Mobil versiya
Azərbaycana inkişaf və Zəfər bəxş edən siyasi kurs
Tarix: 07-02-2025 | Saat: 11:18
Bölmə:Siyasət | çapa göndər

Azərbaycana inkişaf və Zəfər bəxş edən siyasi kurs

Xalqın əbədi etimadını qazanmış Müzəffər Ali Baş Komandanın növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bu gün birinci ili tamam olur. 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində xalqımız müdrik seçimini edərək Azərbaycana yüksəliş və Zəfər bəxş edən siyasi kursun, Ulu Öndər Heydər Əliyev ideyalarının davamına səs verdi.

Növbədənkənar prezident seçkilərinin nəticəsi Azərbaycanın buna qədərki inkişaf tarixinə, Vətən müharibəsində qazanılmış parlaq qələbəyə, antiterror tədbirlərinin nəticəsinə bütün ərazilərimiz üzərində milli suverenliyimizin tam təmin edilməsinə söykəndi. Bu baxımdan seçkinin nəticəsi Azərbaycan xalqının cənab İlham Əliyevə olan yüksək etimadının növbəti təcəssümü olmaqla yanaşı, həm də torpaqlarımızın işğaldan azad edilməsinə görə Müzəffər Ali Baş Komandana olan ümumxalq minnətdarlığının ifadəsinə çevrildi. Bunu prezident seçkiləri kampaniyası zamanı Balakən rayonunda da yaxından müşahidə etdim. Keçirdiyimiz görüşlərdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar, veteranlar, qazilər Azərbaycanın inkişafını, ölkəmizin siyasi-ictimai sabitliyini və torpaqlarımızın işğaldan azad olunmasını xüsusi vurğulayaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa dəstəklərini ifadə etdilər, Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər olduqlarını bildirdilər.

Düzdür, bir il istənilən siyasi lider üçün qarşıya qoyulan məqsədlərə çatmaq baxımından yetərli sayıla bilməz, çünki bu kiçik zaman kəsiyidir. Amma bu kiçik dövrdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti miqyasına görə tariximizə səs salan olduqca əzəmətli uğurlara nail olub. Bu bir ildə cənab İlham Əliyevin liderliyi ilə Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra tariximizin yeni möhtəşəm səhifələri yazılıb. Onların bəzilərinə nəzər yetirək.

Bu dövrün ən böyük hadisələrindən biri Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etməsidir. Məlum olduğu kimi, sülhməramlılar 10 noyabr üçtərəfli Bəyanatına əsasən, Qarabağ iqtisadi zonasında yerləşmişdilər və onların missiyası 5 il müddətinə nəzərdə tutulmuşdu.

Lakin 2023-cü ilin sentyabr ayında Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Qarabağ iqtisadi rayonu ərazisində Azərbaycanın milli suverenliyi tam təmin olunduqdan sonra yeni reallıqlar yarandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müəllifi olduğu bu reallıqların nəticəsi olaraq Rusiya sülhməramlılarının missiyası başa çatmış sayıldı. Beləliklə, Prezident İlham Əliyevin nüfuzlu və qətiyyətli siyasi lider olması, ölkəmizin milli mənafelərini hər zaman tam təmin etməsi, Azərbaycanın isə müstəqil siyasət yürütməsi Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsinin fonunda bir daha öz təsdiqini tapdı. Eyni zamanda bu həqiqətlər rus sülhməramlılarının Azərbaycandan çıxmayacağını iddia edən bütün antimilli qüvvələrin, ölkəmizin uğurlarına kölgə salmaq istəyənlərin əsassız arqumentlərini alt-üst etdi.

Prezident İlham Əliyevin ötən birillik fəaliyyətinin digər tarixi uğurları Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin başlanması və Qazax rayonunun işğal altındakı Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasıdır. Bu siyasi-diplomatik uğur Vətən müharibəsinin başa çatmasından və ərazilərimizdə erməni separatizminə son qoyulmasından sonra Azərbaycanın növbəti qələbəsinə və cənab İlham Əliyevin yeni müddətə prezidentlik səlahiyyətinin əsas hadisələrindən birinə çevrildi. Bununla həm də Azərbaycanın guya Ermənistana hücum edəcəyi ilə bağlı Qərb siyasi dairələrinin neçə müddət idi ki, ölkəmizə qarşı apardığı qarayaxma kampaniyası darmadağın edildi.

Bu dövrdə Azərbaycana şərəf gətirən, respublikamızı dünyaya daha yaxından tanıdan digər siyasi hadisələr da baş verib. Buna ən parlaq misallardan biri Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsidir. COP29 indiyədək bu qəbildən keçirilmiş tədbirlər arasında əldə edilən razılaşmalar baxımından ən yaddaqalanı olmaqla yanaşı, həm də Azərbaycanın uğurlarının və yüksəlişinin təqdimatı oldu. COP29 respublikamızı dünyaya daha yaxından tanıtdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, cəmi on bir ay ərzində biz hazırlaşaraq bu böyük tədbiri uğurla keçirdik və qeydiyyatdan keçmiş 76 min iştirakçı öz gözləri ilə Azərbaycanın potensialını bir daha gördü.

Prezident İlham Əliyevin geridə qalan birillik fəaliyyətinin başqa bir mühüm siyasi hadisəsi Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı ölkəmizin bu təşkilatın üzvü seçilməsidir. Bu təşkilata üzvlük Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin növbəti nailiyyəti oldu.

Dövlətimizin qarşısında dayanan başlıca milli prioritetlərdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Olduqca qürurvericidir ki, cənab İlham Əliyevin yeni müddət üçün prezidentlik fəaliyyətinin geridə qalan ilk ilində Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində xeyli iş görülüb. Təkcə 2024-cü il ərzində Şuşa, Xocalı və Cəbrayıl şəhərlərinə, o cümlədən Xocalı rayonunun Ballıca kəndinə qayıdış təmin olunub və bu da ondan xəbər verir ki, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük qayıdış prosesi sürətlidir.

Göründüyü kimi, möhtərəm İlham Əliyevin yeni prezidentlik müddətinin ilk ili mühüm uğurlarla zəngindir. Bu bir il həm də iqtisadi və sosial sferalarda müsbət nəticələrin əldə olunması ilə əlamətdardır.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanın tarixində tamamilə yeni və parlaq dövr başlayıb. Bu dövrə qalib olaraq qədəm qoyan xalqımız möhtərəm Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcək. Qarşıdakı hər bir il cənab Prezident İlham Əliyevin uğur hesabatı ilə əlamətdar olacaq.

Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025