Mobil versiya
Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!
Tarix: 30-05-2025 | Saat: 10:20
Bölmə:Özəl | çapa göndər

Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!

Mayın 28-də Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir.
Laçın Beynəlxalq Hava Limanının açılışından sonra Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi olan “Dost Aqropark”da istehsal edilən məhsullara baxdılar. Qeyd edildi ki, kompleksdə “ağıllı kənd təsərrüfatı” texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulub. Aqroparkda hazırda 120 nəfər işlə təmin olunub. Tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.
Dövlət başçısı İlham Əliyev hər bir çıxışında 30 illik işğal dövrünün reallıqlarından, Azərbaycanın tarixi Zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından, onların regionda və dünya siyasətində yaratdığı reallıqlardan geniş bəhs edir. Müstəqillik Gününə həsr edilən tədbirdəki çıxışında da diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldərək bildirdi ki, Azərbaycan ərazisinin təxminən 20 faizi erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, qaçqın-köçkün həyatına başlamışdır. Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb. Güc topladıq, beynəlxalq müstəvidə daha güclü mövqelərə sahib olduq. Beynəlxalq təşkilatlar çərçivəsində öz haqq işimizi apardıq. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır. Azərbaycan, eyni zamanda, güclü iqtisadiyyat qurdu və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayrıldı. Güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi Qələbəyə aparan amillərdir.
Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdə dost, qardaş Türkiyə və Pakistan liderlərinin iştirakını önə çəkərək onu da vurğuladı ki, üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk: «Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür. O da qeyd edildi ki, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq.
Qeyd edək ki, Azərbaycan-Türkiyə münasibətləri tarixi, mədəni və etnik bağlar üzərində qurulmuş, zaman keçdikcə dərinləşərək müttəfiqlik səviyyəsinə yüksəlmiş strateji tərəfdaşlıq nümunəsidir. «Bir millət, iki dövlət» fəlsəfəsi bu münasibətlərin ideoloji və emosional təməlini təşkil edir. İki ölkə arasında əməkdaşlıq enerji, nəqliyyat, hərbi, müdafiə sənayesi, mədəniyyət, təhsil və diplomatiya sahələrini əhatə edir və regional təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə çatdırdı. Bu sənəd yalnız iki dövlətin hərbi sahədə qarşılıqlı öhdəliklərini deyil, həm də siyasi, iqtisadi və mədəni sahələrdə birgə fəaliyyət mexanizmlərini müəyyənləşdirdi. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edərkən bildirir ki, biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır: «Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim və Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.»
Azərbaycan və Pakistan arasındakı münasibətlər də yalnız diplomatik əlaqələrdən ibarət deyil. Bu iki ölkə arasında çoxəsrlik qardaşlıq və dərin mənəvi bağlılıq mövcuddur ki, bu da onların beynəlxalq səviyyədə bir-birinə dəstəyini daha da gücləndirir. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmaqla yanaşı, həm də keçmiş Qarabağ münaqişəsində Azərbaycanın haqq səsini dünyaya çatdıran önəmli tərəfdaşdır. 2020-ci il Vətən müharibəsində Pakistanın Azərbaycanın yanında olması, siyasi dəstək verməsi qardaşlıq əlaqələrinin ən parlaq nümunəsidir. Bu hadisə həm də iki ölkənin strateji tərəfdaşlıq baxımından nə qədər möhkəm bağlandığını nümayiş etdirdi.Bu il 28 May-Müstəqillik Günü tarixə Azərbaycan-Türkiyə-Pakistan dostluğunun daha mühüm səhifəsi kimi yazılacaq. Belə ki, bu tarixdə Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü keçirildi. Zirvə görüşündəki çıxışında bir daha dost ölkələrlə münasibətlərin tarixinə qısa nəzər salan dövlət başçısı İlham Əliyev bildirdi ki, ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. Cənab İlham Əliyev çıxışında bir daha diqqəti Türkiyənin və Pakistanın 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə Azərbaycana mənəvi və siyasi dəstəyinə yönəltdi və vurğuladı ki, Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025