Mobil versiya
Dörd kəndimizin qaytarılması Müzəffər Ali Baş Komandanın tarixi zəfərlər silsiləsinin davamıdır
Tarix: 27-05-2024 | Saat: 13:48
Bölmə:Özəl | çapa göndər

Dörd kəndimizin qaytarılması Müzəffər Ali Baş Komandanın tarixi zəfərlər silsiləsinin davamıdır

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qazax rayonunun 30 ildən artıq erməni işğalı altında olmuş 4 kəndin nəzarətə götürməsi Vətən müharibəsindəki Zəfərimizin, ərazilərimizdə erməni separatizminə son qoyulmasının məntiqi davamıdır
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb. Qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib. 15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. Mayın 24-dən etibarən adları çəkilən kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü.
Kəndlərin işğal tarixi
Yuxarıda qeyd olunduğu kimi, Qazaxın 7 kəndinin işğalı 90-cı illərin əvvəlinə təsadüf edir. Bağanıs Ayrım kəndi Qazax rayonunun Əskipara inzibati ərazi vahidində yerləşirdi. XVIII əsrin əvvəllərində yaranmış, keçmiş adı Seyid Ayrım olmuş bu kənd zaman-zaman ermənilərin hücumlarına məruz qalmış, nəticədə məcburiyyət qarşısında öz ilkin yerini dəyişməli olmuşdur. Bu dəyişmələr zamanı erməni riyakarlığı və rusların onlara dəstək olması da az rol oynamamışdır. Ermənilərin məkrli niyyətləri sovet dövründə də davam etmiş, 1984-85-ci ildə Qazax rayonundan 2105 hektar torpaq sahəsi Ermənistana verilmiş, Bağanıs Ayrım kəndinin 42 hektar torpağı onlara "bağışlanmışdı”. Bu səbəbdən də Bağanıs Ayrım erməni kəndlərinin əhatəsində qalmışdı. İşğal olunana qədər kənddə 450 nəfər yaşayırdı. Bağanıs Ayrımda 101 ev, 113 təsərrüfat var idi. Əhalinin şəxsi mal-qarasının, davarının sayı 300-dən çox olardı. Camaat əsasən, maldarlıq və arıçılıqla məşğul idi. Kənddə ibtidai məktəb, tibb məntəqəsi, klub, kitabxana, 2 mağaza var idi. Aşağı Əskipara və Yuxarı Əskipara kəndləri ilə birlikdə M.Ə.Sabir adına üzümçülük sovxozuna tabe olan Bağanıs Ayrım kəndinin təsərrüfatı əvvəllər tütünçülük, 1975-ci ildən sonra isə üzümçülük olmuşdu. Bağanıs Ayrım kəndindən 2 km uzunluğu olan bir ərazidən Gürcüstanla Ermənistanı birləşdirən magistral yol keçirdi. Bu yol ermənilər üçün olduqca əhəmiyyətli və gərəkli idi. Bağanıs Ayrım kəndi 1990-cı il martın 23-dən 24-nə keçən gecə erməni silahlı quldurları tərəfindən işğal edilib. Təpədən dırnağadək silahlanmış düşmən gecə ikən kəndə hücuma keçib, evləri qarət etdikdən sonra od vurub, günahsız insanları qətlə yetirib, kənd sakinlərini diri-diri ocaqda yandırıb. Yandırılan kənd sakinlərindən böyüyü 75 yaşlı qoca kişi, kiçiyi isə 39 günlük körpə uşaq olub. Bu faciə zamanı 17 ev yandırılıb, 11 ev qarət edilib, əhali öz doğma yurd-yuvalarından didərgin düşərək rayonun müxtəlif yerlərinə səpələnib. Bununla da Bağanıs Ayrım işğal olunmuş və yandırılmış ilk kənd kimi Azərbaycan tarixinə daxil olub. Bunun ardına işğal edilən digər kəndlər də Ermənistan silahlı qüvvələri tərəfindən yandırılmış, talan edilmiş və dağıdılmışdır. İşğal olunmuş ərazilərdən 6.500 nəfər məcburən köçkün düşmüşdür. İllərlə bu 7 kəndin maddi-mədəniyyət nümunələri talanıb, dağıdılıb və yandırılıb. Belə ki, Yuxarı Əskipara kəndində V-VIII əsrlərə aid qala, X əsrə aid Şəkərqala məbədi kompleksi, XVII əsrə aid Bürc, Qatır körpüsü, Kazım körpüsü və s. memarlıq abidələri, eləcə də XIV əsrə aid yeraltı yol, səkkizillik məktəb, tibb məntəqəsi, klub və 10048 nüsxə kitab fondu olan kitabxana dağıdılaraq məhv edilib. Aşağı Əskipara kəndində 1 orta məktəb, xəstəxana, mədəniyyət evi, 6850 və 9980 nüsxə kitab fondları olan 2 kitabxana da dağıdılaraq məhv edildi. Bununla yanaşı, 8512 nüsxə kitab fondu olan Xeyrimli, 10335 nüsxə kitab fondu olan Qızılhacılı, 14829 nüsxə kitab fondu olan Sofulu, 16105 nüsxə kitab fondu olan Barxudarlı kənd kitabxanaları, eləcə də ictimai-iaşə obyektləri, məktəblər, xəstəxanalar dağıdılıb və məhv edilib. İşğal nəticəsində, ümumilikdə 8 kitabxana filialı və onlara məxsus 178285 nüsxə kitab yandırılmış və məhv edilmişdir.
