Mobil versiya
Mehman Ballayev: Unudulmaz Qanlı Yanvar
Tarix: 21-01-2025 | Saat: 09:24
Bölmə:Özəl | çapa göndər

Mehman Ballayev: Unudulmaz Qanlı Yanvar

Ölkəmizin tarixində qan yaddaşımıza əbədi həkk olunan 1990-cı ilin qanlı 20 Yanvar hadisələri özündə xalqımızın faciə və qəhrəmanlığını əks etdirən şanlı bir səhifədir. Ölkəmizi müstəqilliyə aparan yol məhz 20 Yanvar faciəsindən keçir. Keçmiş SSRİ rəhbərliyi xalqımızın azadlıq arzusunu boğmaq üçün, hətta ordunun gücündən istifadə edərək qan tökməkdən belə çəkinməsə də öz istəyinə çata bilmədi. Qeyd etmək lazımdır ki, azadlıq uğrunda mübarizənin əhəmiyyəti o oldu ki, xalqımız həm də özünün Ümummilli Lideri Heydər Əliyevi yenidən qazandı. O Lideri ki, hələ SSRİ kimi nəhəng bir imperiyanın sərt qanunlarının hökm sürdüyü bir vaxtda üçrəngli bayrağımızı Naxçıvanda rəsmi şəkildə yüksəltdi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra isə dövlət müstəqilliyimizin qorunub saxlanılması, dövlət atributlarımızın qürur mənbəyimizə çevrilməsi üçün böyük işlər gördü.
Həmin dövrdə Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev qanlı qırğının ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək dünyada bənzəri olmayan bu faciə ilə bağlı bəyanat verdi. İmperiyanın paytaxtında - bu faciənin törədilməsinin planı cızılmış bir şəhərdə dünyanın onlarla aparıcı Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin qarşısında verilən bu bəyanat beynəlxalq aləmdə böyük əks-səda doğurdu. Dahi şəxsiyyət Heydər Əliyev xalqın səsinə səs verməklə sübut etdi ki, bu ağır günlərdə Azərbaycanda - öz xalqı ilə birlikdə olmasa da, bu ağrını xalqla birgə yaşayır. Moskvada xüsusi nəzarət altında olduğunu, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyduğunu Ümummilli Liderimiz Azərbaycan xalqına qarşı Sovet ordusunun təcavüzünü pislədi, faciəni törədənləri, ayrıca da M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların dərhal Bakıdan çıxarılması tələbini irəli sürdü. Bu gün bəlkə də kimlərəsə bütün bunlar asan görünə bilər. Amma SSRİ-nin sərt qanunlarının hökm sürdüyü o dövrdə dünyanın ən böyük dövlətlərindən birinin rəhbərini elə onun öz vətənində belə kəskin tənqid etmək, doğrudan da böyük hünər və cəsarət tələb edirdi.
1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib.
Cənab Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb. Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Ulu Öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. 20 Yanvar şəhidlərin ailələrinə qayğı daim dövlətin diqqət mərkəzindədir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir və təqaüdlərin məbləği ildən-ilə artırılır.
Xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olan yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar. Biz xalq olaraq heç bir zaman xalqımızın tarixinə Qanlı Yanvar kimi yazılan bu hadisəni unutmayacağıq.

Mehman Ballayev
YAP Qazax rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025