Mobil versiya
Mehriban xanım Əliyeva: humanizm, mədəni diplomatiya və sosial məsuliyyət fəlsəfəsi
Tarix: 26-08-2026 | Saat: 09:31
Bölmə:Manşet / Özəl | çapa göndər

Mehriban xanım Əliyeva: humanizm, mədəni diplomatiya və sosial məsuliyyət fəlsəfəsi

Müasir Azərbaycanın ictimai-siyasi və humanitar inkişaf tarixində Mehriban xanım Əliyevanın fəaliyyətini yalnız tutduğu dövlət vəzifələri, həyata keçirdiyi çoxsaylı layihələr və əldə etdiyi nəticələrlə məhdudlaşdırmaq doğru olmaz. Onun çoxşaxəli fəaliyyəti, eyni zamanda, humanizm, sosial məsuliyyət, milli-mənəvi dəyərlərin qorunması, mədəni irsə ehtiram və insanlar arasında həmrəyliyin möhkəmləndirilməsi kimi fundamental prinsiplərlə səciyyələnən bütöv bir dünyagörüşünün ifadəsi kimi dəyərləndirilə bilər.

Bu fəaliyyəti bir-birini tamamlayan və vahid məntiqə söykənən sosial-humanitar fəlsəfənin praktik təzahürləri kimi nəzərdən keçirmək mümkündür. Burada əsas ideya insanın yalnız sosial siyasətin obyekti kimi deyil, onun ali məqsədi və mənəvi dəyəri kimi qəbul edilməsidir.

Bu konsepsiyanın mərkəzində insan və onun ləyaqəti dayanır. Təhsil insanın potensialını üzə çıxaran, səhiyyə onun həyat və sağlamlığını qoruyan, sosial qayğı cəmiyyətin həssas təbəqələrini müdafiə edən, uşaqlara yönəlmiş layihələr gələcəyə inam yaradan, mədəniyyət və milli-mənəvi irsin qorunması isə xalqın tarixi yaddaşını gələcək nəsillərə daşıyan mühüm vasitələrdir. Beynəlxalq humanitar layihələr isə bu yanaşmanı milli sərhədlərdən kənara çıxararaq ümumbəşəri həmrəylik və mədəniyyətlərarası dialoq müstəvisinə yüksəldir.

Mehriban xanım Əliyevanın fəaliyyətində humanizm yalnız ehtiyacı olana yardım göstərmək anlayışı ilə məhdudlaşmır. Burada humanizm insanın ləyaqətinə hörmət, onun gələcəyinə inam, cəmiyyət qarşısında məsuliyyət və müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya töhfə vermək kimi daha geniş məna daşıyır.

Bu yanaşma onun rəhbərliyi ilə həyata keçirilən sosial, təhsil, səhiyyə və mədəni layihələrin mahiyyətini daha da dərindən anlamağa imkan verir. Çünki hər bir məktəb yalnız təhsil müəssisəsi, hər bir tibb ocağı yalnız səhiyyə obyekti, hər bir bərpa edilmiş tarixi abidə yalnız memarlıq nümunəsi deyil. Onların hər biri insana, yaddaşa və gələcəyə verilən dəyərin maddiləşmiş ifadəsidir.

Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinin mühüm mərhələlərindən biri Heydər Əliyev Fondunun yaradılması və onun fəaliyyətinə rəhbərlik etməsi ilə bağlıdır. Fond 2004-cü ildən etibarən təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə layihələr həyata keçirərək Azərbaycanda və xaricdə geniş humanitar fəaliyyət platformasına çevrilmişdir. Bu baxımdan Mehriban xanımın fəaliyyətini üç mühüm anlayış ətrafında ümumiləşdirmək olar: insana qayğı, milli irsə məsuliyyət və dünyaya açıq humanizm.
Mehriban xanım Əliyevanın fəaliyyətinin mahiyyətini daha dərindən anlamaq üçün onun intellektual və elmi formalaşmasına da xüsusi diqqət yetirmək zəruridir. Onun 2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması bu baxımdan əhəmiyyətli faktlardan biridir. Dissertasiya işinin tibbdə humanizm və evtanaziya problemi kimi insan həyatının mənəvi, etik və fəlsəfi sərhədlərinə toxunan mürəkkəb məsələyə həsr olunması xüsusilə diqqət çəkir.

