Mobil versiya
Mən səni sevdim, Ay işığında...
Tarix: 24-03-2020 | Saat: 19:45
Bölmə:Yazar1 | çapa göndər

Mən səni sevdim, Ay işığında...

Şəcahan Gün

( Şəhid Müşfiq Orucovun timsalında, 2016 - cı ildə, Aprel döyüşləri zamanı Şəhid olmuş , Azərbaycan oğullarının əbədi xatirələrinə ithaf olunur.)
Ayan məktəbi təzəcə qurtarmışdı. O, özünü dərk edəndən bəri, demək olar ki, ömrü kitabların arasında keçmişdi. Nəticə də uğurlu idi. Ayan artıq tanınmış bir akademiyanın tələbəsi idi. Bütün ailə sevinirdi.Valideynləri ona məsləhət gördülər ki, bu yay gedib isrirahət məkanlarindan birində yaxşıca dincəlsin.
Ayan Bilgəhi seçdi. Çünki dənizi sevirdi. Saatlarla qayaların üstündə oturub dənizə tamaşa etməkdən doymazdı. Xüsusilə də meh əsəndə , dəniz o qədər gözəl görünürdü ki, elə bil masmavı suların üzərinə ağ mirvarilər səpiblər.
Havalar isti olduğundan, həm də universitetlərdə qəbul imtahanları qurtardığından, gənclər buraya axışmışdılar. Gündüzlər səs – küy olduğundan, Ayan gecələr gəzintiyə daha çox üstünlük verirdi. Akademiyada dərslərin başlanmasına qədər yaxşıca əylənmək istəyirdi.
Aylı gecələrdə gəzinti lap uşaqlıqdan Ayanın xoşuna gəlirdi. Həmişə atasına deyərdi ki, ata, axşamlar məni Xəzərin sahilinə apar. Atası da Ayanı çox sevdiyindən sözünü yerə salmazdı.
Ayan balaca olanda ona belə gəlirdi ki, Ay səmada gəzir. Bəzən də, sanki Ay onunla oynayırdı, o gedəndə gedir, o dayananda dayanırdı.
Yenə aylı bir gecə, Xəzərin sahili və Ayan.
İnsanların çoxu otaqlarına çəkilib istirahət edir. Ayan isə şam ağacının altında oturub, Ayın dənizi necə işıqlandırmasına tamaşa edir. Sular Ay işığında par – par parıldayırdı. Sanki Ay Xəzərin üstündən Ayana bir körpü atmışdı, onu özünə doğru çağırırdı.
-Salam, yanınızda oturmaq olar?
Ayan diksindi. Onu xəyallarından hündürboylu, yaraşıqlı, gənc bir oğlan ayırdı.
- Əlbəttə, buyurun!
-Gəlin tanış olaq. Mənim adım Müşfiqdir.
-Çox gözəl. Mən də Ayan.
Onlar yanaşı oturub sakitcə dənizi seyr edirdilər.
-Deyəsən, Siz də aylı gecələri sevirsiz?
-Çoox, belə gecələrdə dənizə baxmaqdan doymuram. Elə bilirəm ki, dəniz axıb harasa uzaqlara gedir, məni də özü ilə aparır.
- Yəqin ona görə gözləriniz də dəniz rəngindədir- Müşfiq güldü.
Məlum oldu ki, Müşfiq Ayanın oxuduğu akademiyanın bu ilki məzunudur. Burada da çox qalmayacaq. Bir neçə gündən sonra həqiqi hərbi xidmətə çağrılacaq.
Müşfiq danışırdı ki, 700 balla akademiyaya daxil olub. Riyaziyyatı gözəl bilir.Hələ tələbə ikən müxtəlif kurslara gedib, riyaziyyatın bütün sirlərini öyrənməyə çalışıb. Arzuları çox böyükdür...
-Mən də riyaziyyatı çox sevirəm. Saatlarla məşğul olsam, yorulmaram- Ayan dedi.
-Nə kömək lazım olsa, etməyə hazıram. İndi isə düşək, dənizin sahilində gəzək.
Dəniz qayalığın aşağısında yerləşirdiyindən pilləkənlə enməli oldular. Gecənin sakitliyini suların qayalara çırpılan səsi pozurdu. Ayan düşünürdü ki, yəqin dəniz qayalara aşiqdir. Ona görə həsrətinin gücündən özünü qayalara belə çırpır. Beləcə həsrətli bir sevgi var, dəniz ilə qayaların arasında.
Ayan ayaqqabılarını çıxarıb əlinə aldı. Dənizin ləpələri astaca ayaqlarına toxunub, geri qayıdırdı. Ləpirləri islanmış qumun üzərində yanaşı iz salırdı. Sakit, lal xeyli gəzdilər, yanaşı dürüb dənizə tamaşa etdilər. Gecənin qaranlığında dəniz vahiməli gəldi Ayana.
-Artıq gecdir, gedək – Ayan dedi. Onlar otelə qalxdılar.
Axşamlar burada gənclər üçün diskoteka yarışmaları da keçirilirdi. Müşfiq Ayana dedi ki, bəlkə bəxtimizi sınayaq?
Gənclərə qoşulub rəqs etməyə başladılar. Ayan elə gözəl rəqs edirdi ki, hamı əl çalmağa başladı. Müşfiq də ondan geri qalmamağa çalışırdı. Rəqs bitəndə artıq insanların onlara necə təbəssümlə baxdıqları açıq - aydın görünürdü. Onlar bu günkü günün qalibi seçildilər.
-Bir – birinizə çox yaraşırsınız – kimsə söz atdı. Allah xoşbəxt eləsin! Ayan qızardığını hiss etdi.
Qayalığın lap hündür yerində gözəl bir istirahət məkanı da vardı. Hava küləkli olanda Müşfiqlə Ayan gəlib buradan dənizə tamaşa edirdilər. Dalğalar şahə qalxırdı, dənizin suları qaralırdı. Amma bunun özündə də bir gözəllik vardı.
Müşfiqlə Ayan bir-birinə elə bağlanmışdılar ki, sanki birlikdə böyümüşdülər.
Günləri biri , birindən maraqlı və şən keçirdi.
Bir gün Müşfiq onun otağına gəlib rəsmləri ilə tanış oldu.
Ayan ona demişdi ki, lap uşaqlıqdan rəssamlıqla da məşğul olur. Hara getsə rəngləri və fırçasını da özü ilə aparır. İndi də gündüzlərı rəsmlər çəkməklə məşğuldur.
-Gün gələr, mənim də portretimi çəkərsən- zarafatla dedi Müşfiq.
Ayanın içindən bir qorxu keçdi. Elə bil ürəyinin telləri qırıldı. Ona belə gəldi ki, bir daha Müşfiqi görməyəcək. Tez bu fikirləri özündən uzaqlaşdırdı:
-Əlbəttə, inşallah, sağ – salamat əsgəri xidmətini başa vur, gəl, mütləq portretini işləyərəm.
Müşfiq Ayanla xüdahafizləşdi:
- Arıq Vətən qarşısında borcumu yerinə yetirməyin vaxtı gəlib çatıb. Müşfiq dedi ki, onu unutmayacaq, harada xidmət etdiyini mütləq yazacaq.
Elə bil hər tərəf soyumuşdu. Ətrafda hər şey ona maraqsız gəlirdi. Ayan daha buralarda qala bilməyib, yır – yığış edib evlərinə qayıtdı.
Otağına çəkildi. Ürəyində tutmuşdu ki, Müşfiqin arzusunu yerinə yetirəcək, portretini öz əlləri ilə çəkib, əsgərliyini başa vurub gələn günü ona hədiyyə edəcək. Həm də gərək çəkdiyi portret onların ilk görüşünü xatırlatsın. Arxada Ay işığı canlansın. Görəsən bütün ürəyindən keçənləri tabloda əks etdirə biləcəkmi?
Müşfiq yazırdı ki, Dağlıq Qarabağda, Tərtər rayonu, Talış kəndi ərazisində xidmət edir:
--Düşmənlə üzbəüzük. Düşmənə nifrətim o qədər böyükdür ki, bir anda onları Yer üzündən silməyə hazıram.
-Mən ən böyük arzuma çatmışam, Vətənə xidmət edirəm.
-Düşmənlərimiz bizdən çox qorxurlar. Azərbaycan ordusunun necə güclü olduğundan xəbərdardılar. Ona görə də qaçmağa meyillidirlər.
-Ayan, sən təhsilinə diqqət et. Kaş səni anamla tanış etmiş olardım...
-Elə igid, aslan ürəkli oğlanlarla birlikdəyəm ki, əsla məndən nigaran qalma, Ayan. Biz düşməni məhv etməmiş geri dönən deyilik.
- Bir gün gələr, bütün torpaqlarımızı azad edərik, bax, onda mütləq səni buralara gətirəcəm.
-Ayan, bir qarış torpağıımızı da düşmən əlində qoymayacağıq. Mən buna əminəm...
-Artıq az qalıb Ayan, iki aydan sonra əsgəri xidmətimi başa vurub yanına qayıdacam. Bax, onda görəsən ki, Vətəni necə igidlər qoruyur...
-Vəziyyət gərgindir, düşmənlərimiz dinc oturmurlar, arada atışmalı oluruq.
-Sevirəm səni, Ayan, dəlilər kimi..., gözlə məni. Bir az da döz, tezliklə görüşəcəyik. Düşmənin məhvinə az qalıb.
“Gözləyirəm, əlbəttə gözləyirəm, biləsən necə həsrətlə gözləyirəm. Hər dəqiqəm, bir il kimi keçir, Müşfiqim...”
Gecələr səhərə kimi işləyirdi. Deyəsən, istəyinə nail olacaqdı. Müsfiqənə layiq bir portret çəkə biləcəkdi Ayan.
Müşfiqin qayıtmasına saylı günlər qalmışdı. Artıq portret hazır idi.
Müşfiq bəyənəcək yəqin- Ayan sevinirdi. Portreti hər kəsdən gizlədirdi, ilk dəfə Müşfiqinin görməsini istəyirdi.
Aprel döyüşləri , Aprel müharibəsi...
Müşfiqin məktublarının arası kəsilmişdi. Ayan səhərlərii ağ açırdı. Kimə desin dərdini, kimin yanına getsin, kimdən soruşsun Müşfiqini? Köksü yerində durmurdu. Kədəri boğazına yığılmışdı...
Ağlamaq istəyirdi Ayan, qışqıraraq ağlamaq...
Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı , Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.
Müşfiq və onun kimi onlarla igid oğullarımız , Aprel döyüşlərində qələbə çalaraq, əbədiyyətə qovuşdular, Şəhidlik zirvəsinə ucaldılar.
Ayan əlləri əsə - əsə, portreti Müşfiqin məzarı üstünə qoydu.
“Mən səni sevdim, Ay işığında...”
Sakit yat, Müşfiqim, Ayanın səni həmişə sevəcək!
Artıq bundan sonrakı Ayan başqa Ayan olacaq, ruhu Müşfiqlə dəfn olunmuş Ayan...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024