Mobil versiya
Müstəqil siyasətin reallıqları
Tarix: 13-12-2023 | Saat: 11:08
Bölmə:Siyasət / Özəl | çapa göndər

Müstəqil siyasətin reallıqları

Çağdaş reallıqlardan biri həm də odur ki, dünyada gedən mürəkkəb proseslərin fonunda faktiki olaraq beynəlxalq hüquq işləmir. Dövlətlər arasında etimadsızlıq mühiti formalaşmaqda və dərinləşməkdədir. Təbii ki, belə bir beynəlxalq şəraitdə hər bir dövləti ilk növbədə özünün milli maraqları düşündürür. Hər bir dövlət yaranmış vəziyyətdən öz mənafeləri naminə yararlanmağa çalışır. Amma heç bir dövlət bu prosesdə müstəqil siyasət yürüdə bilmir.
Təbii ki, bu kontekstdə bizi sevindirən əsas məsələ dünyanın geosiyasi və geoiqtisadi dəyişikliklər, birqütblü dünyanın çöküşü və çoxqütblü dünyanın cizgilərinin daha qabarıq şəkildə özünü göstərdiyi reallıqda Azərbaycanın müstəqil və qətiyyətli siyasət həyata keçirməsidir. Azərbaycan heç bir siyasi-hərbi qütbün təsiri altında deyil və öz siyasətini kənar diqtələr altında formalaşdırmır. Ölkə başçısı cənab İlham Əliyevin mahir diplomatic gedişləri, hadisələrə birmənalı qiymət verməsi və özünün dediyi kimi, nəyi, necə və nə vaxt etməyi bilməsi və bütün fəaliyyətində xalqa arxalanması müstəqil siyasətin əsasını təşkil edir.
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumda cənab Prezidentin çıxışı və sualları cavablandırması bu qətiyyətli və konkret mövqenin bird aha sübutu oldu.
Cənab Prezident regionda baş verən proseslərin təşəbbüskarının Azərbaycan olduğunu və bunun da arxasında ölkəmizin iqtisasi-siyasi və hərbi gücünün, eləcə də müstəqil fəaliyyətin nəticəsi olduğunu qeyd etdi: “Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi və biz onları ötən görüşlərimizdə ətraflı şəkildə müzakirə etmişik.”
Postmünaqişə dövründə erməni vətəndaşların Qarabağda yaşamasına dair sualı cavablandıran ölkə başçısı qeyd etmişdir ki. Azərbaycan vətəndaşlığını və qanunlarını qəbul edən hər kəs azad şəkildə, digər vətəndaşlarla birlikdə yaşamaq hüququna malikdir və buna Azərbaycan dövləti tam təminat verir: “Bu gün o təklif masa üzərindədir. Elektron portalımız fəaliyyət göstərir. Artıq bir neçə Qarabağ ermənisindən müraciət daxil olub. Onların bəziləri orada qalıb yaşamağa üstünlük verir. Biz Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrini təyin etmişik ki, orada rahatlığını təmin edə bilməyənlərə yardım göstərsinlər. Çünki bu gün həmin ərazidə sosial agentlik tərəfindən müdafiəyə ehtiyac var – qida, istilik və yaşayış üçün digər şəraitlə təmin olunmaq lazımdır. Deyə bilərəm ki, qalanların sayı çox deyil. Lakin qalanların qeydinə qalınır. Qayıtmaq istəyənlər isə sizə artıq məlumat verdiyim mexanizmdən istifadə edə bilərlər.”
