Mobil versiya
Səttar Möhbalıyev: "Azərbaycan Şərq ilə Qərbi birləşdirən mühüm tranzit mərkəzinə çevrilib"
Tarix: 02-09-2025 | Saat: 08:43
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Səttar Möhbalıyev: "Azərbaycan Şərq ilə Qərbi birləşdirən mühüm tranzit mərkəzinə çevrilib"

Azərbaycan və Çin arasında diplomatik münasibətlər müasir beynəlxalq sistemdə qarşılıqlı hörmət, bərabərlik və strateji tərəfdaşlıq prinsipləri üzərində inkişaf edir. İkitərəfli əlaqələrin əsası enerji, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı və texnologiya sahələrində atılmış mühüm addımlarla daha da möhkəmlənir. Xüsusilə də “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Azərbaycan Şərq ilə Qərbi birləşdirən mühüm tranzit mərkəzlərindən birinə çevrilib. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan-Çin münasibətləri yalnız iqtisadi deyil, həm də siyasi müstəvidə strateji əhəmiyyət daşıyır.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdür və hər bir tərəfdaşla münasibətləri qarşılıqlı fayda prinsipi əsasında qurur. Çinlə əməkdaşlığımız bu baxımdan xüsusi yer tutur.” 2025-ci il sentyabrın 1-də Çinin Tiencin şəhərində keçirilən “ŞƏT plyus” formatlı görüşdə Prezident İlham Əliyev, Çin–Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu vurğulayan mühüm fikir söylədi: “Ötən il Astanada strateji tərəfdaşlıq qurduq, bu il isə Çinə dövlət səfərim zamanı Birgə Bəyanat imzalandı. Bu, Azərbaycan–Çin münasibətlərində yeni bir səhifə açdı.” Bu sitat millət vəkili tərəfindən Azərbaycanın regionda oynadığı geostrateji rola dair açıq mesaj kimi dəyərləndirilir. Səttar Möhbalıyev hesab edir ki, “hərtərəfli strateji tərəfdaşlıq” statusunun təsis edilməsi əlaqələrin ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq strateji blok səviyyəsinə keçirilməsinə şərait yaradır. Çin–Azərbaycan münasibətləri artıq yalnız iqtisadi deyil, həm də geosiyasi müstəvidə yenidən formalaşır, qlobal təşəbbüslərə qətiyyətli dəstək olur. Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi: “Biz Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya təşəbbüslərini fəal şəkildə dəstəkləmişik. Qlobal İdarəetmə Təşəbbüsünü beynəlxalq hüququn əsas normativlərinə uyğun zamanında atılmış addım kimi alqışlayırıq.” Bu, Azərbaycanın dünya siyasi sistemində çoxtərəfli diplomatik qurumlarla inteqrasiyasının göstəricisidir. Çıxışda qeyd olunan statistik göstəricilər isə daha böyük mətləblərdən xəbər verir. “2022-ci ildən bəri Orta Dəhliz vasitəsilə yükdaşımaların həcmi 90 %-ə yaxın artıb”, həmçinin tranzit müddətinin kəskin azalması Azərbaycanın Avrasiyanın logistik qovşağı kimi mövqeyini gücləndirməsi kimi qiymətləndirilir. Cənab Prezident deyib: “Azərbaycan ‘Bir kəmər, bir yol’ təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir və bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq.” Bu açıqlama, ölkəmizin Çinlə yalnız dialoq deyil, həm də əsas infrastruktur təşəbbüslərində fəal tərəfdaş olduğu mesajını verir.
Artıq siyasi dairələr başa düşür ki, bu çıxışla Azərbaycan həm Çin, həm ŞƏT, həm də qlobal diplomatik platformalarla çoxtərəfli əməkdaşlığını gücləndirir. Bu strategiya ölkəmizin sabitlik, etibarlılıq və güc mərkəzi kimi imicini möhkəmləndirir. Cənab Prezident Ilham Əliyevin çıxışı ilə qeyd edilən mesajlar Çinlə strateji tərəfdaşlıq yeni səviyyədə olduğunu, Azərbaycanın Qlobal təşəbbüslərə aktiv dəstək verdiyini, Nəqliyyat-logistika infrastrukturu ilə Avrasiyada nüfuz mövqeyini qoruduğunu, “Bir kəmər, bir yol”a əməli münasibətini və çox istiqamətli diplomatik balansı çox aydın şəkildə göstərir. Bu amillər cənab Prezidentin çıxışının həm də siyasət və beynəlxalq əlaqələr sahəsində ciddi strateji sənəd olduğunu təsdiqləyir-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-09-2025