Mobil versiya
Təhlükəsizlikdən iqtisadi gücə, regional mərkəzdən strateji qovşağa
Tarix: 14-08-2026 | Saat: 16:18
Bölmə:Siyasət | çapa göndər

Təhlükəsizlikdən iqtisadi gücə, regional mərkəzdən strateji qovşağa

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın bu günü və gələcəyi ilə bağlı strateji baxışların, qarşıya qoyulan hədəflərin və konkret layihələrin geniş təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, Naxçıvanın inkişafı artıq yalnız ayrı-ayrı sosial və infrastruktur layihələrinin icrası ilə məhdudlaşmır. Qarşıda dayanan əsas məqsəd təhlükəsiz, iqtisadi baxımdan güclü, enerji ixrac edən, müasir nəqliyyat imkanlarına malik, turizm və investisiya baxımından cəlbedici, eyni zamanda milli-mədəni irsini qoruyan yeni Naxçıvan modelinin formalaşdırılmasıdır.

Prezident İlham Əliyevin Naxçıvana artıq 17-ci səfəri çərçivəsində verdiyi müsahibənin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, burada görülən işlər ayrı-ayrı layihələr kimi deyil, vahid inkişaf strategiyasının tərkib hissəsi kimi təqdim olunur. Dövlət başçısının qeyd etdiyi kimi, ötən illər ərzində Naxçıvanın müdafiə potensialının gücləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması, sosial infrastrukturun yenilənməsi və iqtisadi imkanların genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. İndi isə əsas hədəf əldə olunan nəticələri daha yüksək inkişaf mərhələsinə daşımaqdır.
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Ordusunun müasir hərbi texnika ilə təchizatını, yeni komando qüvvələrinin yaradılmasını və Əlahiddə Ordunun fəaliyyətini xüsusi vurğulayıb. Bu yanaşma təsadüfi deyil. Dövlətin iqtisadi və sosial inkişaf strategiyasının uğurla həyata keçirilməsi üçün ilk növbədə sabitlik və təhlükəsizlik təmin edilməlidir. Bu gün Azərbaycanın güclü ordusu ölkənin bütün ərazilərində olduğu kimi, Naxçıvanda da dövlət suverenliyinin və təhlükəsizliyin mühüm təminatlarından biridir.
Prezidentin müsahibəsində enerji məsələləri geniş yer tutub. Bu da təsadüfi deyil. Müasir dünyada enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, həm də dövlətlərin strateji müstəqilliyini müəyyən edən əsas amillərdən biridir.
Naxçıvanın Günəş və su ehtiyatları baxımından böyük potensiala malik olması onun bərpaolunan enerji sahəsində mühüm mərkəzə çevrilməsinə imkan verir. Müsahibədə Naxçıvanda Günəş enerjisi istehsalının genişləndirilməsi, yeni elektrik stansiyalarının yaradılması və gələcəkdə istehsal olunan enerjinin ixracı perspektivləri barədə mühüm fikirlər səsləndirilib.
Bu perspektiv Naxçıvan üçün tamamilə yeni iqtisadi imkanlar deməkdir. Əgər əvvəllər əsas məsələ muxtar respublikanın enerji ilə etibarlı təmin olunması idisə, indi strateji hədəf enerji istehsalının artırılması və ixrac imkanlarının yaradılmasıdır.
Bu yanaşma Azərbaycanın yaşıl enerji siyasəti ilə də tam uyğunluq təşkil edir. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanın da yaşıl enerji zonası kimi inkişaf etdirilməsi ölkənin müxtəlif regionlarının öz təbii potensialına uyğun ixtisaslaşmasına imkan verir. Nəticədə Azərbaycan enerji istehsal edən, enerji qəbul edən, ötürən və ixrac edən ölkə kimi regional və beynəlxalq enerji xəritəsində mövqeyini daha da möhkəmləndirə bilər.