Prezident İlham Əliyevin növbəti qələbəsi
Bu 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən qaytarılması Azərbaycanın və Prezident İlham Əliyevin növbəti parlaq qələbəsidir. Xatırladaq ki, qeyri-anklav kəndlərin qaytarılması məsələsini Prezident İlham Əliyev 2020-ci ildən qaldırıb. Ötən müddət ərzində bu mövzu daim gündəmdə saxlanılıb, bu istiqamətdə ardıcıl iş aparılıb, bu məsələ Ermənistan qarşısında daim qaldırılıb, tələblər səsləndirilib. Ermənistanda bu məsələyə qarşı çıxan müəyyən qüvvələr olsa da, Azərbaycanın, onun liderinin təkidli, sarsılmaz iradəsi yekunda öz nəticəsini verdi. Bu addımın məhz Qazaxdan başlaması isə heç də təsadüfi deyil. Delimitasiya prosesinə sərhədin məhz bu nöqtəsindən start verilməsi Azərbaycanın təkidi ilə mümkün oldu. Maraqlı məqam odur ki, bu məsələdə Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan razılığa gəldilər.
Xatırladaq ki, Qazaxın həmin 7 kəndi 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunub. Bu kəndlərdən 4-ü (Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı, Xeyrimli) esklav olmayan yaşayış məntəqələridir, 3-ü isə (Yuxarı Əskipara, Barxudarlı, Sofulu) ekslavdır (hər tərəfdən Ermənistan ərazisilə əhatə olunub). Hazırda qalan kəndərin Azərbaycana qaytarılması gündəmin əsas müzakirə məsələsidir. Rəsmi Bakı bildirib ki, digər 3 kəndin və Naxçıvanın işğal altındakı esklav olan Kərki kəndinin qaytarılması məsələsi müzakirə olunmalıdır.
Göründüyü kimi, Prezident İlham Əliyev tariximizdə ərazi itkisi ilə üzləşdiyimiz ədalətsizlikləri bir-bir aradan qaldırır, torpaqlarımızı qarış-qarış özümüzə qaytarır. 4 kəndin qaytarılması ilə bağlı razılaşma mühüm amilləri də ön plana çıxardı. Birincisi, Fransa başqa olmaqla müxtəlif Qərb ölkələri ifşa oldu. Məlumdur ki, bu ölkələr Azərbaycanın Ermənistana hücum etməyə hazırlaşdığını iddia edir və bu məsələ üzərindən bölgəyə müdaxilə etməyə çalışırdılar. Rəsmi Bakı isə ABŞ və Avropa İttifaqının bu məsələlərə və onlar üzərindən bölgəyə müdaxiləsinə imkan vermədi. İkincisi, Bakı-İrəvan xəttində münasibətlərin normallaşması, problemlərin həll edilməsi və sülh sazişinin imzalanması üçün ən effektiv yolun ikitərəfi format olduğu bir daha əyani şəkildə isbatlandı. Azərbaycan və Ermənistan sərhədin bu istiqamətində delimitasiya prosesinin həyata keçirilməsinə razılaşdı və buna müzakirə yolu ilə nail oldular. Növbəti mühüm amil ondan ibarətdir ki, Cənubi Qafqazda sülhün qısa müddətdə təmin olunması üçüncü tərəflərin, xüsusilə Qərb dövlətlərinin və neoimperialist qüvvələrin proseslərdən uzaq durmasından asılıdır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024