiyyətin sağlam inkişafı naminə bu gün də uğurlu işlər həyata keçirilir”.

Bunu mətbuata açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılmasına xüsusi diqqət yetirib, ailə institutunun möhkəmləndirilməsi və bu sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətlər həyata keçirib: “Heydər Əliyevin bizə miras qoyduğu dəyərlər əsasında, Azərbaycan ailəsinin gücləndirilməsi, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması və cəmiyyətin sağlam inkişafı naminə bu gün də uğurlu işlər həyata keçirilir. “Ailə bizim cəmiyyətimizin əsas sütunudur” – Möhtərəm Prezident cənab İlham Əliyevin bu fikirləri Azərbaycan ailə institutunun nə qədər önəmli olduğunu bir daha vurğulayır. Ailə yalnız bioloji bağlarla deyil, mənəvi dəyərlərlə, sevgi, qayğı və qarşılıqlı anlayışla formalaşan bir sistemdir. Xüsusilə uşaqların və gənclərin düzgün yetişməsində valideynlərin rolu əvəzolunmazdır”.

Komitə sədri söyləyib ki, Prezident İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasında ailə dəyərlərinin qorunması və tərbiyənin əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlər dövlətimizin ailə siyasətinin prioritet istiqamətlərini bir daha təsdiqləyir: “Ailə cəmiyyətin təməl daşı, milli kimliyimizin və mənəvi dəyərlərimizin daşıyıcısıdır. Uşaqların sağlam ruhda böyüməsi, milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişməsi üçün ailədə və məktəbdə aldıqları tərbiyə həlledici rol oynayır. Bununla yanaşı, cəmiyyətin ümumi mənəvi mühiti də bu prosesə birbaşa təsir göstərir. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu məsələ daim diqqət mərkəzində saxlanmalı və müvafiq qurumlar üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər”.

H.Hüseynova qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ailə siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri ilə uğurla davam etdirilir: “Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial proqramlar ailələrin inkişafına, qadınların cəmiyyətdə fəallığının artırılmasına və uşaqların sağlam mühitdə böyüməsinə mühüm töhfə verir. "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Talassemiyasız həyat", "Diabetli uşaqlara qayğı", eləcə də mədəniyyət və təhsil sahələrində icra edilən layihələr Azərbaycan ailəsinin gücləndirilməsinə yönəlmiş dövlət siyasətinin tərkib hissəsidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr ailə dəyərlərinin qorunması, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrə dəstək istiqamətində yeni imkanlar açır. Onun humanist fəaliyyəti Azərbaycan ailəsinin rifahının yüksəldilməsinə və cəmiyyətimizin sosial inkişafına xidmət edir”.

Komitə sədri vurğulayıb ki, bugünkü cəmiyyətdə bəzi valideynlərin övladlarının gələcəyini təmin etmək istəyərkən onların şəxsi inkişafına təsir edə biləcək müəyyən səhvlərə yol verdikləri müşahidə edilir: “Əlbəttə, hər bir valideyn övladının yaxşı təhsil almasını, gələcəkdə nüfuzlu bir peşə sahibi olmasını arzulayır. Lakin bu istək bəzən həddən artıq təzyiqlə müşayiət olunduqda, uşaqların psixoloji sağlamlığına, onların özünəinamına mənfi təsir göstərə bilər. Xüsusən də imtahan dövrlərində biz müşahidə edirik ki, bəzi valideynlər övladlarına çox böyük təzyiq göstərir, onların yalnız yüksək nəticə göstərməsini tələb edirlər. Bu cür yanaşma uşaqlarda stressi artırır, onları narahat və hətta motivasiyasız edir. Halbuki biz anlamalıyıq ki, hər bir uşağın fərqli potensialı, bacarıqları və maraq dairəsi var. Təhsildə müvəffəqiyyət yalnız yüksək qiymətlərlə ölçülməməlidir. Əsas məqsəd onların sağlam düşüncəyə malik, özünü reallaşdıra bilən, güclü şəxsiyyət kimi yetişməsidir. Valideynlər övladlarını dəstəkləməli, onlara müsbət motivasiya verməli, bacarıqlarını dəyərləndirməli və ən əsası, onların fərdi inkişafına hörmət etməlidirlər”.