Müsahibənin ən mühüm siyasi və strateji mövzularından biri Zəngəzur dəhlizi ilə bağlı məsələlərdir. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat əlaqələrinin yaradılmasını ölkənin çoxdankı məqsədi kimi qiymətləndirib.
Bu məsələ yalnız nəqliyyat əlaqəsinin bərpası ilə məhdudlaşmır. Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi və geosiyasi əhəmiyyətini ciddi şəkildə artırmaq potensialına malikdir. Azərbaycan ərazisində Horadiz-Ağbənd avtomobil yolunun və dəmir yolu xəttinin tikintisi istiqamətində işlərin aparılması, Naxçıvan dəmir yolunun bərpası ilə bağlı konkret layihələrin hazırlanması bu strateji məqsədin mərhələli şəkildə reallaşdırıldığını göstərir.
Prezident müsahibəsində Naxçıvan dəmir yolunun yeni texniki-iqtisadi əsaslandırma əsasında 194 kilometr uzunluğunda nəzərdə tutulduğunu və xəttin yükdaşıma imkanlarının əhəmiyyətli dərəcədə artırılmasının planlaşdırıldığını bildirib. Məqsəd yalnız mövcud dəmir yolu xəttini bərpa etmək deyil, onu gələcəkdə böyük həcmdə yük daşımalarına imkan verən müasir nəqliyyat infrastrukturu səviyyəsinə çatdırmaqdır.
Müsahibədə diqqət çəkən digər mühüm məqam Zəngəzur dəhlizinə yalnız avtomobil və dəmir yolu layihəsi kimi yanaşılmamasıdır. Burada söhbət daha geniş kommunikasiya imkanlarından gedir.
Nəqliyyat bağlantıları ilə yanaşı elektrik xətlərinin, fiber-optik kabellərin, gələcəkdə isə digər enerji infrastrukturlarının yaradılması perspektivinin gündəmə gətirilməsi göstərir ki, Zəngəzur istiqamətində formalaşdırılan bağlantılar bütöv bir regional kommunikasiya sisteminin əsasını təşkil edə bilər.
Bu isə Azərbaycanın regional iqtisadi proseslərdə rolunun daha da artmasına xidmət edə bilər. Naxçıvanın bu layihələrin mərkəzində dayanması muxtar respublikanın strateji əhəmiyyətini yeni mərhələyə yüksəldir.
Bu baxımdan Naxçıvanda yeni sosial infrastrukturun yaradılması, uşaq bağçalarının tikilməsi və təmiri, şəhər nəqliyyatının yenilənməsi, rayonlararası avtobus parkının müasirləşdirilməsi və kənd yollarının təmiri ilə bağlı planlar mühüm əhəmiyyət kəsb edir. Müsahibədə 217 müasir rayonlararası avtobusun alınması və təxminən 420 kilometr müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri ilə bağlı planların açıqlanması regionun sosial-iqtisadi inkişafının konkret göstəricilərindən biridir.
Naxçıvan şəhərində elektrik avtobuslarının istifadəyə verilməsi isə şəhər nəqliyyatının müasirləşdirilməsi ilə yanaşı, ekoloji baxımdan daha təmiz və dayanıqlı şəhər modelinin formalaşdırılması baxımından da diqqətəlayiqdir.
Bu layihələrin hər biri gündəlik həyatda vətəndaşların rahatlığının artırılmasına hesablanıb. Beləliklə, böyük strateji layihələrlə sosial siyasət arasında birbaşa əlaqə qurulur.
Naxçıvanın iqtisadi potensialından danışarkən kənd təsərrüfatının inkişafı da xüsusi əhəmiyyət daşıyır. Muxtar respublikada kənd təsərrüfatının inkişafına dair dövlət proqramında xüsusi tədbirlərin nəzərdə tutulması, suvarma layihələrinin həyata keçirilməsi, artezian quyularının qazılması və müasir suvarma sistemlərinin quraşdırılması kənd təsərrüfatının yeni texnologiyalar əsasında inkişaf etdirilməsinə imkan verəcək.
Bu istiqamətdə görüləcək işlər xüsusilə əkinə yararlı torpaqların daha səmərəli istifadəsi baxımından əhəmiyyətlidir. Suvarılmayan torpaqların dövriyyəyə cəlb olunması kənd təsərrüfatı istehsalının artmasına, fermerlərin fəaliyyət imkanlarının genişlənməsinə və kənd yerlərində məşğulluğun yüksəlməsinə səbəb ola bilər.
Beləliklə, Naxçıvanın iqtisadi inkişaf modeli sənaye, enerji, nəqliyyat və kənd təsərrüfatının paralel inkişafına əsaslanır.
Naxçıvanın inkişaf strategiyasında maddi tərəqqi ilə yanaşı, tarixi-mədəni irsin qorunması da mühüm yer tutur. Prezident İlham Əliyevin səfər proqramında Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olması, memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirakı bu siyasətin bariz nümunəsidir.
Naxçıvan Azərbaycanın qədim dövlətçilik, elm, mədəniyyət və memarlıq ənənələrinin mühüm mərkəzlərindən biridir. Atabəylər dövlətinin paytaxtı olmuş bu qədim diyar Azərbaycan tarixində xüsusi yer tutur. Buradakı tarixi abidələrin qorunması yalnız keçmişə ehtiram deyil, gələcək nəsillərə milli yaddaşın ötürülməsi baxımından da mühüm vəzifədir.
Prezidentin müsahibədə vurğuladığı kimi, sosial-iqtisadi inkişafın təməlində milli kimlik, milli ruh, mədəniyyət, dil, ədəbiyyat və tarix dayanır. Bu yanaşma Naxçıvanın inkişafını yalnız iqtisadi göstəricilərlə ölçməyin düzgün olmadığını göstərir. Müasir Naxçıvan həm də öz tarixi simasını, milli-mədəni xüsusiyyətlərini qoruyan bir diyar kimi inkişaf etməlidir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran əsas məsələlərdən biri bütün regionların paralel və balanslı inkişafının təmin edilməsidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesi ilə Naxçıvanın inkişafının vahid konsepsiyada nəzərdən keçirilməsi Azərbaycanın gələcək regional inkişaf modelinin bütövlüyünü göstərir.
Bu yanaşmanın mühüm tərəfi idarəetmə modelinin təkmilləşdirilməsidir. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə üsulunun üstünlüklərindən danışaraq, Prezidentin xüsusi nümayəndəliyi institutunun Naxçıvanda da tətbiq olunduğunu bildirib. Burada əsas məqsəd Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusunu qorumaqla idarəetmə mexanizmlərinin daha da təkmilləşdirilməsi və inkişaf proseslərinin çevik şəkildə idarə olunmasıdır.
Bu model dövlət idarəçiliyində səmərəliliyin artırılması, qərarların daha operativ icrası və regionun inkişafına yönəlmiş layihələr üzərində koordinasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Naxçıvan üçün yeni mərhələ başlayır. Təhlükəsizliyi təmin edilmiş, enerji imkanları genişlənən, sənaye potensialı formalaşan, nəqliyyat bağlantıları güclənən, kənd təsərrüfatı və turizm imkanları genişləndirilən Naxçıvan gələcəkdə Azərbaycanın ən mühüm iqtisadi və strateji mərkəzlərindən birinə çevrilə bilər.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlərdə də əsas xətt məhz budur: artıq söhbət yalnız mövcud problemlərin həllindən deyil, Naxçıvanın gələcək onilliklər üçün yeni inkişaf modelinin qurulmasından gedir. Dövlətin siyasi iradəsi, maliyyə imkanları, həyata keçirilən layihələrin miqyası və regionun strateji coğrafi mövqeyi bu hədəflərin reallaşdırılması üçün mühüm zəmin yaradır.

Kamran Əmirov,
YAP Qusar rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-08-2026