Türk Dövlətləri Təşkilatının gələcəkdə NATO tipli bir təşkilata çevrilmə ehtimalına dair suala cavabında ölkə başçısı hazırda belə bir niyyətin olmadığını qeyd edərək bildirmişdir ki. “Hazırda biz NATO-ya bənzər təsisatın yaradılması haqqında danışmırıq. İlkin mərhələdə birgə təhlükəsizliyimizin hansı şəkildə təmin edilməsi ilə bağlı konsensus olmalıdır. Bunun üçün bütün ölkələrin razılığı olmalıdır. Mən, sadəcə, Azərbaycanın mövqeyini ifadə etdim. Sual versəniz ki, bununla bağlı hansı əlavə ideyalar var, deyə bilərəm, biz müdafiə və müdafiə sənayesi sahələrində daha sıx əməkdaşlıq etməliyik, birgə istehsal, birgə təlimlər keçirməliyik və sərhədlərimizin qorunması üçün birgə səylər göstərməliyik. Türk Dövlətləri Təşkilatı ölkələrinin milli təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi baxımından bunlara nail olmaq üçün yol xəritəsi hazırlanmalıdır. Zənnimcə, bu, praktiki baxımdan faydalı ola bilər və hər bir ölkə vahid amal naminə öz töhfəsini verə bilər. “
Fransanın regionda söz sahibinə çevrilmək yolunda çabaları, bunun üçün Ermənistandan alət kimi istifadəsi açıq-aydın görünür və təbii ki, ikrah hissi doğurur. Son vaxtlar bu ölkə rəhbərlərinin yersiz bəyanatları səslənməkdədir. Lakin bu ölkənin və onun kimi digər ölkə və təşkilatların ikili standartları artıq kifayət qədər elə onların özlərinə qarşı etimadsızlıq mühiti formalaşdırmışdır.
Minsk qrupunun fəaliyyətinin 30 il ərzində heç nəyə yaramadığını bildirən ölkə başçısı bildirdi ki “Sülhlə bağlı onu deyə bilərəm ki, düşünürəm, biz sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi.
Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Düşünürəm ki, ya sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu.”
Ölkəmizin logistika sahəsində imkanlarının genişliyini qeyd edən cənab Prezident İlham Əliyev kommunikasiya xətlərinin açılması, yüklərin daşınmasında alternativlərin reallığa çevrilməsini müjdələdi: “Eyni zamanda, hesab edirəm ki, bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan seqmentinin genişləndirilməsi də başa çatacaq. Bu da 100 milyon ABŞ dollarından çox olan, 100 faiz Azərbaycan investisiyasıdır. Bu seqmentdə maksimum bir neçə ay ərzində yükdaşımalar bir milyon tondan 5 milyon tona qədər genişlənəcək.
Beləliklə, bu, yeni yüklərin qəbulu üçün yeni imkanlardır. Həm də bu yol işğaldan azad edilmiş ərazilərdən, xüsusən də Zəngilandan keçəcək - yəqin ki, artıq orada olan dəmir yolunu görmüsünüz. Bizim bu yolu Ermənistan ərazisindən davam etdirmək planımız var idi, lakin Ermənistan bundan imtina etdi. Beləliklə, biz İran tərəfi ilə razılaşdıq və biz artıq maşınlar üçün körpü, sonra qatarların Ermənistandan yan keçməsi üçün və Araz çayının cənub sahilində təxminən 50 kilometr dəmir yolu çəkilməsi üçün körpü inşa edirik. Bu yol Naxçıvandan keçir və sonradan Türkiyə dəmir yolu sisteminə qoşulur. Türkiyə tərəfi bizə Qars-Naxçıvan dəmir yolunun da tikintisinin planlaşdırıldığını bildirdi. Beləliklə, bu, Orta Dəhlizin daha bir qolu olacaqdır - biri Gürcüstandan keçərək Qarsa və Aralıq dənizi limanlarına, digəri isə Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək. Bu, fiziki imkanları artırır, lakin, eyni zamanda, biz bu yolu kommersiya baxımından daha cəlbedici etməliyik. Bunun üçün biz artıq Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə arasında çox səmərəli əməkdaşlıq formatı yaratmışıq.”
Forum iştirakçılarının digər suallarını da cavablandıran cənab Prezident bir xətti xüsusilə vurğuladı ki, nə ediriksə hamısı özümüzə aiddir, müstəqil siyasi fəaliyyətin məhsuludur. Kim bizimlə dost kimi davranacaqsa bizim də münasibətimiz adekvat olacaq. Kim bizə diqtə etməyə çalışacaqsa bu da nəticəsiz qalacaqdır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə