Mobil versiya
Milli Məclisin 2025-ci ilin yaz və növbədənkənar sessiyalarının fəaliyyəti – HESABAT
Tarix: 15-07-2025 | Saat: 15:14
Bölmə:Manşet / Siyasət | çapa göndər

Milli Məclisin 2025-ci ilin yaz və növbədənkənar sessiyalarının fəaliyyəti –

Xəbər verdiyimiz kimi, Milli Məclisin 2025-ci il üçün yaz sessiyasının sonuncu plenar iclası mayın 30-da keçirilib. Ötən gün keçirilən iclasla Milli Məclisin 2025-ci il üçün növbədənkənar sessiyası öz işini bitirib.

aia.az-ın məlumatına görə, yaz sessiyasında parlamentin 14 iclası keçirilib, 65 qanun qəbul edilib.

Yəni, 55 qanunda, o cümlədən 2 Konstitusiya qanununda dəyişiklik qəbul edilib, 8 beynəlxalq sənəd təsdiq olunub.

Mayın 8-də parlamentin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunan xüsusi iclası keçirilib. Bu mövzuda keçirilən digər tədbir Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkil etdiyi elmi-praktik konfrans olub. Eyni mövzuda Qarabağ Universitetinin bir qrup tələbəsi ilə də görüş keçirilib.

Sessiya dövründə 3 ictimai dinləmə və 3 ictimai müzakirə təşkil olunub. Milli Məclis 5 beynəlxalq tədbirə ev sahibliyi edib.

Yaz sessiyasında Milli Məclisin 60 deputatı 32 ölkəyə 50 səfər həyata keçirib. Deputatlarımız 13 beynəlxalq təşkilatın tədbirlərində iştirak və çıxış ediblər. Millət vəkillərimiz Rumıniyada keçirilən prezident seçkiləri və Tacikistanda keçirilən parlament seçkilərini müşahidə ediblər. 41 ölkənin və 8 beynəlxalq təşkilatın 48 nümayəndə heyəti, ümumən 443 nəfər xarici qonaq Milli Məclisdə olub.

Milli Məclis sədrinin 4 ölkəyə rəsmi və 3 ölkəyə işgüzar səfərləri olub. Spiker Milli Məclisdə 3 ölkənin dövlət başçıları, 16 ölkənin parlament sədrləri və sədr müavinləri, 3 beynəlxalq təşkilatın rəhbərləri, 2 ölkənin icra hakimiyyəti orqanı və partiya nümayəndələri, 7 dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirib.

Yaz sessiyası dövründə Milli Məclis Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərinin parlamentləri ilə əməkdaşlıq haqqında, eləcə də Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında, həmçinin Tolerantlıq və Sülh Təşkilatı arasında memorandumlar imzalanıb.

Milli Məclisin 2025-ci il növbədənkənar sessiyası

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin yaz sessiyasının 2025-ci il mayın 30-da keçirilmiş sonuncu plenar iclasını bağlı elan edərkən deyib ki, 85 deputat növbədənkənar sessiyanın çağırılması üçün ona müraciət edib.

Növbədənkənar sessiya dövründə - iyunun 3-dən iyulun 14-dək Milli Məclisin 7 iclası keçirilib. 45 qanun və qərar, o cümlədən 2 Konstitusiya qanunu qəbul olunub, 5 beynəlxalq müqavilə və konvensiya təsdiq edilib.

Milli Məclisdə 2 ictimai dinləmə keçirilib. Milli Məclisin ev sahibliyi ilə Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Baş Assambleyası təşkil edilib. Tədbirdə təşkilatın üzvü olan 10 ölkə parlamentinin və 8 beynəlxalq təşkilatın 115 nəfərədək təmsilçisi iştirak edib.

Milli Məclisin 19 deputatı 11 xarici ölkəyə 24 səfər həyata keçirib. Deputatlarımız 7 beynəlxalq təşkilatın tədbirlərində iştirak ediblər. 18 xarici ölkənin və 6 beynəlxalq təşkilatın 30 nümayəndə heyəti, ümumən 144 nəfər xarici qonaq Milli Məclisdə olub.

Milli Məclisin sədri Azərbaycanda səfərdə olan 3 ölkənin parlament sədrləri və 9 ölkənin ombudsmanları ilə görüşlər keçirib. Spikerin 3 ölkəyə işgüzar səfərləri olub. O, Pakistan və Belçikanın Azərbaycandakı səfirləri ilə görüşüb.

Məlumat üçün bildirək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır.

Milli Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-07-2025