Mobil versiya
Səbinə Salmanova: Gənclər hər bir dövlətin aparıcı qüvvəsidir
Tarix: 01-02-2025 | Saat: 12:55
Bölmə:Siyasət | çapa göndər

Səbinə Salmanova: Gənclər hər bir dövlətin aparıcı qüvvəsidir

Gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin vətənpərvər, müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir.

Bu sözləri mətbuata Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Deputat xatırladıb ki, müstəqilliyimizin ilk illərindən digər sahələrin inkişafı ilə yanaşı, gənclər məsələsi Heydər Əliyev siyasətinin prioritetini təşkil edib:

“1994-cü ildə ayrıca olaraq Gənclər və İdman Nazirliyinin yaradılması göstərirdi ki, Ümummilli Liderimiz ölkənin gələcəyini birbaşa gənclərin hərtərəfli inkişafında görür. Ulu Öndərin gənclərə yüksək qayğı göstərməsini bir daha sübut edən məqamlardan biri də 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürməsidir. 2 fevral 1996-cı il isə Azərbaycan gəncliyinin həyatında yeni mərhələ oldu. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. 1 fevral 1997-ci il tarixdə ilk forumun ildönümü münasibəti ilə gənclərlə görüşən Ümummilli Lider Heydər Əliyev “2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Məhz həmin tarixdən etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi böyük təntənə ilə qeyd olunur”.

S.Salmanova qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı ilə yeni inkişaf mərhələsini yaşayır:

“Bu gün Azərbaycanın bütün bölgələrində gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər evləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, bugünkü gəncliyimiz cəmiyyət həyatının bütün istiqamətlərində fəal iştirak edir, yüksək intellektli toplum kimi yetişir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edir”.

Parlamentari onu da söyləyib ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycanda vətənpərvər, sağlam düşüncəli və gələcəyimizi etibar edə biləcəyimiz gənc nəsil yetişib:

“Ölkəmizdə həyata keçirilən gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərimiz yerinə yetirdilər. Vətən müharibəsi zamanı Azərbaycan gəncləri hərbi komissarlıqlara gedərək könüllü şəkildə Vətənimizin müdafiəsinə qalxdılar. Bununla da ölkəmizin işğal altında olan torpaqlarının hamısının düşməndən azad edilməsində yaxından iştirak etdilər. Bu gün biz şəhid və qazilərimizin sırasına, azad olunan ərazilərimizlə bağlı medallarla təltif edilənlərin siyahısına baxan da görürük ki, onların əksəriyyəti Azərbaycan gəncliyidir. Mən əminəm ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də ölkəmizin daha da güclənməsi, inkişafı üçün əlindən gələni edəcək və Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025