Bu mövzu insan həyatının mahiyyəti, insan ləyaqəti, tibbi məsuliyyət və mənəvi seçim kimi fundamental məsələlərə düşünülmüş münasibətin ifadəsi kimi nəzərdən keçirilə bilər. Tibbin predmetində insanın fiziki sağlamlığı dayanırsa, humanizm onun mənəvi bütövlüyünü və ləyaqətini qorumağı tələb edir. Bu baxımdan tibbi biliklə fəlsəfi düşüncənin kəsişməsi sonrakı humanitar fəaliyyətin ideya əsaslarını anlamaq üçün müəyyən konseptual çərçivə yaradır.
Bu yanaşmanın sonrakı ictimai fəaliyyətində də müxtəlif formalarda özünü göstərdiyini müşahidə etmək mümkündür. İnsan həyatına, onun sosial rifahına, təhsilinə, sağlamlığına və mənəvi dünyasına diqqət, ayrı-ayrı istiqamətlər kimi görünsə də, mahiyyət etibarilə vahid dəyər sisteminin müxtəlif təzahürləri kimi qiymətləndirilə bilər. Burada əsas fikir ondan ibarətdir ki, insanın inkişafı yalnız onun maddi ehtiyaclarının ödənilməsi ilə tamamlanmır, həmçinin onun mənəvi, intellektual və mədəni mühitinin formalaşdırılması da eyni dərəcədə vacibdir.

Mehriban xanım Əliyevanın ictimai fəaliyyətinin ilkin mərhələlərində mədəniyyətə xüsusi yer verməsi də bu baxımdan diqqətəlayiqdir. 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun yaradılması, 1996-cı ildə isə Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən “Azərbaycan – İrs” jurnalının təsis edilməsi milli mədəniyyətin qorunması və dünyaya tanıdılması istiqamətində mühüm təşəbbüslər sırasında yer alır. Jurnalın Azərbaycan, ingilis və rus dillərində nəşr olunması milli mədəniyyət nümunələrinin daha geniş beynəlxalq auditoriyaya təqdim edilməsinə imkan yaradırdı.

Burada mühüm fəlsəfi məqam meydana çıxır, mədəniyyət yalnız keçmişdən miras qalan sərvət kimi qəbul edilməməlidir, o, gələcəyə ötürülən mənəvi kapitaldır. Xalqın tarixi yaddaşı, dili, musiqisi, ədəbiyyatı, muğamı, memarlıq irsi və adət-ənənələri onun kollektiv kimliyinin əsas sütunlarını təşkil edir. Bu dəyərlərin qorunması yalnız keçmişə ehtiram deyil, həm də gələcək nəsillər qarşısında məsuliyyətdir. Çünki tarixi yaddaşını itirən cəmiyyət yalnız keçmişinin bir hissəsini itirmir, həmçinin gələcəyini müəyyənləşdirən mənəvi istiqamətlərin bir qismini də itirmək təhlükəsi ilə üzləşir. İqtisadi və texnoloji inkişaf cəmiyyətin maddi imkanlarını genişləndirə bilər, lakin onun mənəvi bütövlüyünü və sosial həmrəyliyini təmin edən əsas amillərdən biri məhz mədəni yaddaşdır.
Mehriban xanım Əliyevanın elmi-fəlsəfi düşüncələri ilə sonrakı humanitar və mədəni fəaliyyətləri arasında müəyyən məntiqi ardıcıllıq görmək mümkündür. İnsan həyatının dəyərindən başlayan düşüncə insanın sosial rifahına, mədəni kimliyinə və cəmiyyətin mənəvi inkişafına yönələn daha geniş humanitar baxışa doğru genişlənir. Bu baxımdan onun fəaliyyətinin müxtəlif istiqamətlərini birləşdirən əsas xətt insanın və insanlıq dəyərlərinin qorunması ideyasıdır.

