Mobil versiya
Söyüşlə edilən siyasi tənqid ifadə azadlığı deyil - AİHM QƏRARI
Tarix: 22-05-2026 | Saat: 14:37
Bölmə:Ölkə | çapa göndər

Söyüşlə edilən siyasi tənqid ifadə azadlığı deyil - AİHM QƏRARI



Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Gürcüstan vətəndaşı İrakli Miladzenin TikTok videosu ilə bağlı mühüm qərar qəbul edib. Məhkəmə yekdilliklə qərara gəlib ki, Gürcüstan hakimiyyət orqanlarının blogerin inzibati qaydada cərimələnməsi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə qorunan ifadə azadlığını pozmayıb.

İş 2022-ci ildə Tbilisidə nəqliyyat islahatlarını tənqid edən və qısa müddətdə viral olan TikTok videosu ilə bağlı olub.

Özünü vətəndaş fəalı kimi təqdim edən kuryer İrakli Miladze Tbilisi meriyasının yeni nəqliyyat siyasətini və dövlət qurumlarının fəaliyyətini sərt şəkildə tənqid edən video paylaşmışdı. Videoda o, şəhər meri, onun komandası və polis əməkdaşları haqqında son dərəcə kobud və söyüş xarakterli ifadələr işlədib. Video ictimai rejimdə yayımlandığı üçün qısa müddətdə 100 mindən çox baxış toplayıb və yüzlərlə dəfə paylaşılıb. Bundan sonra Tbilisi polisi Miladze barəsində inzibati xəta işi açıb.

Gürcüstan məhkəmələri onun davranışını “ictimai asayişin pozulması” kimi qiymətləndirərək minimum həddə – 180 avro məbləğində cərimə tətbiq edib. AİHM qərarında vurğulayıb ki, ifadə azadlığı siyasi tənqid və hakimiyyət nümayəndələrinin sərt tənqidini qorusa da, bu müdafiə şəxsi təhqirlərə və açıq şəkildə alçaldıcı ifadələrə şamil olunmur.

Məhkəmə hesab edib ki, Gürcüstan məhkəmələri işə baxarkən balanslı yanaşma nümayiş etdiriblər. Onlar siyasi tənqid ilə şəxsi təhqir arasında fərq qoyub, videonun məzmununu, məqsədini, tonunu və cəmiyyətə mümkün təsirini ayrıca qiymətləndiriblər. Qərarda qeyd olunur ki, Miladzenin istifadə etdiyi ifadələr Gürcüstanda ən ağır və aqressiv söyüş formalarından hesab edilir və həmin sözlərin siyasi satira və ya bədii üslub elementi kimi qəbul olunması üçün əsas yoxdur. AİHM sosial şəbəkələrin, xüsusilə TikTok-un geniş və gənc auditoriyaya malik olmasına ayrıca diqqət çəkib. Məhkəmə bildirib ki, müəllif videonun əvvəlində kobud ifadələrin işlədiləcəyi barədə xəbərdarlıq etsə də, bu, azyaşlıların həmin məzmuna çıxışını məhdudlaşdırmayıb. Üstəlik, TikTok-un alqoritmik “Sənin üçün” (For You) lentində videolar istifadəçinin xüsusi seçimi olmadan da qarşısına çıxa bilir. Bu səbəbdən məhkəmə hesab edib ki, xəbərdarlıq qeydinin olması söyüş və təhqirlərin yaratdığı təsiri aradan qaldırmır. AİHM qərarında vurğulayıb ki, dövlət orqanları Miladzeyə qarşı cinayət işi açmayıb, onun sosial şəbəkə hesablarını bağlamayıb və videonu məcburi qaydada silməyib. Tətbiq olunan sanksiya yalnız qanunda nəzərdə tutulan minimum məbləğdə inzibati cərimə olub.

Məhkəmə həmçinin qeyd edib ki, Miladze bundan sonra da sosial şəbəkələrdə hakimiyyət orqanlarını sərt şəkildə tənqid etməkdə davam edib və onun ictimai fəaliyyətinə ümumi məhdudiyyət qoyulmayıb. Nəticədə Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstan dövlətinin müdaxiləsinin “müvafiq və kifayət qədər əsaslandırılmış” olduğunu bildirib və qərara alıb ki, İrakli Miladzenin ifadə azadlığı hüququ pozulmayıb. Bu qərar sosial şəbəkələrdə siyasi tənqidin sərhədləri ilə bağlı mühüm presedent kimi qiymətləndirilir. AİHM bir daha vurğulayıb ki, demokratik cəmiyyətlərdə hakimiyyətin sərt tənqidi qorunsa da, açıq təhqir, alçaltma və vulqar hücumlar ifadə azadlığının mütləq müdafiə etdiyi davranış forması hesab edilmir.musavat.com



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2026