Ümummilli lider Heydər Əliyevin 100 illiyinə ithaf olunur -Fotolar
Tarix: 18-08-2023 | Saat: 14:04
Bölmə:Özəl | çapa göndər

Vətənə sədaqət imtahanı
İnsan övladı yaranışdan ömrününü yoxuşunu, enişini addım–addım keçərək səadət aramış, bəzən kədərə tuş gəlmiş, amma həmişə yaşamaq və xoşbəxtlik naminə həyat yollarında ümidlə irəliləmişdir. Xalqımızın min illər ərzində qazandığı inamdır. Hər qaranlıq gecənin bir işıqlı sabahı var. Tarix boyu Azərbaycan xalqı Allaha şükür edə–edə, ədalətə, haqqa ümid bəsləyə–bəsləyə əsrləri, vaxtı və zamanı arxada qoymuş, sabahlara xoşbəxtlik amalı ilə üz tutmuşdur. Çağdaş Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatının son 30 ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin – Heydər Əliyevin adı əməli fəaliyyəti ilə, gerçəkləşdiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər isə onun həm əməli fəaliyyətində, həm də fəlsəfi məfkurəsində – milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin sayəsində milli mənəvi dəyərlərimiz, soy–kökümüz özümüzə qayıtmış, 1993–2003–cü illər tariximizə inkişaf, tərəqqi dövrü kimi yazılmışdır.
Heydər Əliyev 1993–cü il iyunun 15–də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməklə adını Milli Qurtuluş günümüzə qızıl hərflərlə yazdı. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkə daxilində gərginlik və hakimiyyət böhranı pik həddə çatmışdı. 1993–cü ilin yayında Azərbaycan vətəndaş müharibəsinin astanasında idi. Heydər Əliyevin zəkası bütün sədləri aşaraq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarmış, ona həm bölgədə, həm də dünyada layiqli yer qazadırmışdır. Milli birliyin qorunmasında qətiyyətli Lider iradəsi öz gücünü göstərdi. Dünya şöhrətli siyasətçi, fenomen şəxsiyyət, əbədiyaşar lider, görkəmli dövlət xadimi Heydər Əliyev 1993–cü il 17 avqust tarixində Azərbaycan Respublikasının Milli Məclisində Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət barədə qərar qəbul etdi. Qərarda deyilirdi: ”Əlikram Hümbətov onun qanunazidd və cinayətkar hərəkətlərinə etiraz edənlərə zorakılıq edir, divan tutur, onları həbs etdirir. O, heç bir səlahiyyəti olmadan cinayət əməllərinə görə həbsdə olan Ə.Quliyevi və R.Nuriyevi azad etmək haqqında göstəriş verir. Onun bu qanunsuz göstərişini yerinə yetirmədiyinə görə, Cəlilabad rayon prokuroru Kərimağa Tağıyevi həbs etməyə cəhd göstərmiş, onu tapa bilmədikdə rayon prokurorluğunun işçilərindən M.Kazımovu, S.Mirzəyevi və rayon polis şöbəsinin rəisi A.Hacıyevi zor gücünə Lənkərana aparıb həbs etdirmişdir. Astara rayon polis şöbəsinin rəisi İbrahim Quliyev də Əlikram Hümbətovun qanunazidd tapşırıqlarını yerinə yetirmədiyinə görə girov götürülmüşdür. Lənkəran şəhər İcra hakimiyyətinin başçısı H.Məmmədov isə Əlikram Hümbətovun göstərişlərini yerinə yetirmədiyinə görə həbs olunmuşdur”.
Həmin gün Ümummilli Lider Heydər Əliyevin çağırışı ilə ayağa qalxmış Lənkəran sakinləri tarixi düşmənlərimizin əli ilə respublikamızın ərazi bütövlüyünün parçalanmasına çalışan Əlikram Hümbətovun başçılıq etdiyi quldur dəstəni darmadağın etmişdilər. O zaman separatçılıq hərəkətlərinə qəti etirazını bildirən əliyalın xalq saxta “Talış Muğan Respublikasının” elan olunduğu Lənkəran şəhər İcra hakimiyyətinin binasına hücum edərkən sakinlərdən Soltanağa Bayramov, Paşa Təhməzov və Etibar Əliyev xain qüvvələrin gülləsinə tuş gələrək şəhid olmuşdular. Mərhum Prezident Heydər Əliyev onların Vətən qarşısında şücaətini yüksək qiymətləndirərək hər üçünü Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif etmişdir.
Bugün 1993–cü ilin Avqust hadisələrindən 30 il ötür. Həmin dövrdə Moskvada özünə sığınacaq tapmış Ayaz Mütəllibov öz əlaltıları, o cümlədən Əlikramın vasitəsilə Azərbaycanda qarışıqlıq, qarşıdurma yaratmaqla yenidən hakimiyyətə qayıtmaq istəyirdi. Hələ xeyli əvvəllər həmin qüvvələr AXC iqtidarının hadisələrin gedişinə təsir etmək imkanı olmadığından istifadə edərək silahlı dəstələr yaradır, hərbi hissələri belə “özəlləşdirirdilər”. Məsələn, Ə.Hümbətovun yaxın əlaltıları Cəmil və Mikayıl Hacıyev qardaşları N saylı hərbi hissənin briqada komandiri və müavini təyin olunmuşdular. Onların hərbi hissənin silahlarını xarici ölkə vətəndaşlarına satdıqları, “Sadval” cəmiyyətinin üzvləri ilə əlaqələri bəlli idi. Ə.Hümbətov və onun cinayətkar dəstəsi tərəfindən paylanan və satılan xeyli silah–sursat var idi. Müvafiq orqanlar tərəfindən iş aparılsa da heç bir nəticə əldə olunmamışdı. Əlikramın bütün fəaliyyəti xarici ölkələrin kəşfiyyat orqanları tərəfindən istiqamətləndirilirdi. Ona görə idi ki, bu cinayətkar separatçı ünsür ətrafına topladığı xalqa və dövlətə zidd qüvvələrin dəstəyi ilə qondarma “Talış Muğan Respublikası” elan edəndən sonra Rusiya, Belarus və İran İslam Respublikasının başçılarına müraciət edərək “Respublikasını” tanımağı xahiş edirdi. Hətta Ə.Hümbətov “TMR”–in qonşu ölkənin tərkibinə daxil olması istəyini də bildirir, “müstəqil dövlətin başçısı” kimi guya bölgənin qazla təminat problemini həll etmək adı ilə İrana səfər etməyi planlaşdırırdı. Bütün bunlar əvvəlcədən hazırlanmış ssenari idi. Onun hansı yollarla maliyyələşdirilməsi də, Surət Hüseynovla məxfi görüşləri də bəlli idi. Ölkənin daxilində onu dəstəkləyənlər itirdikləri vəzifələri qaytarmaq istəyənlər və mafioz qüvvələr idi. Lənkəran və ətraf bölgədə cinayətkar–separatçı ünsürlərin yaratdığı həmin gərgin günlər yaddaşımıza həkk olub. 1993–cü il avqustun 23–də Lənkərana gələn sabiq Daxili işlər naziri Vaqif Novruzov, Milli təhlükəsizlik naziri Nəriman İmranov və Müdafiə nazirinin müavini Vahid Musayevin apardıqları əməliyyat şəraiti tam fəaliyyətsiz idi. Əməliyyata Vaqif Novruzov rəhbərlik edirdi. Vahid Musayev isə Əlikram Hümbətovla danışıqlar aparmaq adı altında separat sövdələşmələri icra edirdi. Vahid Musayev hərbi hissədə Ə. Hümbətovla apardığı danışıqdan sonra bildirmişdir ki, Əlikram evinə gedib ailəsi ilə görüşəndən sonra polis şöbəsinə gələcək. Təəssüf ki, bu qaçırılma planının tərkib hissəsi idi və əməliyyata rəhbərlik edənlərin birbaşa təxribatı idi. Ümumiyyətlə həmin dövrü analiz edəndə MTN–nin Vaqif Hüseynov, Fəxrəddin Təhməzov və Nəriman İmranov kimi başçıları olmasından adam xəcalət çəkir. Təbii ki, həmin dövrdə Ə.Hümbətovu dəstəkləyən siyasi qurum və partiyalar var idi. Bu istiqamətdə Talış mədəniyyət mərkəzi, Azərbaycan xalqlarının bərabərliyi partiyası (Talış milli partiyası), Azərbaycan İslam partiyası və sosdemlərin fəaliyyəti xüsusilə aydın görünürdü. Ə.Hümbətovun həbsindən sonra onun və digər cinayətkarların hüquqlarının qorunması adı altında yaradılan “müdafiə komitəsi” də məhz sosdemlər tərəfindən təşkil olunmuşdu. Nə qədər qəribə görünsədə, real həqiqət budur ki, Lənkəran hadisələrini AXC iqtidarı özü hazırlamışdı. Ə.Hümbətov Lənkəranda hakimiyyəti şəhər Sovetinin “qanuniləşdirməsi” yolu ilə ələ keçirəndən sonra Surət Hüseynov, onun baş müşaviri Aypara Əliyev, baş nazirin müavinləri, MTN naziri Nəriman İmranov, Kənd təsərrüfatı naziri Müzamil Abdullayev, sosdemlərin başçıları Araz və Zərdüşt Əlizadə qardaşları, AXC hakimiyyəti dövründə vəzifələrini itirmiş bir qrup adam onunla görüşüb sıx əlaqədə olurdular. Bu gün bəziləri deyir guya ki, onlar Əlikramın əleyhinə işləyirlərmiş. Mən elələrinin səmimiliyinə inanmıram. Həmin adamlar istənilən hakimiyyətin ayağı büdrəyən kimi əks cəbhəyə keçməyə hazır olan şəxslərdir. Əgər yuxarıda qeyd etdiyim səviyyələrdə vəzifəli adamlar Əlikramın qəbuluna gəlir, onu icra hakimiyyətinin başçısı kimi qəbul edirdilərsə, adi bir vətəndaşın vəziyyətini dərk etmək o qədər də çətin deyil. Əliyalın insanların əsas vəzifəsi qarşıdurmanın dərinləşməsinə imkan verməmək, qan tökülməsinin qarşısını almaq idi. O dövrdə Ə.Hümbətovdan “vəzifələr” almaq üçün dəridən–qabıqdan çıxanlar, “kürsülərə” zorla yiyələnənlər, vəzifə istəyi ilə onu dəstəkləyənlərdə olmuşdur. Hətta sərhəd zastavalarına öz adamlarını yerləşdirən Əlikram dövlət sərhədlərindən öz çirkin niyyətləri üçün istifadə edirdi. Həmin dövrdə Əlikramı AMİP, AİP, Talış partiyası, Sosial–demokratlar dəstəkləyirdilər. Bütün bu oyunlarin mənfur məqsədi ona görə düzəldilmişdi ki, Heydər Əliyevə təzyiq edilsin, bölgədə qan tökülsün və nəticədə S.Hüseynov, daha sonra isə A.Mütəllibov hakimiyyətə gətirilsin. Fikrimcə “Lənkəran hadisələri”ndə qələbə lazımi anda xalqı, dövlətçiliyi müdafiəyə qaldıra bilən Ulu öndər Heydər Əliyevindir. Təkcə Azərbaycan dövlətçiliyi və ölkənin bölünməzliyi naminə fəaliyyətinə görə hər bir azərbaycanlının ürəyində məhz onun abidəsi olmalıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin I dövründə (1969–1982) Lənkəran bölgəsi inkişafda sıçrayışlar etmişdir. “Lənkəra hadisələri”ni istər o dövrdə, istərsə də indi hansı formada təqdim edirlər–etsinlər, onun mahiyyəti aydındır: Azərbaycanı parçalamaq, müstəqilliyinə son qoymaq, bütün vasitələrdən istifadə edərək Heydər Əliyevə hakimiyyətdə möhkəmlənməyə imkan verməmək.