H.Hüseynova söyləyib ki, bunun üçün valideynlər aşağıdakı prinsiplərə əməl edə bilərlər:

Dəstək olmaq, amma təzyiq etməmək – Uşaqlara təhsil prosesində kömək etmək, amma onlara məcburi tələblər qoymamaq vacibdir. Onların öz seçimlərini etməsinə imkan yaradılmalıdır.

Özünəinam aşılanmalıdır – Uşaqların öz qabiliyyətlərinə inanması üçün onları ruhlandırmaq, kiçik uğurlarını belə dəyərləndirmək lazımdır.

Balanslı həyat tərzi yaratmaq – Yalnız dərslərə fokuslanmaq düzgün deyil. İdman, incəsənət, sosial fəaliyyətlər kimi sahələr də uşaqların inkişafına müsbət təsir göstərir.

Qorxu ilə deyil, sevgi ilə tərbiyə etmək – Uşaqlar uğursuzluqdan qorxmamalıdırlar. Əksinə, hər bir səhvin bir təcrübə olduğunu bilməli, həyatın hər mərhələsində öyrənməyə davam etməlidirlər.

Açıq ünsiyyət qurmaq – Valideynlər övladları ilə dostcasına ünsiyyət qurmalıdırlar ki, onlar öz hisslərini və düşüncələrini rahatlıqla paylaşa bilsinlər.

Komitə sədri uşaqların sağlam inkişafı üçün dövlət və cəmiyyət olaraq daha çox təşviq və dəstək verilməsini vacib hesab edir: “Hazırda qəbul edilmiş bir çox qanunvericilik aktları, o cümlədən "Ailə Məcəlləsi", "Uşaq Hüquqları Haqqında Konvensiya" və "Təhsil Haqqında" qanunlar valideynlərin rolunu müəyyən edir və onların övladlarının həm akademik, həm də mənəvi inkişafını təmin etməyə yönəlmiş addımlar atılmasını tələb edir. Bu mövzuda daha çox maarifləndirmə işləri aparılmalı, valideynlərə uşaqların inkişafı ilə bağlı təlimlər və seminarlar təşkil edilməlidir. Dövlətin və təhsil müəssisələrinin birgə səyləri ilə gələcəyin sağlam, müdrik və cəmiyyətə faydalı vətəndaşlarını yetişdirmək mümkündür. Azərbaycan Respublikasının gələcəyi, sağlam və güclü şəxsiyyətlərin formalaşmasında əhəmiyyətli rol oynayan uşaqlara göstərilən diqqət və qayğının keyfiyyətinə bağlıdır. Həm dövlət, həm də valideynlər birgə çalışaraq, övladlarımızın yalnız təhsil baxımından deyil, həm də mənəvi və sosial tərəfdən inkişafını təmin etməlidirlər. Mən bu istiqamətdə qanunvericilik bazasının gücləndirilməsini və valideynlərə müvafiq dəstəyin göstərilməsini vacib sayıram. Cəmiyyət olaraq biz də bu prosesə dəstək verməliyik. Təhsil müəssisələri, psixoloqlar, müəllimlər və ictimai təşkilatlar birlikdə çalışaraq uşaqların həm akademik, həm də psixoloji inkişafını təmin edən mühit yaratmalıdırlar. Yalnız bu halda biz sağlam, güclü, özünəinamlı və vətəninə layiqli övladlar yetişdirə bilərik”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri bildirib ki, ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, uşaqların hərtərəfli inkişafı və qadınların cəmiyyətdə rolunun artırılması üçün həyata keçirilən dövlət siyasəti bundan sonra da ardıcıl davam etdiriləcəkdir: “Biz, ailə dəyərlərinin qorunması, uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi, gender bərabərliyinin təmin olunması və sosial rifahın yüksəldilməsi istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi üçün müvafiq təşəbbüslərlə çıxış etməyə davam edəcəyik. Ailələrimizin rifahı, uşaqlarımızın düzgün tərbiyəsi və təhsili bizim gələcəyimizin təminatıdır. Unutmayaq ki, uğurlu və xoşbəxt bir gələcək üçün ən əsas dəyər insanın mənəvi sağlamlığıdır”.

İsmayıl Bakuvi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025