Mobil versiya
Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib
Tarix: 19-03-2024 | Saat: 11:36
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, nüfuzu ev sahibliyi etdiyi tədbirlərin iştirakçılarının say və təmsilçilik səviyyəsində də özünün aydın ifadəsini tapır. Müxtəlif ölkələrin təmsilçilərinin Azərbaycanda bir araya gələrək dünyanı narahat edən məsələləri müzakirə etmələri bir tərəfdən ölkəmizin sabitlik məkanı kimi nüfuz qazanmasından, digər tərəfdən isə hər bir sahədə təkmil təcrübəyə malik olmasında, reallığa əsaslanan yanaşmaları ilə  mövcud problemlərin həllinə dəstəyindən irəli gəlir.  Prezident İlham Əliyev hər çir çıxışında bu çağırışı edir ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik. “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunan XI Qlobal Bakı Forumu da bu kimi məqamların təqdimatında  böyük önəm kəsb edir. Forumda bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər. Bu mötəbər tədbirdə yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salındı, qarşıda duran çağırışların həlli yolları müzakirə olundu. Qlobal Bakı Forumunun  təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi  Prezident İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Prezident İlham Əliyev Forumdakı çıxışına məhz bu fikirlərlə başladı: “Azərbaycana xoş gəlmisiniz. Sizin hamınızı bu gün burada, uzun illər bundan əvvəl qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilmiş ənənəvi Forumda görməkdən məmnunam. Hesab edirəm ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından biz həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.” Azərbaycanın yerləşdiyi coğrafi məkan ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçılarının say tərkibində, eyni zamanda, təmsilçiliklərində əhəmiyyətli rolunu oynayır. Müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi nüfuz qazanıb. XI Qlobal Bakı Forumunun iştirakçılarının çıxışlarında da Azərbaycanın malik olduğu imkanların hədəflərə doğru inamla addımlamasında əhəmiyyətli rol oynadığı xüsusi vurğulandı. Hazırkı dövrün əsas müzakirə mövzularından biri Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29-dur. BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder COP29-un uğurla təşkil olunması istiqamətində Azərbaycanda görülən işləri yüksək dəyərləndirdiyini qeyd edərək bildirdi ki, Azərbaycanda keçiriləcək COP29 da qlobal miqyaslı, qeyri-adi əhəmiyyətə malik BMT tədbiridir. Biz BMT olaraq bu kimi tədbiri və ölkənizin bu sahədəki sədrliyini tam dəstəkləyirik. BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Hərəkatın beynəlxalq arenada nüfuzunun artmasında ölkəmizin rolunu xüsusi vurğulayaraq qeyd etdi ki, Prezident Əliyevə Qoşulmama Hərəkatına canlandırma gətirdiyinə görə təşəkkürünü bildirir.  Forumun əhəmiyyətinə toxunan BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə etdi və bildirdi ki, biz Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasındakı əməkdaşlıqdan qürur hissi duyuruq. Həmçinin vurğuladı ki, Qlobal Bakı Forumu ən tanınmış qlobal platformalardan birinə çevrilib və burada ən yaxşı beyin mərkəzləri bir araya gətirilir. Tədbirdə çıxış edən Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım   qardaş Azərbaycanda keçirilən Qlobal Bakı Forumunun “Parçalanmış dünyanın bərpası” mövzusunun böyük fundamental məsələ olduğunu söylədi. Qeyd etdi ki,  ki, bu, bütün beynəlxalq ictimaiyyət üçün belədir. Biz bu gün həmin reallıqda yaşayırıq. Biz belə çağırışlara, yəni, parçalanmış dünyada olan bütün maneələrə qarşı birgə mübarizə aparmalıyıq. Biz ətrafımıza baxdıqda görürük ki, regional münaqişələr davam edir və bu münaqişələr mənfi fəsadlarla nəticələnir. Qlobal Bakı Forumu  elə bir fürsət yaradır ki, bir-birimizi ilhamlandıran müzakirələr aparaq, fikirləri mübadilə edək və qlobal parçalanmanın həll variantları üzərində düşünək. Göründüyü kimi, söylənilən hər bir fikir Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna işıq salır. Bu baxımdan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin, onun ardınca isə NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə rəsmi səfərləri, keçirilən görüşlərdə, mətbuata birgə bəyanatlarında səsləndirilən fikirlər də diqqətdədir. “Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur” deyən dövlət başçısı İlham Əliyev bu məqamı da xüsusi diqqətə çatdırdı ki,  bu gün  ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə etdik və  mətbuat qarşısında mən bunu bir daha demək istəyirəm: “Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir.” Cənab İlham Əliyev belə bir əminliyi də ifadə etmişdir ki, Gürcüstanın Baş nazirinin - dost, qonşu və qardaş ölkənin rəhbərinin səfəri böyük əhəmiyyət daşıyır. Bizim bu gün başlayan şəxsi tanışlığımız dostluğa çevriləcək, çünki xalqlarımız dost xalqlardır. Bizim nümayəndə heyətinin üzvləri bir-biri ilə uzun illər təmasdadırlar və onları da dostluq əlaqələri bağlayır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir. Dövlət başçısı İlham Əliyev NATO-nun Baş katibi ilə mətbuata bəyanatında Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin yüksələn xətlə inkişafından bəhs etdi. “Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir” söyləyən dövlət başçısı Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə töhfələrini önə çəkərək bildirdi ki, bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayının artacağına əminik. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir.

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024