Mobil versiya
Novruzəli Aslanov: “Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində SSRİ dönəmində ana dilimizə dövlət statusunun verilməsi tarixi nailiyyət idi”
Tarix: 08-11-2024 | Saat: 18:35
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində SSRİ dönəmində ana dilimizə dövlət statusunun verilməsi tarixi nailiyyət idi”
“Azərbaycanın ilk Konstitusiyası Cümhuriyyətin süqutundan və respublikamızın bolşevik Rusiyası tərəfindən işğalından sonra, 1921-ci ildə qəbul olunub. Bundan sonra Sovet İttifaqının dağılmasına qədər daha iki dəfə, 1925-ci və 1978-ci ildə SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyada Azərbaycan Konstitusiyası qəbul olunub. Təbii ki, bu konstitusiyalar məhz SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olduqlarına görə Azərbaycan xalqının milli mənafeylərinə xidmət etmirdilər. Bununla belə, 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev hələ o dövrdə ana dilimizə dövlət statusu verilməsi faktının Konstitusiyada təsbit edilməsinə nail olmuşdu. 1978-ci il aprelin 2-də həmin yeni Konstitusiya layihəsinin müzakirəsi ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bununla Ümummilli Lider Heydər Əliyev illər sonra yenidən bərpa olunacaq müstəqilliyimizin əldə olunmasında və qorunub saxlanmasında əsas rol oynamış milli azərbaycançılıq ideologiyasının formalaşdırılması istiqamətində ən önəmli addımlarından birini atmış oldu.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasının hazırlanmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolunu diqqət mərkəzinə gətirərək bunları deyib: “1993-cü ildə, öz müstəqilliyini yeni bərpa etmiş Azərbaycanın dərin böhran işərisində olduğu, vətəndaş müharibəsi və ölkənin parçalanması kimi real təhlükələrlə üz-üzə qaldığı çətin məqamda, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə xalqın təkidli tələbi nəticəsində qayıdışı ilə müstəqil Azərbaycan dövlətçiliyinin əsası qoyuldu. Ulu Öndər xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirməklə özünün tarixi missiyasını yerinə yetirdi və dövlətçiliyik tariximizin şərəfli səhifələrini yazdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması oldu. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumun nəticələrinə əsasən dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Konstitusiyada dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdur. Əsas Qanunun qırx səkkiz maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Azərbaycan Konstitusiyasında dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur. Bu tarixi hadisənin, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunmasının müstəsna əhəmiyyəti nəzərə alınaraq Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən Azərbaycanda noyabrın 12-si Konstitusiya Günü elan edilib.”

Fikirlərini davam etdirən N.Aslanov sonrakı illərdə Konstitusiyaya olunmuş əlavə və dəyişikliklərdən bəhs edib və xüsusi olaraq vurğulayıb ki, bu yeniliklər Əsas Qanunun təkmilləşməsinə böyük töhfə olub və bununla da birbaşa milli maraqlarımızın daha mükəmməl formada təmin olunmasına zəmin yaradıb: “Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Azərbaycan Konstitusiyasının mükəmməl bir sənəd olduğunu vurğulayaraq Əsas Qanun barədə belə demişdir: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.” Bununla belə yeni reallıqların tələblərinə cavab verə bilmək və əldə olunmuş uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə, 2002-ci, 2009-cu və 2016-cı illərdə dəyişikliklər edilib və əlavələr olunub. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə edilmiş əlavələr və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına dəqiq hesablanıb. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat - Birinci vitse-prezidentlik institutu yaradıldı. Bu yeni təsisat müstəqil Azərbaycanda dövlət və hakimiyyət idarəetmə mexanizmində yeni idarəetmə modeli oldu” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-12-2024