Mobil versiya
Fikrət Yusifov: Əgər bu “SOS” dursa, onda 1992-1993-cü illərdəki iqtisadi durumun adı nə idi?
Tarix: 21-10-2016 | Saat: 12:34
Bölmə:İqtisadiyyat | çapa göndər




Son günlər mətbuat səhifələrində ölkənin mövcud iqtisadi vəziyyətini az qala “fəlakətin bir addımlığındayıq” kimi təqdim etməyə cəhdlər göstərilir. Bəli, bütün dünyada gedən iqtisadi geriləmələr Azərbaycandan da yan keçməyib. Ancaq bu fəlakət deyil!



Əgər biz bu gün 3,9% ümumi iqtisadi azalmanı və 11% illik inflyasiyanı fəlakət sayıb, “SOS” çağrışı ediriksə, onda səriştəsiz idarəçilik nəticəsində 1991-1993-cü illərdə iqtisadiyyatda yaranmış o xaosa nə ad verməliyik? İqtisadçı olan hər kəs çox gözəl bilir ki, məhz həmin o durumdan sonradan ölkədə 1700-1800% illik inflyasiya baş verdi. Yaranmış vəziyyətdə İqtisadiyyatın bərpasına yönəli addımlar yalnız 1993-cü ilin sonlarından atılmağa başlndı. Ona qədər isə iqtisadiyyatın acınacaqlı halı heç kimi maraqlandırmırdı. Məhz 1993-cü ilin sonlarından başlayan sistemli bərpa tədbirləri 1995-ci ilin axırlarına yaxın vəziyyətin sabitləşməsinə gətirib çıxara bildi.

Bu gün iqtisadi duruma “SOS” qiyməti verərkən istifadə olunan bütün məlumatlar Dövlət Statistika Komitəsinin məlumatlarıdır. Bu həmin o Statistika Komitəsidir ki, ölkədə iqtisadi artım templəri yüksək olduğu dönəmlərdə müxalif cəbhədə hər dəfə onun rəqəmlərinə bir inamsızlıq ifadə olunurdu. Bu gün nədənsə Dövlət Statistika Komitəsinin yayımladığı və real iqtisadi durumu əks etdirən bu rəqəmlərdən hər kəs məmuniyyətlə istifadə edib, mövcud iqtisadi duruma qiymət verməyə çalışır və heç kim onların dürüstlüyünü şübhə altına almır. Yaxşı, əgər bu məlumatlar qəbul edilirsə, onda nə üçün onların yalnız iqtisadiyyatın haradasa gerilədiyini göstərən hissələrindən istifadə olunur? Axı keçən ilki Ümumi Daxili Məhsulun 45.1 milyard manatdan cəmisi 1,7 milyard manat və ya 3,9% azalması nə üçün “SOS” qiyməti almalıdır? Axı başqa sahələrdə müsbət nəticələr az deyil! Cari ilin doqquz ayında sənaye məhsullarının istehsalında 0,2%, qeyri-neft sənayesində 3,6%, çox əlverişsiz iqlim şəraitinə baxmayaraq kənd təsərrüfatında 2,4%, informasiya və rabitə xidmətlərində 5,5% artım müşahidə olunub. 2016-cı ilin yanvar-sentyabr aylarında əsas kapitala 10,3 milyard manat məbləğində vəsait yönəldilib. Bu vəsaitin 8,2 milyard manatı və ya 80,2 faizi məhsul istehsalı obyektlərinin, 1,6 milyard manatı (15,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 440,3 milyon manatı (4,3 faizi) isə ümumi sahəsi 1205,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4,0 milyard manatını və ya 39,0 faizini daxili investisiyalar, 6,3 milyard manatını və ya 61,0%-ni xarici investisiyalar təşkil edib. Ağıllı xarici investorlar iqtisadiyyatı “SOS” çağrışı vəziyyətində olan bir ölkəyə, onun büdcəsinin gəlirlərinin 40%-dən çox olan bir həcmdə investisiyanı heç vaxt yatırmazlar! İqtisadiyyatı “SOS” durumda olan bir ölkəyə Davos İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə görə 37-ci yeri heç vaxt verməz. İqtisadiyyatı “SOS” durumda olan bir ölkənin 40 milyard dollardan çox valyuta rezervləri ola bilməz! Bu qəbildən olan çoxlu başqa misallar da gətirmək olar...

Mən artıq iki ilə yaxındır ki, iqtisadi mövzuda yazan həmkarlarımı obyektiv olmağa səsləyirəm. Nöqsan olan məqamları isə heç bir yazardan az tənqid etmirəm. Tənqid edərkən obyektivliyi itirmək olmaz! Obyektivliyi itirməklə müəllif özünün bütün yazdıqlarını şübhə altına almış olur.

Azərbaycan iqtisadiyyatının mövcud durumunu düzgün qiymətləndirməyən və pessimist əhval-ruhiyyəyə köklənmiş həmkarlarıma sonda onu demək istəyirəm ki, əgər bir ölkənin iqtisadiyyatına 9 ayda az qala Gürcüstan və Ermənistanın bir illik büdcəsi qədər investisiya yatırılırsa onda hansı “SOS”-dan söhbət gedə bilər? Unutmayın biz nə qədər arıqlasaq da tək dərimiz bir ....... yükü qədərdir!

Əgər bu gün yaranmış durumda hökumət əl-qolunu yanına salıb heç nə etməsəydi, onda rahatsızlıq üçün əsas ola bilərdi. Son bir ildə qəbul edilmiş və ölkə iqtisadiyyatında kordinal dəyişikliklərə aparan qətiyyətli qərarlar yaxın iki ildə ölkə iqtisadiyyatının neft amilindən asılılığını tam aradan qaldıracaq və iqtisadi artım templəri təmin olunacaqdır. Buna heç kimin şübhəsi olmasın...



Fikrət Yusifov
Iqtisad elmləri doktoru,professor



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024