Mobil versiya
Şirvan Şəhər İcra Hakimiyyətində şəhərdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub -Fotolar
Tarix: 06-09-2023 | Saat: 15:13
Bölmə:Seçki 2024 | çapa göndər

Şirvan Şəhər İcra Hakimiyyətində şəhərdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

5 sentyabr 2023-cü il tarixində şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, məsul əməkdaşlarının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhərdə ictimai-siyasi vəziyyət və humanitar sahədə həyata keçirilən işlər müzakirə edilib.
Öncə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov müşavirəni giriş sözü ilə açaraq, Şirvan şəhərində son zamanlarda aparılan abadlıq-quruculuq işlərindən, yeni infrastruktur layihələrinin icrasından, qarşıda duran vəzifələrdən danışıb. Dövlət başçısı tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar şəhər ərazisində həyata keçirilən tədbirlər barədə tapşırıq və tövsiyələrini verib.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini qeyd edərək, Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf konsepiyası barədə məlumat verib. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası Şirvan şəhərinin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcının qoyulmasında, şəhərin daha da müasirləşməsində, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayacağını bildirib. Əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Şirvan şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa ediləcək "Yeni Şirvan" yaşayış kompleksinin tikintisinə hazırlıq işlərinin başlanıldığını diqqətə çatdıraraq, hazırda ərazidə səyyar beton zavodun quraşdırıldığını və elektrik xətlərinin çəkildiyini bildirib.
Sonra şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva ötən aparat müşavirəsində verilən tapşırıqların icrası istiqamətində görülmüş işlər, Şəhər İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”, “Qəyyumluq və Himayəçilik Komissiyası”, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”, “Dini İşlər üzrə Komissiya” və “Maddi yardım edilməsinə tələbatın müəyyənləşdirilməsi məqsədilə komissiyanın fəaliyyəti barədə məlumat verib. Şəhərdə keçirilən ictimai-siyasi, mədəni-kütləvi tədbirlərlə yanaşı son illərdə şəhər ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin, keçirilən səyyar qəbul-görüşlərin və əldə olunan digər uğurların dövrü mətbuatda, kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə geniş işıqlandırılmasının, əhalinin məlumatlandırılması işinin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ulu öndərin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq olunmuş geniş Tədbirlər Planına uyğun olaraq, silsilə tədbirlərin keçirilməsi istiqamətində zəruri təşkilatı işlərin görüldüyünü qeyd edib.
Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursuna daim sadiqlik nümayiş etdirən, qazandığı nailiyyətləri ilə suveren Azərbaycan Respublikasının iqtisadi qüdrətinin artırılmasında yaxından iştirak edən şəhərimizin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyinin qeyd edilməsinə hazırlıqla əlaqədar bir sıra işlər görüldüyünü, şəhər İcra Hakimiyyəti başçısının 24.08.2023 tarixli, 201 nömrəli “Şirvan şəhərinin 60 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə Şirvan şəhərinin 60 illik yubileyi ilə əlaqədar Təşkilat Komitəsi və Təşəbbüs qrupu yaradıldığını, “Tədbirlər Planı”nın təsdiq edildiyini diqqətə çatdırıb.

ŞİHBA-nın İnformasiya təminatı və təhlil sektorunun müdiri İsa Namazov Regionların İnkişafı Analitik İnformasiya Sisteminə ötürülən statistik məlumatların təhlili və yaranmış nöqsanların aradan qaldırılması sahəsində görülmüş işlər barədə çıxış edib.

Sonra ŞİHBA-nın Şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Emil Məcidov çıxış edərək, şəhərin yol təsərrüfatının vəziyyəti, cari ilin 8 ayı ərzində və ötən il ərzində Şirvan şəhərinin avtomobil yollarında əsaslı təmir işlərinin vəziyyəti barədə məlumat verib.

Bildirib ki, “33 nömrəli Yol İstismarı” MMC tərəfindən cari ilin avqust ayına qədər şəhərin avtomobil yollarında 300 m2 çalalar bitumla doldurulmuş, 250 m2 çiyinlərdə əmələ gəlmiş çökmələr əl ilə doldurulmuş, 70 p/m bardyur təmir olunaraq rənglənmiş, Şirvan kanalı üzərindəki körpünün piyada keçid hissəsi təmizlənmiş, yağış sularının yoldan kənarlaşdırılması üçün 630 m2 su atmaları təmizlənmişdir. Bundan əlavə, 25 ədəd siqnal dirəkləri ağardılmış, asfalt beton örtükdə əmələ gələn 170 m2 çalalar asfalt beton qarışığı ilə təmir olunmuşdur.

“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində İstiqlaliyyət prospekti 3 və 7 nömrəli, 20 Yanvar küçəsi 1 və 2 nömrəli yaşayış binalarının qarşısında ümumi sahəsi 1,2 ha olan sayca 3-cü nümunəvi məhəllədə abadlıq işləri başa çatdırılmış və 28 aprel tarixdə bina sakinlərinin istifadəsinə verilmişdir. Binaların qarşısındakı avtomobil yollarına, avtodayanacaqlara və səkilərə ümumilikdə 3526 m2 asfalt-beton örtük vurulmuşdur.

Şəhərin Füzuli küçəsində, Bayramlı qəsəbəsi M.Ə.Sabir küçəsində cari təmir işləri başa çatdırılmış, ümumilikdə 3748 m2 asfalt-beton örtük vurulmuşdur.

Sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, aidiyyəti idarə və müəssisələrin rəhbərləri çıxış edərək görülən işlər və çətinliklər barədə məlumat veriblər. Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə