Mobil versiya
Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək
Tarix: 09-05-2024 | Saat: 11:07
Bölmə:Özəl | çapa göndər

Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək

Dövlət başçısı İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə mətbuata birgə bəyanatında bir daha bildirdi ki, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək

«Ölkəmizə yenidən səfər edən əziz dostum Prezident Radevi görməyə çox şadam. Bildiyiniz kimi, bizim mütəmadi təmaslarımız olur və qarşılıqlı səfərlərin həyata keçirilməsi artıq yaxşı bir ənənəyə çevrilib. Mən şadam ki, biz səmərəli müzakirələrimizi davam etdirəcəyik və tərəfdaşlığımızı gücləndirəcəyik.» Dövlət başçısı İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə keçirdiyi görüşdə söylədiyi bu fikirlər iki ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin nə qədər böyük rol oynadığını açıqladı.

Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəli əməkdaşlığın inkişaf etdirilməsi vacib istiqamətlərdən biridir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 2022-ci ilin iyulunda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyevin və Avropa Komissiyasının Prezidentinin iştirakı ilə «Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Bu mühüm məqam xüsusi qeyd edildi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. İmzalanan Memorandum gələcək üçün yol xəritəsi kimi dəyərləndirildi.

Mayın 7-də Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri bir daha bu kimi məqamlara işıq salır. Cənab İlham Əliyevin Bolqarıstan Prezidenti ilə keçirdiyi təkbətək, həmçinin geniş tərkibdə görüşdə bir daha iki ölkənin münasibətlərinin dünəninə, bu gününə işıq salındı və qarşıdakı dövrün hədəfləri açıqlandı. Azərbaycanla Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilir. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var.
Prezidentlərin görüşündə, həmçinin mətbuata bəyanatlarında Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr təqdir edildi. Cənab İlham Əliyev qeyd etdi ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bolqarıstana qaz təchizatımız artır: «Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək.»
Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Ölkəmizin hər bir layihənin uğurlu sonluqla başa çatdırması malik olduğu imkanların dünyaya təqdimatıdır. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində dövlət başçısı İlham Əliyev bu mühüm hadisəni bugünədək görülən işlərin zirvəsi kimi dəyərləndirdi. Layihənin icrasının nəzərdə tutulan vaxtda başa çatacağına əminliyini ifadə etdi. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas seqmentlərindən olan TANAP istifadəyə verildi. Layihənin digər tərkib hissəsi olan TAP isə 2020-ci ilin dekabr ayının 31-də istifadəyə verildi. Göründüyü kimi, Azərbaycan vəziyyətdən asılı olmayaraq gündəmə gətirdiyi hər bir layihəni zamanında başa çatdırmağa səy göstərir.
1995-ci ildə Ümummilli Lider Heydər Əliyev Bolqarıstanın o vaxtkı Prezidenti Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfər edib. Həmin səfər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb. İki dövlət arasında əlaqələrə müsbət təkan vermiş bu səfərdən sonra Azərbaycan-Bolqarıstan münasibətləri yüksələn xətlə inkişaf edib. Sonralar isə ali və yüksək səviyyələrdə çoxsaylı qarşılıqlı səfərlər baş tutub. İndiyədək iki ölkə arasında 60-dan çox sənəd imzalanıb. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb.

2015-ci ildə Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Bu Bəyannamə əlaqələrimizin yüksələn xətlə inkişafına geniş imkanlar açıb. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Bolqarıstan Avropa İttifaqının üzvü olaraq həm ölkəmizin qurumla əlaqələrinin inkişafına öz töhfəsini verir, həm də ikitərəfli münasibətlərimizin yüksələn xətlə inkişafı üçün yeni prioritetlərin müəyyənləşdirilməsinə səy göstərir. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.
Ümumilikdə qarşılıqlı səfərlər, gündəmə gətirilən məsələlər, həmçinin imzalanan sənədlər ölkələr arasında əlaqələrin inkişafında əsas rol oynayır. Hər bir səfər qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin müzakirəsi baxımından xüsusi diqqət çəkir. Bolqarıstan Prezidentinin səfəri çərçivəsində imzalanan sənədlər iki ölkə arasında əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Belə ki, bu sənədlər arasında Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radevin imzaladıqları «Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə»ni xüsusi qeyd etmək istərdik. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında diqqəti məhz bu sənədə yönəldərək bildirdi ki, bu gün Bolqarıstan Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə önəmli sənəd imzalanmışdır: «Onların arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür.»

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024