Mobil versiya
Ulu Őndərin Öz xalqına sadiqliyinin təcəssümü olan prinsipial vətəndaş mövqeyi
Tarix: 11-12-2023 | Saat: 13:01
Bölmə:Özəl | çapa göndər

Ulu Őndərin Öz xalqına sadiqliyinin təcəssümü olan prinsipial vətəndaş mövqeyi

Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına,
milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır.
Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri
əsasında tərbiyə etməyi tövsiyə edirdi: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi,
əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu
böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik".
Milli-mənəvi dəyərlərimizin mənimsənilməsində, onun daha da təkmilləşdirilməsində doğma
dilimizin müstəsna rol oynadığı şübhəsizdir. Bu vacib amili nəzərə alan ulu öndər Heydər
Əliyevin təşəbbüsü və qətiyyəti ilə 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında
Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. Ulu öndər Heydər Əliyev müstəqillik
illərində gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi
irsini özündə yaşadan azərbaycançılıq ideyasının da təşəkkül və inkişafına diqqət yetirirdi.
O, azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür və milli-mənəvi dəyərləri bu
ideologiyanın ən mühüm istiqamətlərindən və tərkib hissələrindən biri kimi qiymətləndirirdi.
Onun vaxtilə söylədiyi və bütün dünya azərbaycanlıları üçün həmişə bir fəaliyyət devizi
olacaq bu fikri nə qədər dərin və mənalıdır: "Hər bir azərbaycanlı mənsubiyyətinə görə qürur
keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini yaşatmalıyıq". Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini
qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən,
inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Milli
dəyərlərimizə dərindən bələd olan Ümummilli Liderimiz xarici ölkələrə səfərləri zamanı
soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq azərbaycançılıq
ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi
tövsiyə edirdi: "Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə
yaşaya bilər, ancaq azərbaycançılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi
daim doğma Azərbaycanla bir vurmalıdır".Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə,
öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub
saxlamış və nəsildən-nəslə ötürmüşdür. Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi
insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları
təcəssüm etdirir. Müqəddəs daxili inama, mənəvi saflığa tapınan Azərbaycan xalqı tarixin ən
keşməkeşli mərhələlərində belə, mənəviyyatın təntənəsinə xidmət edən İslam dininin zəngin
dəyərlərindən dönməyərək bu dəyərlərə həmişə sadiq qalmışdır. İslam dininin mahiyyətini
dərk edən xalqımız onun insan ruhunu paklığa səsləyən müqəddəs çağırışlarına, mərasim
və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışmışdır. Ulu Öndər bu haqda
demişdir: "Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi
yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir".
Hətta insanların yaddaşında ateizm mərhələsi kimi qalan Sovet dönəmində də xalqımız öz
milli-mənəvi dəyərlərindən, dini baxışları və adət-ənənələrindən uzaqlaşmamış, əksinə, milli
və dini əxlaqa söykənərək xeyirxah işlər görərək, qohum-qonşulara, maddi yardıma ehtiyacı
olanlara əl tutaraq savab qazanmağa can atmışlar. Eyni zamanda xalqımız həmin dövrdə bir
çox qadağalara baxmayaraq milli və dini bayramlarını da qeyd etmişdir.
Respublikamızda ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ilk gündən
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti,
əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etmişdir.
Ümummilli Lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər)
xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam
mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların
bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənən bağlılığını və
islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır. Ulu öndər Heydər Əliyevin tez-tez
dindarlarla görüşməsi, dini bayramlarda məscidlərə getməsi, dindarların mənəvi
ehtiyaclarına həssaslıqla yanaşması xalq arasında həmişə böyük razılıq hissi ilə
qarşılanmışdır.
Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda dini bayramların, o
cümlədən Qurban bayramının rəsmi şəkildə qeyd olunmasını vurğulayan Ulu Öndər bu
bayramın bəşəri-mənəvi dəyərlərindən insanların faydalanmasının əhəmiyyətindən bəhs
edərək demişdir: "Müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi
qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən
faydalanmaq imkanları yaradır. İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət
prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixinin çətin dövrlərində belə, Qurban
bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin
bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini
ənənələrinə sədaqətinin parlaq ifadəsidir".
Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev
bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Bu gün 90-cı illərin
çətinliklərini artıq geridə qoymuşuq. Biz müasir Azərbaycan dövlətinin inkişafında yeni
mərhələ yaşayırıq. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu Prezident İlham
Əliyev inamla və sədaqətlə davam etdirir. Dəyişən yalnız onları hərəkətə gətirən qüvvələrdir.
Məsələn, xalq ilə ordu arasındakı münasibətlər, müharibənin aparılmasına xalqın münasibəti
və onun müharibəyə necə səfərbər olunması, ölkənin müdafiəsinin təşkilində xarici siyasətin
nəzərə alınması, ölkənin müdafiəsinin təşkilinin maddi və mənəvi amillərdən asılılığı, ölkənin
müdafiəsinin təmin edilməsi üçün dövlətin apardığı siyasətin xarakteri və s. Bu məqamların
sayı çoxdur və Azərbaycan xalqının qəhrəmanlıq tarixi də bütün bu məqamların yüksək
məharətlə icrasının ifadəsidir. Ulu öndər Heydər Əliyev də məhz Azərbaycan xalqının belə
qəhrəmanlıq tarixini bugünkü mübarizə üçün örnək sayırdı.
Azərbaycanın müstəqilliyinə sədaqət nümayiş etdirən, mənəviyyatca saf olan zabit
kadrlarının hazırlanması üçün ulu öndər Heydər Əliyev hərbi təhsil sisteminin yaradılmasına
və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdi. Məlumdur ki, hələ sovet dövründə
Heydər Əliyev bu mühüm sahədə dəyərli işlər görmüşdü və milli hərbi kadrlar hazırlığı üçün
qiymətli bir baza yaratmışdı. Ona görə də müstəqillik illərində hərbi təhsil bazasının daha da
inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün əlverişli imkan mövcud idi. Ulu öndər Heydər
Əliyev iştirak etdiyi tədbirlərdən birində Azərbaycanda Ali Hərbi Məktəbin, Ali Hərbi
Təyyarəçilik Məktəbinin, Ali Hərbi Dənizçilik Məktəbinin, Hərbi Akademiyanın, müxtəlif
təkmilləşdirmə kurslarının mövcudluğunu və onların milli hərbi kadrlar hazırlığı
istiqamətindəki fəaliyyətini məmnunluqla qeyd edirdi. Onun sözlərinə görə, artıq formalaşmış
olan hərbi təhsil sistemi Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün yeni zabitlər,
müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlayacaqdır ki, bu da Azərbaycan Ordusunun
müasir tələblərə uyğun inkişafına kömək edəcəkdir.
Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda hərbi təhsil sisteminin inkişafına və
möhkəmləndirilməsinə xüsusi diqqət yetirməsinin nəticəsi idi ki, atəşkəs dövründə mövcud
olan hərbi təhsil sisteminin kifayət qədər təkmilləşdirilməsi üçün ciddi işlər görüldü. Ulu öndər
Heydər Əliyevin şəxsi təşəbbüsü və qətiyyəti nəticəsində 1971-ci ildə əsası qoyulmuş
Cəmşid Naxçıvanski adına xüsusi internat məktəbi 1997-ci ildə ulu öndər Heydər Əliyevin
sərəncamı ilə C.Naxçıvanski adına Hərbi Lisey adlandırılmışdır. Atəşkəs dövründə ulu öndər
Heydər Əliyev dəfələrlə liseydə olmuş, orada hərbi təhsilin gedişi ilə maraqlanmışdı. 2003-cü
ilin aprelində ulu öndər Heydər Əliyev liseyin təşkilinin 30 illiyinə həsr edilmiş təntənəli
mərasimdə də iştirak etdi. Bu tipli tədris ocağının milli kadrların hazırlanması sahəsindəki
əhəmiyyəti nəzərə alındığı üçün Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il
tarixli sərəncamı ilə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı təşkil edildi. 2004-cü
ildə isə bu liseyin bazasında Heydər Əliyev adına Hərbi Lisey yaradıldı.
Sovet dövründən mövcud olan ali hərbi məktəblərin fəaliyyəti isə atəşkəs dövründə daha da
təkmilləşdirildi. Hələ sovet dövründə zabit kadrların hazırlığının tanınmış məktəblərindən
olan Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi Azərbaycanın müstəqilliyinin
qazanılmasından sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi adlandırıldı. Azərbaycan
Respublikası Prezidenti Heydər Əliyevin 20 avqust 2001-ci il tarixli sərəncamı ilə bu məktəb
Azərbaycan Ali Hərbi Məktəbi adlandırıldı. Azərbaycan Respublikası Prezidentinin 10 mart
2004-cü il tarixli fərmanı ilə məktəb indi Heydər Əliyevin adını daşıyır. Ulu öndər Heydər
Əliyevin ordu quruculuğunda irəli sürdüyü tələblərə onun bu istiqamətdəki təşkilatçılıq
qabiliyyəti və işgüzarlığı nümunə idi. Məsələn, təkcə 1993-1998-ci illər ərzində ulu öndər
Heydər Əliyev tərəfindən ordu quruculuğu məsələləri ilə bağlı 109 müşavirə, iclas və görüş
keçirilmişdi. Həmin tədbirlərdə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qarantı
olacaq möhkəm ordu formalaşdırılmasının ən müxtəlif məsələləri və vəzifələri müzakirə
edilmiş, əldə olunmuş qərarlar Müdafiə Nazirliyinin və digər müvafiq dövlət strukturlarının
fəaliyyətinin əsasını təşkil etmişdi. Ordu quruculuğu məsələlərinə dövlət rəhbərliyinin qayğı
və tələbkarlığının artırılması, bu istiqamətdə görülən işlərin sistemləşdirilməsi və
təkmilləşdirilməsi Silahlı Qüvvələrin formalaşmasına da müsbət təsir göstərirdi.
Ulu öndər Heydər Əliyevin qətiyyətinin və böyük sərkərdəlik məharətinin nəticəsi idi ki,
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu və 21 min
hektar ərazi işğaldan azad edildi. Bütün bunlar sübut edir ki, bu gün Azərbaycanın qüdrətli
və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin
bəhrəsidir.
Müasir ordu quruculuğunu xarakterizə edən, milli ordumuzun möhkəmlənməsinə geniş
imkanlar yaradan əsas amil dinamik iqtisadi inkişaf və ölkəmizin iqtisadi qüdrətinin
artmasıdır. İqtisadi inkişaf ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə
çatdırılmasına və Azərbaycanda hərbi sənaye potensialının gücləndirilməsinə geniş imkanlar
yaradır.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli
fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev regionda cərəyan edən proseslərin
istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün
Prezident İlham Əliyevi, eyni zamanda Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli
mühafizəçisi kimi görürük.
2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman,
elm, texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək
yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini
verir. Azərbaycanın mədəniyyət inciləri olan muğamın, aşıq musiqisinin, xalçaların
YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsində Heydər Əliyev Fondunun xidmətləri
danılmazdır. Bundan əlavə, nadir təbiət nümunələrinin, arxeoloji qazıntılar nəticəsində
tapılan maddi mədəniyyət nümunələrinin dövlət tərəfindən mühafizə edilməsi, muzeylərin
yaradılması və təmir-bərpa işlərinin aparılması Azərbaycan milli-mədəni irsinin
qorunmasında dövlətin gördüyü işlər sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər
Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir.
Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının
möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri
var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq
onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".Bu siyasət
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin
gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə
çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına mütləq əminlik yaradır.

Rəhimli Lamiyə
Nəsimi rayon sakini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-02-2024