2004-cü ildən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu onun fəaliyyətinin ən geniş və sistemli istiqamətini təşkil edir. Fondun fəaliyyət konsepsiyasında təhsil, səhiyyə, mədəniyyət, elm, idman, ekologiya, sosial müdafiə və digər sahələr xüsusi yer tutur. Fondun məqsədləri sırasında həssas əhali qruplarına dəstək, uşaqların müdafiəsi, səhiyyə və təhsil infrastrukturunun inkişafı, milli-mədəni irsin qorunması, elmi əməkdaşlığın genişləndirilməsi və dini tolerantlığın dəstəklənməsi də qeyd olunur. Fondun fəaliyyətinin mühüm xüsusiyyətlərindən biri yardımın yalnız maddi dəstək formasında deyil, institusional və uzunmüddətli layihələr şəklində həyata keçirilməsidir.

Fond tərəfindən müxtəlif ölkələrdə həyata keçirilən layihələr sırasında Pakistan, Fransa, İtaliya, Vatikan, Rumıniya, Haiti, Gürcüstan, Niderland, Misir, Rusiya və digər ölkələrlə bağlı humanitar və mədəni təşəbbüslər yer alır.

Pakistan nümunəsi xüsusilə diqqətəlayiqdir. 2005-ci il zəlzələsindən sonra Fondun humanitar fəaliyyətə qoşulması, Muzaffarabadda zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin yenidən tikilməsi və digər layihələr Azərbaycanla Pakistan arasında humanitar əlaqələrin inkişafına töhfə vermişdir. Bu xidmətlərə görə Mehriban xanım 2015-ci ildə Pakistanın “Hilal-e-Pakistan” ordeni ilə təltif edilmişdir.

Bu nümunə göstərir ki, humanitar diplomatiya yalnız hökumətlərarası münasibətlərdən ibarət deyil. Bir ölkənin başqa ölkənin ağrısına biganə qalmaması özü beynəlxalq münasibətlərin mənəvi kapitalıdır. Azərbaycanın tarix və mədəniyyətinə hörmət göstərmək nə qədər vacibdirsə, başqa xalqların irsinə hörmət göstərmək də eyni dərəcədə vacibdir. Məhz bu qarşılıqlı münasibət mədəni diplomatiyanın mənəvi əsasını formalaşdırır.

Heydər Əliyev Fondunun beynəlxalq fəaliyyəti Mehriban xanım Əliyevanın fəaliyyətində ayrıca elmi-tədqiqat mövzusu kimi qiymətləndirilə bilər.
Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın fəaliyyətində uşaqların müdafiəsinə xüsusi yer ayırmaq olar. Uşaq evləri, internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olan uşaqlar və müxtəlif sosial problemlərlə üzləşən ailələrə göstərilən diqqət onun humanitar fəaliyyətinin əsas istiqamətlərindəndir.
2005-ci ildən etibarən uşaq evləri və internat məktəblərinin inkişafına yönəlmiş proqramlar çərçivəsində müxtəlif müəssisələrdə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Burada humanizmin mühüm prinsipi özünü göstərir, insanın sosial statusundan asılı olmayaraq onun ləyaqəti qorunmalıdır. Bu yanaşmada yardım alan şəxs passiv “yardım obyekti” kimi deyil, cəmiyyətin tamhüquqlu üzvü kimi qəbul edilir. Humanitar siyasətin ən yüksək mərhələsi də məhz budur.

Mehriban xanım Əliyevanın fəaliyyətinin digər fundamental istiqaməti Azərbaycan mədəniyyətinin qorunması və beynəlxalq səviyyədə tanıdılmasıdır. Muğamın təbliği, Muğam Ensiklopediyasının hazırlanması, milli musiqi irsinin müxtəlif layihələr vasitəsilə dünyaya təqdim olunması bu istiqamətin mühüm nümunələrindəndir. UNESCO ilə bağlı sənədlərdə Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən Muğam Ensiklopediyası layihəsi ayrıca qeyd olunur.

2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri seçilməsi də onun mədəni irsin qorunması sahəsindəki fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricilərindən biri olmuşdur. 2006-cı ildə isə humanitar sahədə fəaliyyətinə, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa, İslam mədəni irsinin təbliğinə və xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinə diqqətinə görə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.

Müasir beynəlxalq münasibətlərdə dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi göstəricilərlə müəyyən olunmur. Ölkənin dünyada yaratdığı mənəvi və mədəni obraz da mühüm əhəmiyyət daşıyır.
21 fevral 2017-ci ildə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması onun fəaliyyətində yeni institusional mərhələ yaratdı. Bu mərhələdə əvvəlki ictimai və humanitar fəaliyyət təcrübəsi dövlət idarəçiliyi çərçivəsində yeni məzmun qazandı.
Onun fəaliyyətinin müxtəlif istiqamətlərində sosial məsələlərə, uşaqlara, səhiyyəyə, təhsilə, mədəniyyətə və insanların rifahına diqqət davam etməkdədir.
Mehriban xanım Əliyevanın fəaliyyətini yalnız görülən işlərin sayı ilə ölçmək həmin fəaliyyətin fəlsəfi mahiyyətini tam əks etdirməz. Humanizm, ilk növbədə, insanın ləyaqətinin tanınmasıdır. Məktəb tikmək yalnız bina tikmək deyil, uşağın gələcəyinə inam yaratmaqdır. Xəstəxana yaratmaq yalnız tibbi infrastruktur qurmaq deyil, insan həyatının dəyərini təsdiq etməkdir. Tarixi abidəni bərpa etmək yalnız daşları qorumaq deyil, bəşəri yaddaşın bir parçasını gələcək nəsillərə çatdırmaqdır. Təbii fəlakətdən zərər çəkmiş insanlara yardım etmək yalnız maddi dəstək göstərmək deyil, “sənin ağrın mənə də aiddir” düşüncəsini praktik davranışa çevirməkdir. Bu mənada humanizm fərdi xeyirxahlıqdan institusional məsuliyyətə keçdikdə daha böyük sosial gücə çevrilir.
Bir dəfə yardım göstərmək problemin nəticəsini müəyyən müddətə yüngülləşdirə bilər. Lakin məktəb tikmək, tibb müəssisəsi yaratmaq, təhsil imkanlarını genişləndirmək, uşaqlar üçün sosial infrastruktur formalaşdırmaq və mədəni irsin qorunması üçün institusional mexanizmlər yaratmaq problemin kökünə təsir göstərir. Sosial investisiyanın əsas xüsusiyyəti isə onun gələcəyə hesablanmasıdır. Bu yanaşmada ən qiymətli nəticə tikilən bina və ya keçirilən tədbir deyil, həmin layihənin insan həyatında yaratdığı uzunmüddətli müsbət dəyişiklikdir.
Mehriban xanım Əliyevanın fəaliyyətində idmana xüsusi diqqət mühüm istiqamətlərdən birini təşkil edir. Onun Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etdiyi dövrdə gimnastikanın inkişafı, müasir infrastrukturun yaradılması, gənclərin bu idman növünə cəlb olunması və beynəlxalq yarışların Azərbaycanda keçirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu fəaliyyət yalnız qazanılan nəticələr və medallarla ölçülməməlidir. Gimnastika intizam, iradə, çeviklik, estetik zövq və öz üzərində çalışma kimi keyfiyyətləri formalaşdırır. Bu baxımdan idmana göstərilən diqqət sağlam nəslin yetişdirilməsinə və insan kapitalının inkişafına yönəlmiş uzunmüddətli sərmayədir.
Mehriban xanım Əliyevanın fəaliyyətinin maraqlı tərəflərindən biri də milli və universal dəyərlərin qarşı-qarşıya qoyulmamasıdır. Azərbaycan muğamının qorunması milli dəyərdir. Lakin muğamın dünya mədəni irsinin bir hissəsi kimi təqdim edilməsi onu universal dəyərə çevirir. Azərbaycan tarixinə və mədəniyyətinə münasibət milli məsuliyyətdir. Başqa xalqların kilsələrinin, muzeylərinin və tarixi abidələrinin qorunmasına dəstək isə bu məsuliyyəti universal humanizm müstəvisinə çıxarır.

Bu baxımdan Mehriban xanımın fəaliyyətində belə bir fəlsəfi formula müşahidə olunur: “Milli olanı qorumaq dünyadan təcrid olunmaq deyil, əksinə, milli dəyəri dünyaya təqdim etməklə onu bəşəri mədəniyyətin ümumi xəzinəsinə daxil etməkdir.”
Mehriban xanımın həyat və fəaliyyəti müasir Azərbaycanın sosial, humanitar və mədəni inkişaf proseslərinin mühüm istiqamətlərindən birini təşkil edir. Onun tibbi təhsili, elmi-fəlsəfi biliyi, mədəniyyət və idman sahəsində təşəbbüsləri, Heydər Əliyev Fondunun rəhbəri kimi həyata keçirdiyi layihələr, uşaqların və həssas qrupların müdafiəsinə yönəlmiş proqramlar, səhiyyə və təhsil təşəbbüsləri, milli irsin qorunması və beynəlxalq mədəni-humanitar layihələri bütöv fəaliyyət fəlsəfəsinin müxtəlif təzahürləri kimi nəzərdən keçirilə bilər.

Bu fəaliyyətin mərkəzində “İnsan” dayanır. İnsan-sosial siyasətin məqsədi, humanitar yardımın əsas ünvanı, mədəni irsin daşıyıcısı, gələcəyin qurucusu, müxtəlif xalqları bir-birinə bağlayan mənəvi körpü kimi çıxış edir.

XXI əsrdə dövlətlərin və cəmiyyətlərin gücü yalnız maddi resurslarla ölçülə bilməz. İnsana verilən dəyər, mərhəmət yaratmaq qabiliyyəti, mədəniyyətə münasibəti və bəşəri problemlərə biganə qalmaması da əsas şərtlərdəndir.

Bu baxımdan Mehriban xanım Əliyevanın fəaliyyətini yalnız sosial və humanitar təşəbbüslər çərçivəsində qiymətləndirmək onun mahiyyətini tam ifadə etməz. Bu fəaliyyətin daha dərin qatında insana münasibət, mənəvi məsuliyyət, yaddaşın qorunması və gələcəyə cavabdehlik kimi fəlsəfi dəyərlər dayanır.
Mədəni irsin qorunması yalnız keçmişə ehtiram deyil. Mədəniyyət keçmişlə gələcək arasında mənəvi körpüdür. Muğam, ədəbiyyat, memarlıq və tarixi yaddaş xalqın özünü dərk etməsinin əsas dayaqlarıdır. Onları gələcək nəsillərə daşımaq yalnız tarixi deyil, ən əsası kimliyini də qorumaq deməkdir.

Beynəlxalq humanitar layihələr isə bu düşüncəni milli sərhədlərdən kənara çıxararaq ümumbəşəri həmrəylik müstəvisinə yüksəldir. Başqasının ağrısına cavab vermək insanlığın ortaq mənəvi məsuliyyətidir. Mədəniyyət vasitəsilə xalqlar arasında dialoq yaratmaq isə siyasi və coğrafi sərhədlərin fövqündə dayanan qarşılıqlı etimad formalaşdırır.
Humanitar fəaliyyətin əsl məramı görülən işlərin sayı ilə ölçülmür, insan həyatında və cəmiyyətin mənəvi dünyasında yaratdığı dəyişikliklə müəyyən olunur. Mehriban xanım Əliyevanın humanitar fəaliyyətinin fəlsəfi mahiyyətini də məhz bu düşüncə ilə ifadə etmək mümkündür: insana qayğı, yaddaşa sədaqət, gələcəyə inam və məsuliyyət.

Rövşən Əliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-08-2026