Mobil versiya
Dil xalqın əbədi imzasıdır
Tarix: 29-07-2026 | Saat: 16:05
Bölmə:Siyasət | çapa göndər

Dil xalqın əbədi imzasıdır

Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, mədəniyyəti, dünyagörüşü və milli kimliyinin daşıyıcısıdır. Dil canlı və daim inkişaf edən ictimai hadisədir. Ulu Öndər Heydər Əliyev tərəfindən 2001-ci il avqustun 9-da imzalanan Fərmanla hər il avqustun 1-də qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xalqımızın milli-mənəvi dəyərlərinə göstərilən diqqətin və ana dilimizin inkişafına verilən önəmin ifadəsidir. 

Azərbaycan dili xalqımızın minillik tarixi, mədəni yaddaşı və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərimizdəndir. Dövlət dili kimi onun qorunması və inkişafı Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli dil siyasəti bu müqəddəs dəyərlərin möhkəmləndirilməsinə və gələcək nəsillərə təmiz, saf və zəngin şəkildə ötürülməsinə yönəlib.

Azərbaycan dilinin zənginliyi, tarixi kökləri və ifadə imkanları haqqında danışan Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, ana dilimiz sadəcə ünsiyyət vasitəsi deyil, milli kimliyimizin və dövlət müstəqilliyimizin mənəvi dayağıdır.Azərbaycan dilinin nüfuzunun artması təkcə ölkə daxilində deyil, həm də dünyada yaşayan milyonlarla soydaşımız arasında milli həmrəyliyin, birliyin əsas rəmzinə çevrilib.Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dilinin saflığının qorunması milli məsələdir. Bu, təkcə dilçi alimlərin və müəllimlərin deyil, hər bir vətəndaşın mənəvi borcudur. Dövlət başçısının dilimizlə bağlı çağırışları, həm tarixi köklərimizə sədaqətin, həm də milli birliyin möhkəmləndirilməsinin bariz nümunəsidir.

Ana dilimizi qorumaq - milli kimliyimizi, milli dövlətçiliyimizi qorumaq deməkdir. Çünki dil millətin varlığını təsdiq edən ən əsas atributdur. Xalq dil vasitəsilə öz düşüncəsini, ideallarını və mənəvi dəyərlərini ifadə edir. Ona görə də Azərbaycan dövləti dil siyasətini milli ideologiyanın ayrılmaz tərkib hissəsi kimi həyata keçirir.Azərbaycan dili bu gün 50 milyondan çox insanın ana dili olaraq, təkcə ölkə daxilində deyil, həm də xaricdə yaşayan soydaşlarımız üçün bir birlik və mənəvi bağ rəmzidir. Bu dil bizi birləşdirir, tariximizi, mənəviyyatımızı və gələcəyə olan inamımızı qoruyur.

Azərbaycan dili bizim milli sərvətimiz, milli kimliyimizin, dövlət müstəqilliyimizin və mənəvi bütövlüyümüzün rəmzidir. Ona görə də dilimizə sahib çıxmaq, onu qorumaq və inkişaf etdirmək hər bir vətəndaşın müqəddəs borcudur.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-07-2026