Mobil versiya
Deputatdan medianın inkişafı ilə bağlı təkliflər
Tarix: 19-06-2026 | Saat: 20:04
Bölmə:Media | çapa göndər

Deputatdan medianın inkişafı ilə bağlı təkliflər

Milli Məclisin iclasında “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Deputat Elçin Mirzəbəyli çıxışında bildirib ki, müzakirə etdiyimiz qanun layihəsi media və yayım sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və müasir çağırışlara uyğun institusional çərçivənin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir:

“Şübhəsiz ki, rəqəmsal transformasiya, sosial şəbəkələrin təsirinin artması, süni intellekt texnologiyalarının inkişafı və qlobal informasiya axınlarının sürətlənməsi dövlətin qarşısında yeni vəzifələr qoyur. Bu baxımdan, qanun layihəsində nəzərdə tutulan dəyişikliklər müasir reallıqlardan irəli gələn zərurət kimi qiymətləndirilə bilər. Layihənin əsaslandırılmasında - arayışda tamamilə haqlı olaraq, çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsindən söz açılır. Media resursları arasındakı sərhədlər texnologiyanın gətirdiyi yeniliklərə uyğun olaraq silinir və bundan sonra da proses davam edəcək. Yəni bu, o deməkdir ki, bu gün mövcud olan qəliblər, ölçü və standartlar 5 və ya 10 ildən sonra, bəlkə də daha da tez yeniləriylə əvəzlənəcək. Yalnız məzmun və onu ərsəyə gətirən yaradıcı insan amili dəyişməyəcək. Bu baxımdan, bütün dəyişən formalarda öz mahiyyətini, funksionallığını qoruyub saxlayan yaradıcı insanın – peşəkar və yaradıcı jurnalistin və jurnalistikanın qorunması, inkişaf etdirilməsi bir adam sonra da prioritet istiqamətlərdən biri olmalıdır”.

E.Mirzəbəyli qeyd edib ki, bu gün ölkə mediası, yalnız yerli bazarda fəaliyyət göstərən media qurumları ilə deyil, qlobal rəqəmsal platformalarla rəqabət aparır:

“Hazırda beynəlxalq platformalar reklam bazarının əhəmiyyətli hissəsinə sahiblənib.
Halbuki informasiyanı hazırlayan, hadisə yerinə gedən, araşdırma aparan, müsahibə götürən, reportaj hazırlayan, ictimai maraqlara xidmət edən tərəf yerli media subyektləridir. Bu baxımdan, həm hüquqi, həm də motivasiya xarakterli addımlarla daxili reklam bazarının qorunması və inkişaf etdirilməsi, sosial şəbəkələr üzərindən reklam vəsaitləri axının qarşısını alınması təkcə iqtisadi faktor deyil, həm də informasiya təhlükəsizliyinin təmin edilməsi üçün başlıca amildir”.

E.Mirzəbəylinin sözlərinə görə, bu gün media sahəsində bütün dünyada ən böyük problemlərdən biri peşəkar jurnalistikanın keyfiyyət böhranı ilə qarşı-qarşıyaya qalmasıdır: “Araşdırma jurnalistikası əvvəlki təsir gücünü itirib. Bütövlükdə isə jurnalistikanın janr və növləri, o cümlədən müsahibə, reportaj, icmal, yol qeydləri, resenziya, məqalə, bədii publisistika faktiki olaraq sıradan çıxmaqdadır. Artıq keyfiyyətli köşə yazıları, müsahibə və reportajlarla çox nadir hallarda qarşılaşmaq olur. İndi təkcə xəbər başlıqları deyil, sərhədləri pozulmuş janrlardan ibarət yazıların mətnləri də, təəssüf ki, bəzən bir-birinə bənzəyir. Xəbər çoxalır, fikir istehsalı isə əksinə azalır və yaxud əhəmiyyətini itirir.
Jurnalistikanın əsas vəzifəsi isə araşdırmaq, təhlil etmək, səbəb-nəticə əlaqələrini ortaya çıxarmaq, ictimai əhəmiyyət kəsb edən məsələləri gündəmə gətirmək, ictimai maraqları qorumaqdan ibarətdir. Peşəkar jurnalistika, yalnız operativlik meyarı ilə qiymətləndirilməməlidir. Peşəkar jurnalistika ilk növbədə keyfiyyət, etibarlılıq, araşdırma və ictimai məsuliyyət deməkdir.

Bu gün isə sürətli informasiya dövriyyəsi, şablonlaşma və texnoloji transformasiya fonunda fərdi üslubların, müəllif yanaşmalarının və dil zənginliyinin qorunması xüsusi əhəmiyyət kəsb edir. Çünki dili inkişaf etdirən məhz yaradıcı düşüncədir. Yaradıcı düşüncəni isə həm də peşəkar jurnalistika formalaşdırır.

Bu baxımdan, ümid edirəm ki, yeni yaranan təsisat media subyektlərinin iqtisadi dayanıqlılının təmin edilməsi, reklam bazarının qorunması və inkişaf etdirilməsi ilə bərabər, peşəkar jurnalistikanın iqtisadi əsaslarını, janr müxtəlifliyini, müəllif məktəblərini və dil mühitini qoruyan istiqamətə də diqqət ayıracaq, həmçinin media subyektləri ilə yanaşı, jurnalistlər üçün də ayrı-ayrı janrlar üzrə yazı və ya məzmun müsabiqələri ilə yanaşı, bir neçə ay, yaxud bir il davam edən layihələr elan etməklə mediada məzmun keyfiyyətinin artırılmasına töhfə verəcək. Daha öncə də qeyd etdiyim kimi, texnologiya inkişaf etdikcə media resursları arasındakı sərhədlər itir və bu proses zamanla daha geniş vüsət alacaq. Bu səbəbdən, bütün forma dəyişikliklərində öz klassik mahiyyətini və peşəkarlığını büruzə verməyi bacaran yaradıcı potensialı qorumaq, peşəkar, məsuliyyətli, ictimai maraqları müdafiə, etik normalara əməl edən peşəkar jurnalistikanı inkişaf etdirmək də zəruridir”.

E.Paşasoy,
Musavat.com



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2026