30 ildən sonra 1993–cü ilin iyun–avqust hadisələrinin təhlili də müəyyən nəticələr çıxarmağa imkan verir. Həmin günlərin canlı şahidi, Vətənə sədaqətlik imtahanı vermiş, xalqının vətənpərvər ziyalısı, tayfamızın ağsaqqalı, böyük əmim İbrahim Quliyevin xatirələrini oxucularla bölüşmək istəyirəm. İlk əvvəl gəlin İbrahim müəllimin keçdiyi həyat yolu ilə yaxından tanış olaq.
İbrahim Oruc oğlu Quliyev 21 dekabr 1951–ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini Lənkəran rayonu Liman şəhər 1 saylı orta məktəbində almışdır. Hərbi xidmətdən sonra Rusiya Federasiyasında daxili işlər orqanlarında işə qəbul olunmuş və bir müddət orada rəhbər vəzifələrdə işləmişdir. Azərbaycan Respublikasının sabiq daxili işlər naziri mərhum Arif Nəzər oğlu Heydərovun dəvəti ilə Azərbaycan Respublikasına qayıtmış və SSRİ Daxili İşlər Nazirliyinin Kaunas şəhərindəki milis məktəbini, SSRİ DİN Ali milis məktəbini bitirmişdir. İ.Quliyev Azərbaycan KP MK–nin və SSRİ DİN kollegiyasının qərarı ilə SSRİ DİN İdarəetmə Akademiyasının İttifaq Respublikalar üçün rəhbər kadrlar hazırlayan I fakultəsinə göndərilmiş, oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra həmin akademiyanın məqsədli adyunkturasında saxlanılmış, dissertasiyanı müdafiə edərək, hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi göndərişi ilə Moskva şəhərindəki RF DİN İdarəetmə Akademiyasının əyani doktoranturasına daxil olmuş, doktorluq dissertasiyası müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsi almışdır. 1978–1993–cü illərdə Gəncə, Quba, Yevlax, Yardımlı və Astara şəhər və rayonlarının rəisi vəzifəsində işləmişdir, ehtiyatda olan polis polkovnikidir, I Qarabağ müharibəsi iştirakçısıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Milli Məclisinin 17 avqust 1993–cü il tarixli 672 saylı qərarında Azərbaycan dövləti və xalqı qarşısında İbrahim Quliyevin göstərdiyi xidmətlər öz əksini tapmışdır. Göstərilən xidmətlərinə görə İ.Quliyev Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 avqust 1993–cü il tarixli fərmanı ilə Astara rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilmiş, 18 aprel 2001–ci il tarixdən öz təşəbbüsü ilə istefaya getmişdir. 200–dən artıq elmi məqalələrin, dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, elmi metodik vəsaitlərin müəllifidir. İ.Quliyev nümunəvi fəaliyyətinə və qüsursuz xidmətlərinə görə keçmiş SSRİ DİN əməkdar işçisi adına, milis əlaçısı döş nişanına, fəxri fərmanlara layiq görülmüş və bir sıra medallarla təltif olunmuşdur. Azərbaycan KİVİHİ–nin Hacı Zeynalabidin, “İnam”, “Vətən” mükafatlarını almış, respublikada ilin ən yaxşı ziyalısı fəxri adına layiq görülmüşdür. H.e.d., professor İbrahim Quliyev uzun illər Milli Aviasiya Akademiyasında “Hüquqşunaslıq” kafedrasının müdiri işləmişdir. Müxtəlif illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Bakı Dövlət Universitetinin professoru olmuşdur. 2018–ci ildə Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamla Respublikanın “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Hal–hazırda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədrinin müşaviri, Yeni Azərbaycan Partiyası və Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvüdür.
Söhbətimizə 23 avqust 1993–cü il Lənkəran hadisələrinin 30 ilin zaman kəsiyindən dəyərli ziyalımız İbrahim müəllimlə davam edirik.
“Azərbaycanın cənub bölgəsində Əlikram Hümbətov başda olmaqla separatçı qüvvələrin xəyanətkar əməlləri baş qaldıranda mən Astara rayon polis şöbəsinin rəisi idim (1993–cü ilin fevral ayından). Respublika ərazisində fövqəlada vəziyyət elan olunması ilə bağlı Astara rayonunun hərbi komendantı təyin olundum. Səlahiyyətim daxilində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını icra etməklə, yalnız və yalnız dövlətə xidmət edir, qanunların aliliyini təmin edirdim. Surət Hüseynovun, Rəhim Qazıyevin və pərdə arxasında gizlənən digərlərinin himəyadarlığı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində məsul vəzifələrə irəli çəkilən Əlikram Hümbətov əlində xeyli hərbi texnika, silah və canlı qüvvə cəmləşdirmişdi. Bundan istifadə edərək düşmən qüvvələrin fitvasıyla xəyanətkar yol tutdu. Xarici və daxili himayədarlarının təhrikinə uyub özü üçün bir “respublika” yaratmaq xəyalına düşdü. Vətənimizin erməni silahlı qüvvələri tərəfindən amansızcasına təcavüzə məruz qaldığı ağır günlərdə öz silahlı dəstəsini cəbhədən geri çəkərək Lənkərana gətirən bu xəyanətkar yerlərdə zor işlətməyə başladı. Bölgənin rayonlarına silahlı dəstələr göndərir, icra hakimiyyəti başçılarını qanunsuz olaraq vəzifədən kənarlaşdırırdı. Yerinə özünə sadiq olan adamları “təyin” edirdi. Əleyhinə çıxanları, buyuruğuna əməl etməyənləri həbsə alırdı. 1993–cü ilin iyun ayının 10–da iş gününü başa çatdırıb Lənkərana evimə qayıdırdım. Elə şəhərin girəcəyindəcə adamlarda qəribə ovqat dəyişkənliyi, təlaş hiss etdim. “Nəsə baş verib!” Maşını icra hakimiyyəti binası qarşısına sürdüm. Zənnim məni aldatmamışdı. Bina da, qarşısındakı geniş meydan da əli silahlıların əhatəsində idi. İlk öyrəndiyim bu oldu: Qondarma polkovnik Əlikram Hümbətov başçılıq etdiyi 704 nömrəli hərbi hissə ilə qiyam edib. Silah gücünə Lənkəranda hakimiyyəti ələ alıb. Dəqiq məlumat almaq üçün təcili surətdə sərhəd dəstəsinin komandiri Rasim Canməmmədovla və Lənkəran şəhər polis şöbəsinin rəisi Əlövsət Əliyevlə görüşdüm. Polis rəisi öyrəndiklərimə onu da əlavə etdi ki, qiyamçılar 3 polis işçisini də girov götürmüşlər. “Girovların azad olunması üçün nə tədbir görmüsən?” deyə soruşdum. Rəis hələ bir iş görmədiyini dedi. Polis sistemində iş təcrübəm Əlövsət Əliyevlə müqayisədə daha çox idi. Girov götürülənlərin hər üçü Azərbaycanın başqa bölgələrindən Lənkərana xidmət etməyə gəlmişdilər. Bir yandan xidməti borcum, bir yandan paqon yoldaşlarıma, Lənkəranın qonaqlarına qarşı edilən bu alçaq hərəkət mənə möhkəm yer etmişdi. Duz–çörəyi ilə ad qazanan Lənkəranda qərib adama belə münasibət görünməmiş iş idi. Nə yolla olursa–olsun, ilk növbədə girovlar azad edilməli idi. Əlikramı da, ailəsini də yaxşı tanıyırdım. O da mənə bələd idi. Bununla belə, sərsəm qiyamçının yanına məni buraxmadılar. Öyrəndim ki, Əlikram girovları İstisu meşələrinə aparıb. Daxili İşlər Nazirliyi ilə əlaqə saxladım. Təcrübəli polis işçisi kimi mənə Əlövsət Əliyevə kömək etməyi tapşırdılar. Vasitəçilər tapdıq. Danışıqlar apardıq. Və, nəhayət iki gün sonra girovların azad olunmasına nail olduq. Bir neçə gün sonra vətən xaini Əlikram Hümbətov Lənkəranda ilk bədnam sessiyasını keçirdi. Gizlətmirəm, nə baş verdiyini hələ də tam anlaya bilməyən adamlarda ona qarşı təlaş, həyəcanla yanaşı qəribə bir maraq da vardı. Bu marağın da, ilk vaxtlar biganəliyin də səbəbləri aydın idi: Xalq AXC–nin hakimiyyətindən, onun yerlərdəki nümayəndəliyinin, rəhbər kadrlarının özbaşınalığından, qanunsuzluqdan, səriştəsizlikdən bezmişdi. Lakin əhali xislətinə, xasiyyətinə, intellektinə yaxşı bələd olduğu Əlikramı bir şəxsiyyət kimi qəbul etmirdi. Sadəcə olaraq, ona AXC–nin xalqa zidd siyasətinə qarşı çıxan qüvvə kimi yanaşırdı. Amma cəmi bir neçə gün sonra adamlar yanıldıqlarını dərk etdilər. Əlikram Lənkəranda at oynadırdı. AXC fəalları separatçının sərsəm ideyaları ilə razılaşmayanlar qanunsuz olaraq həbs edilir, onlara amansız işgəncələr verilirdi. Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edən keçmiş hüquq–mühafizə orqanının işçisi kimi mən separatçıların qanunazidd hərəkətlərinə göz yuma, bəziləri kimi gözləmə mövqeyində dayanıb hadisələrə biganə qala bilməzdim. Əlikramın Azərbaycanda ikinci Gəncə hadisələrini törətmək, qan tökmək niyyəti aydın idi. Odur ki, qanunlarımızın mənə verdiyi səlahiyyətlərdən, imkanlardan istifadə edib, bütün qüvvə və bacarığımı qarşıdurmanın önünə sədd çəkməyə yönəltdim. Qeyd edim ki, dəfələrlə Əlikramla görüşüb onu tutduğu yoldan çəkindirməyə cəhd etmişəm. Elə onların özləri də mənə daim təsir edib separatçılara qoşulmağımı istəyirdilər. Lakin cəhdləri əbəs idi. Hümbətov isə nəinki xəyanətkar fikirlərindən əl çəkməmiş, əksinə, Azərbaycan höküməti ilə ziddiyətə girmək, toqquşma yaratmaq üçün bəhanələr axtarırdı. İyulun 10–da Astara fövqəlada vəziyyət rayonu hərbi komendantı qərargahının iclasını keçirdik. İclasa rayon rəhbərliyi, müvafiq orqanların, hərbi hissələrin, idarə, müəssisə başçıları ilə yanaşı, Astaranın nüfuzlu ağsaqqalları, ziyalıları, əmək adamları da dəvət olunmuşdular. Toplantıda Əlikram Hümbətovun və onun quldur dəstəsinin Azərbaycan dövlətçiliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş hərəkətləri kəskin pislənmiş, astaralıların bu əməllərə mənfi münasibəti bildirilmişdi. Qeyd olunmuşdu ki, təcili olaraq rayonun əmək kollektivlərində tədbirlər keçirilməli, əhali arasında geniş izahat işi aparılmalıdır. Həmin gün iclas iştirakçıları qərar qəbul etdilər. Qərara əsasən Əlikram Hümbətovun Azərbaycanın cənub bölgəsində hakimiyyəti ələ almaq cəhdləri qeyri–qanuni sayılmış və bu bədnam “hökumətin” verdiyi bütün əmr və göstərişlərinin Astara rayonu ərazisində icrasına yasaq qoyulmuşdu. Bu qərarla əlaqədar Azərbaycan rəhbərliyinə müraciət də qəbul edildi. Mən Astara rayonu hərbi komendantı kimi bəyanat hazırlamış və onu rayon ərazisində yaymışdım.
Bəyanatda deyilirdi: ”Müstəqil dövlətçiliyimizin, xalqımızın taleyi üçün təhlükə yarandığı bir vaxtda daxildəki separatçıların respublikamızın ərazisini parçalamaq niyyətləri düşmən dəyirmanına su tökmək kimi qiymətləndirilməlidir və bu haqlı olaraq xalqımızın hədsiz qəzəbinə səbəb olmuşdur. Belə separatçı qüvvələrdən biri də Əlikram Hümbətov və onun ətrafında olanlardır. Rayonun hərbi komendantı kimi tələb edirəm: Əlikram Hümbətovun və yerlərə göndərdiyi nümayəndələrin göstərişlərinə qətiyyən əməl edilməsin. Mən bu qeyri–qanuni qüvvələri tanımır, yalnız Azərbaycan dövlətinin qanunlarını, onun Konstitusiyasını, müddəalarını həyata keçirirəm. Ona görə də rayonun bütün əhalisini, idarə, müəssisə və təşkilatların, kolxoz və sovxozların rəhbərlərini yalnız Azərbaycan Respublikasının Konstitusiyasına əməl etməyə, respublikamızın ərazi bütövlüyü uğrunda mübarizə aparmağa, respublika Ali Sovetinin sədri, respublika prezidenti səlahiyyətlərini icra edən Heydər Əliyevin tövsiyyələrini dönmədən həyata keçirməyə çağırıram.
Astara rayon polis şöbəsinin rəisi, fövqəlada rayonu xüsusi hərbi komendantı polkovnik–leytenant İbrahim Quliyev. 10 iyul 1993–cü il”.
İpə sapa yatmayan komendantın bəyanatı Vətən xainlərini hiddətləndirdi. Artıq onlar “nəsihətlərinin” kar etmədiyin görüb mənimlə açıq mübarizəyə başlamışdılar. Bununla belə yenə də Lənkərana gedib Əlikramla görüşə nail olurdum. Onu tutduğu yoldan, bütün bölgəyə baş ucalığı gətirməyən əməllərindən çəkindirmək istəyirdim. İzah edirdim ki, sənin Azərbaycanın cənub bölgəsinin əhalisi adından danışmağa mənəvi haqqın yoxdur. Sən düşmən qüvvələrin əlində vasitə, bir icraçısan. Deyirdim ki, sənin xəyanətkar fikirlərin ilə nə Lənkəranda, nə də Astarada razılaşan yoxdur. Əlikram üzdə sözlərimi razılıqla qarşılasa da, mən gedəndən sonra əməllərini daha həyasızlıqla davam etdirirdi. Bütün bunları görüb həm Astarada, həm də Lənkəranda adamları qiyamçılara qarşı mübarizəyə səsləməyə başladım. Bu işi təkcə mən icra etmirdim. Bu proses Azərbaycanın bütün cənub bölgələrində gedirdi. Odur ki, əlikramçılar Astarada onlara əl–qol açmağa mane olan hərbi komendantı da nə yolla olursa–olsun aradan götürməyi qərara aldılar. Əlikram əvvəlcə Astaraya öz hərbi komendantını göndərdi. Söhbət zamanı həmin komendantı başa saldım ki, onun bura gəlişi Azərbaycan qanunlarına zidd hərəkətdir. Qanun keşikçisi kimi gələcək məsuliyyəti barədə onu xəbərdar etdim. Təzə komendant geri qayıtdı. Yuxusuzluq, əsəb gərginliyi məni üzmüşdü. Xəstələndim. Lənkəran xəstəxanasında müalicə olundum. Lakin xəstəxanada olsam da, Azərbaycan paytaxtı ilə daim əlaqə saxlayırdım. Müntəzəm olaraq Prezident aparatına, Arif Rəhimzadəyə, DİN rəhbərliyinə vəziyyət barədə gündəlik məlumat verir, onlardan göstərişlər alırdım. Mən bilirdim ki, Heydər Əliyev bölgədəki vəziyyətə tam nəzarət edir və hər şeydən xəbərdardır. Onun separatçı qüvvələrə qarşı barışmaz mövqeyi məni ruhlandırdı. Mənim mövqeyim onlara bəlli idi. Nə yolla olursa olsun bölgədə ikinci Gəncə hadisələri təkrar olunmamalıdır. Lakin vəziyyət get–gedə gərginləşirdi. Odur ki, müalicəmi yarımçıq qoyub yenidən Astaraya qayıtdım. Əlikram Astaranın icra başçısı Faiq Cəfərovu kənarlaşdırıb öz nümayəndəsini təyin etmişdi. Faiqlə görüşdüm. “Nə üçün kabineti tərk etmisən? Axı sən burada Azərbaycan dövlətinin təmsilçisisən!” deyə soruşdum. Faiq cavab verdi: “Silahla gəlmişdilər. Təkid etdilər”. Təcili olaraq Astara ağsaqqallarını yığdım. Ümumrayon mitinqi keçirməyi qərara aldıq. İzdihamlı etiraz mitinqində qeyd olundu ki, Əlikramın təyin etdiyi icra başçısının heç bir səlahiyyəti yoxdur. O, qondarma, qeyri–qanuni, xəyanətkar bir qurumun nümayəndəsidir. Xalqın da, mənim də fikrim qəti idi. Sabiq icra başçısı, AXC üzvü Faiq Cəfərovla əqidə müxtəlifliyimiz olsa da o, qanunlarımızın aliliyi naminə işinə bərpa olunmalıdır. Mitinqdə çıxış edənlər separatçıların əməllərinə nifrətlərini bildirdilər. Və qeyd etdilər ki, onların bütün cəhdlərinə baxmayaraq, Astara rayonu Azərbaycanın ayrılmaz hissəsidir və Əlikram qaraguruhunu heç vaxt müdafiə etməyəcəklər. Qeyd edim ki, cənub bölgəsində Əlikram Hümbətovun dəstəsinə qarşı ilk etiraz mitinqini məhz astaralılar keçirdilər. Mitinq başa çatdı. Mən hərbi komendatlığın qərargahına qayıdıb iş otağımda yenicə əyləşmişdim ki, telefon səsləndi. Danışan rayonun prokuroru mərhum Səlim Süleymanov idi. Bildirdi ki, onu həbs etmək üçün Lənkərandan bir yük maşını əsgər göndərilib. Bu tapşırığı isə onlara Əlikram verib. Ləngimədən prokurorluğa getdim. Bəli, maşın prokurorluğun qarşısında dayanmışdı. Binanın içərisində hərbçilər var–gəl edirdilər. Onların nümayəndəsi ilə söhbət etdim. Dedi ki, “bizi buraya bəy göndərib. Təcili surətdə prokuroru həbs edib Lənkərana aparmalıyıq”. Qəti olaraq bildirdim ki, “mən rayonun hərbi komendantı kimi bu qanunsuz hərəkətə etiraz edirəm. Prokuror heç yana getməyəcək!”. Maşına əyləşib Lənkərana qayıtdılar. Artıq bıçaq sümüyə dirənmişdi. Əlikramın həyasızlığının həddi–hüdudu yox idi. Prokurorla Lənkərana gəldim. İcra hakimiyyətinin binasında Əlikramla üzbəüz oturduq. Hümbətov “kartları”nı açdı. Məlum oldu ki, Baş prokuror Əli Ömərovla bərk mübahisələri düşüb. Odur ki, Hümbətov hansı səlahiyyətə malik olduğunu, gücünü Ömərova göstərmək üçün bölgədəki rayonların prokurorlarını və prokuror köməkçilərini həbs etdirir. Həbs olunanlarla görüşdüm. Separatçılar onları ağır şəraitdə saxlayırdılar. Əlikramın “hüzuruna” Lənkəranın sözü keçən ağsaqqallarını, din xadimlərini, seyidləri gətirdim. Xahişlərini yerə saldı. Uzun söhbətdən sonra gecə saat 1–də bütün girovları zaminə buraxdıra bildik. Artıq mən də hədələr eşidirdim. Ataxan Şiriyev, Əli Quliyev kimi Əlikramın dostları xəbərdarlıq edirdilər. Bakıda olan dostlarım da təhlükəni duymuşdular. Təklif edirdilər ki, məzuniyyət götürüb rayondan çıxım. Hətta Surət Hüseynov “dostu və qardaşı” Əlikrama mane olmağıma görə məni cəzalandırmağı tapşırıb. Məgər, mən el–obanı bu ağır vəziyyətdə atıb qaça bilərdimmi? Astaradakı hərbi hissə separatçıların tərəfində deyildi. Yalnız Azərbaycan dövlətinə tabe idi. Əlikramın buraya göndərdiyi bütün emissarların çağırışçıları həbs olmuşdular. Avqustun 11–də polis şöbəsindəki iş otağımda əyləşmişdim. Qəflətən tanımadığım 4 şəxs içəri daxil oldu. Bildirdilər ki, Bakıdan qonaqlar gəlib və məni Lənkəranda, icra hakimiyyəti binasında gözləyirlər. Mən özüm də Lənkərana getməli idim. Odur ki, onları yola salıb avtomobilə əyləşdim. Lənkəranda icra hakimiyyətinin binasına daxil oldum. Əlikramı, qonaqları soruşdum. Dedilər ki, Əlikram harasa gedib. Bakıdan isə qonaq gəlməyib. Şübhələndim. Bunun tələ olduğunu başa düşdüm. Evə getdim. Həmin gün imamların 40–ı idi. Anam rəhmətlik ehsan verirdi. Təlaşımı biruzə vermədim. Amma ana qəlbi daxilən hiss etdi. Təkid etdi ki, əyləşib çörək yeyim. Razılaşmadım. Bircə onu xahiş etdim ki, məni Quranın altından keçirsin. Evdən çıxıb meydana qayıtdım. İcra hakimiyyəti ilə üzbəüz rabitə evi yerləşir. Lənkəran ağsaqqallarından olan Hacı Nəbi orada əmanət bankının müdiri idi. Fikrim vardı ki, Hacı Nəbini də götürüb icra hakimiyyəti binasına qayıdım. Çöldən pəncərəsini döydüm. Otağında yox idi. Qəflətən ağacların arasından silahlılar peyda oldu. Birini tanıdım. Adı Əvəz idi. Həyasızcasına, irişə–irişə mənə yaxınlaşdı: “Gedək çay içək!”. Uzaqdan uzağa tanıdığım adamın mənimlə belə ərkyana danışması mənə yer elədi: ”Niyə? Məsləhət belədir? Məsləhəti mən özüm–özümə verirəm” deyə mən cavab verdim. Qəflətən Əvəz başı ilə işarə verdi. Əsgərlər irəli şığıyıb məni qundaqla vurmağa başladılar. Müqavimət göstərsəm də sayca çox idilər. Qan içində idim. Birtəhər mühasirəni yarıb icra hakimiyyəti binasına doğru qaçdım. Sən demə, içəridəki əsgərlər də məni gözləyirdilər. Üstümə tökülüşdülər. Zərbə zərbənin üstündən endirilirdi. Sonra gözlərimi bağladılar. İcra hakimiyyəti binasının yaxınlığındakı hərbi hissəyə Əlikramın bazasına gətirdilər. Burada isə vəhşicəsinə vurmağa, amansız işgəncələr verməyə başladılar. Alman faşistlərinin vəhşiliyindən bəhs edən filmlərdəki epizodlar bunun yanında yalan idi. Sualları yağış kimi üstümə yağdırırdılar: ”Məlumatı kimlərə ötürürsən? Nə üçün bizə qarşı təxribat aparırsan? Nə səbəbə Əlikramın təyin etdiyi komendantı geri qaytarmısan?” onlara cavabım bu idi: ”Sizin bütün xalqın adından danışmağa haqqınız yoxdur. Bölgə əhalisini uçuruma, məhvə aparırsınız! Mən istəmirəm ki, siz Əlikrama qoşulub bədbəxt olasınız”. Cavablarım onları daha da hiddətləndirir, işgəncələri artırırdılar. Sonra gözümü yenidən bağlayıb Lerik yolu üstündəki meşəyə apardılar. Burada qorxu vasitəsilə mənə təsir etmək istəyirdilər. Dedim ki, Qarabağ müharibəsində, cəbhədə ölümü gözümlə görmüşəm. Məni tanıyanlar hünərimə bələddirlər. Siz isə düşmən əlində oyuncaqsınız. Məni nə üçün məhz meşəyə gətirmələrinin səbəbi aydın idi. Lənkəranda saxlamağa qorxurdular. Odur ki, 5 gün ərzində sübh tezdən gecə saat 2–yə kimi meşədə gizlədir, sonra qarnizona gətirirdilər. Bəri başdan deyim ki, Əlikramın quldur dəstəsi həbs olunduqdan sonra məni də məhkəməyə zərərçəkən qismində dəvət etmişdilər. Respublika Ali Məhkəməsinin verdiyi arayışda deyilir: ”Cinayət işinin materiallarında İbrahim Oruc oğlu Quliyevin hüquqazidd əməllər törətməsi, qondarma qurumun yaradılmasında iştirakı barədə heç bir məlumat yoxdur”. Məhkəmə də mənim ifadəmdən sonra hakim üzünü müttəhimlərə tutdu: ”Zərərçəkən düzmü deyir?” Cavab verdilər: ”İbrahim müəllim haqlıdır. O, vaxt onun sözünə qulaq assaydıq, bura düşməzdik”. O ki, qaldı mənim Əlikramın quldur dəstəsinin həbsindən buraxılmağıma, separatçılar bu addımı heç də xoş məram nümunəsi kimi atmamışdılar. Onlar Astara və Lənkəran əhalisinin təzyiqindən, ayağa qalxmasından ehtiyat etmişdilər. Hətta məni azad etdikdə dedilər: ”İbrahim müəllim sənin haqqında Əlikram qərar qəbul edib. Bölgədə yaşamaq hüququndan azad edilirsən”. Dedim: ”Yaşamaq hüququnu mənə siz verməmisiniz, heç yerə gedən deyiləm. Əksinə, burada qalıb sizinlə vuruşacağam”. Artıq mən mübarizəmi ikiqat qüvvə, ikiqat nifrətlə davam etdirirdim. Əslinə qalsa, bu mübarizə hələ Əlikram Hümbətov hakimiyyəti ələ almazdan xeyli əvvəl başlanmışdı. Separatçıların baş tribunası olan “Tolışi sədo” qəzetinin 1993–cü il 1 və 22 iyun tarixli saylarında mənim haqqımda dərc olunmuş qərəzli tənqidi yazıları misal çəkmək istəyirəm. Yazıda qeyd edilir ki, əvvəllər Talış Xalq Partiyası sonralar da mahiyyətini saxlayıb adını dəyişərək Azərbaycan Xalqlarının Bərabərliyi Partiyasına çevrilən separatçı təşkilatın Astarada təsis iclasının keçirilməsinə rayonun polis şöbəsinin rəisi İbrahim Quliyev mane olur, təzyiq göstərir. O, yazıda həqiqət bircə bu idi. Bəli, mən qəti etirazımı bildirmişəm və həmin siyasi təşkilatın rayonda hər hansı bir kütləvi tədbir keçirilməsinə yasaq qoymuşdum. Əvvəla, müvafiq qanuna əsasən fövqəlada vəziyyət elan olunan ərazidə hər hansı bir kütləvi tədbirin keçirilməsi qadağandır. İkinci səbəb isə bu partiyanın hansı məqsədlə yaradılmasının mənə yaxşı bəlli olması idi. Təsis yığıncağı keçirmək üçün partiyanın sədri Hilal Məmmədov və Milli Məclisin üzvü Mətləb Mütəllimov yanıma gəlmişdilər. Onların bütün xahişlərinə baxmayaraq, mən ölkə prezidentinin fərmanına istinad etdim. Söhbətimiz alınmadı. Onlar kobudluq etməyə, hədə–qorxu gəlməyə başladılar. Mətləb Mütəllimov telefonu götürüb prezidentə zəng vurdu. Əbülfəz Elçibəy otağında olmadı. Sonra Əli Kərimovla danışdı və dəstəyi mənə uzatdı. Dövlət katibi dedi: “İbrahim bəy, siz haqlısınız. Amma Mətləbdir də. Yola verin getsin”. Mən yenə razılıq vermədim. Az sonra həmin deputat Milli Məclisdə, guya Astarada siyasi partiyaların hüquqlarının pozulmasından danışdı. Astara rayon icra hakimiyyətinin birinci müavini, AXC üzvü Vaqif Əhmədoğlu ilə bədnam “Tolışi sədo” qəzetində bildirdi ki, Astara polisinin rəisi İbrahim Quliyev əhalinin siyasi hüquqlarını tapdalayır. Məgər bu separatçılarla cəbhəçilərin heyrətamiz iş birliyinə sübut deyilmi? Avqustun 23–ü Lənkəranın, ümumiyyətlə Azərbaycanın cənub bölgəsinin tarixinə qızıl hərflərlə yazılmışdı. Astaraya xəbər çatdı ki, bütün Lənkəran ayağa qalxıb. Buna müvafiq olaraq mənim təşəbbüsümlə avqustun 23–də Astarada rayon ictimaiyyəti nümayəndələrinin izdihamlı mitinqi keçirildi. Hamılıqla və qətiyyətlə bildirildi ki, astaralılar qondarma respublika ideyasını və Ə.Hümbətovun cinayətkar əməllərini müstəqil dövlətimizə xəyanət kimi qiymətləndirir, Azərbaycanın ərazi bütövlüyünün qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda maneə yaradan qüvvələrə amansız mübarizə aparacaqlar.
Avqustun 20–dən başlayaraq Lənkəranda Əlikram Hümbətova qarşı keçirilən etiraz mitinqlərində və avqustun 23–də separatçı qüvvələrin zərərsizləşdirilməsində mən də fəal iştirak etmişəm. Eşitdim ki, xalq Əlikram Hümbətovun quldur dəstəsi ilə ölüm–dirim mübarizəsinə başlayıb. Təcili Lənkərana getdim. İcra hakimiyyətinin binasının qarşısında iynə atsaydın yerə düşməzdi. Artıq adamlar binanı ələ keçirmiş, Əlikram Hümbətov və adamları aradan çıxmışdılar. Dedilər ki, Lənkəran şəhərinin yaxınlığındakı “Meşəçi evi” adlanan guşədə daldalanıb. Bakıdan da xeyli adam gəlmişdi. Sabiq Daxili İşlər naziri Vaqif Novruzov, Milli Təhlükəsizlik naziri Nəriman İmranov, Müdafiə nazirinin müavini Vahid Musayev də orada idilər. Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri, qeyrətli qadın, Lənkəran hadisələrinin aparıcı liderlərindən olan Dilruba xanım Camalovanın başına yığışıb əməliyyat planı cızırdılar. Xəbər gəldi ki, Əlikram xəlvəti olaraq hərbi hissəyə qayıdıb və indi orada gizlənmişdir. Ədalət naminə deyim ki, Əlikramla əlaqələri sonradan məlum olan Nəriman İmranov və Vahid Musayev Vaqif Novruzovun təkliflərinə etinasızlıq edirdilər. Çox qəribə şəkildə plan cızırdılar. Əməliyyatın məxfiliyi prinsipi tamamilə pozulmuşdu. Kim istəyir içəri daxil olur, danışıqları dinləyir, sözünü deyirdi. Mən polis işçisi kimi Əlikramın quldur dəstəsinin üzvlərini həbs edəndə qəflətən Nəriman İmranov peyda olur, onları buraxdırırdı ki, yazıqdırlar, anaları gəlib bizdən xahiş edir. Bütün hərbi hissə izdihamın əhatəsində idi. Əliyalın xalq bütün çıxış və giriş yollarını bağlamışdı. Artıq ilk toqquşma da baş vermişdi. Üç nəfər igid lənkəranlı şəhid olmuş 5 nəfər isə yaralanmışdı. Ölənlərdən birinin meyidinin evinə aparılmasında iştirak etdim. Sonra icra hakimiyyəti binasına qayıtdım. Nazirlərə bildirdim ki, satqınları xalq özü tərksilah edəcək. Mübarizəyə hazırıq. Dediklərimə əhəmiyyət vermədilər. Əlikramla hökümət qüvvələri arasında vasitəçi olan Vahid Musayev yenidən hərbi hissəyə baş çəkib geri qayıtdı. Dedi ki, Hümbətovun şərtləri var: təhlükəsizliyinin təmin olunması üçün bir nəfər girov istəyir, üstəlik tələb edir ki, şəhərdən çıxması üçün ona koridor verilsin. Bu bir oyun idi. Nəriman İmranov və Vahid Musayev Əlikramı aradan çıxarmaq üçün belə bir hiyləgər üsula əl atmışdılar. Etirazlarımızın təsiri olmadı. Qəflətən hərbi hissənin darvazaları açıldı. “Qaz–24” markalı maşın sürətlə şütüyüb keçdi. Arxasınca gələn “Niva”nı adamlar yaxaladılar. İçəridəki quldurlar tərksilah olundu. Lakin Əlikram aralarında yox idi. Həmin “Qaz–24”–lə aradan çıxmışdı. Qəribə hal keçirdim. Dünya başıma fırlandı. İlk dəfə idi ki, qəzəbimdən ağlayırdım. İcra başçısının kabinetinin qapısını təpiklə açdım. Xain Vahid Musayevin paqonlarından yapışdım. Stolun üstündəki boş mineral şüşələrdən birini onun başına endirmək istəyəndə Dilruba xanım araya girdi. Məni sakitləşdirdi. Musayevi arxa otağa salıb qapını bağladıq. Bununla da məlum Lənkəran hadisələrinin ilk mərhələsi başa çatdı.
O vaxt və indi bəzi dil pəhləvanları iddia edirlər ki, guya Azərbaycanın cənub bölgəsində separatçıların hərəkəti tamamilə nəzarətdən çıxmışdı. Əslinə qalsa, elə deyil. Bütün bölgə əhalisi, o cümlədən Lənkəran və Astara sakinləri yaxşı bilirdilər ki, respublika Ali Sovetinin sədri Heydər Əliyev cənabları bütün prosesə nəzarət edir, hadisələri nizama salmaq üçün olduqca təmkinli və müdrik siyasət yeridir. Bölgəmizin əhalisi, eləcə də Astara camaatı gözəl bilirdi ki, müdrik el ağsaqqalı, möhtərəm prezident Heydər Əliyev baş verən hadisələri nizama salmaq üçün hər şeyi ölçüb–biçir, təmkinli, uzaqgörən siyasət yeridir. Heydər Əliyevin rəhbərliyi ilə avqustun 13–də geniş müşavirədə Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşü məhz bu məsələyə yönəldilmişdi. Həmin müşavirənin davamı olaraq Milli Məclisin 16–17 avqust tarixlərində keçirilən iclaslarında bölgədəki vəziyyət ətraflı müzakirə olunmuşdu. Heydər Əliyev xalqa, xalq isə inandığı, seçdiyi liderinə arxalanmışdı. Müntəzəm olaraq Arif Rəhimzadənin vasitəsi ilə bölgədəki vəziyyət barədə ona məlumat verirdim. Və məndə elə bir hiss yaranmışdı ki, Heydər Əliyev Bakıda olsa da bizimlə müqayisədə proseslərdən daha xəbərdardır, ən incə təfərrüatlarına da bələddir. Separatçı qüvvələri zərərsizləşdirdikdən sonra Heydər Əliyev hərəkatın fəal iştirakçılarından biri kimi əvvəl məni sonra Dilruba xanım Camalovanı qəbul etdi. Əməyimə, eyni zamanda bölgəmizin vətənpərvər adamlarının igidliyinə, dövlətə sədaqətimə böyük qiymət verdiyini bildirərək qeyd etdi ki, səni Astaraya icra başçısı təyin edirəm. Sabah sərəncamın veriləcək və Arif Rəhimzadə gəlib səni kollektivə təqdim edəcək. 24 avqust 1993–cü ildə Heydər Əliyevin sərəncamı ilə Astara rayonu icra hakimiyyətinin başçısı təyin olundum (18 aprel 2001–ci ilə qədər öz təşəbbüsümlə istefaya gedənə qədər bu vəzifədə çalışmışam). Mən fəxr edirəm ki, alovlu vətənpərvər, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında çalışmışam. Prezidentimiz öz xalqını dərin məhəbbətlə sevdiyi kimi, xalq da öz böyük oğluna hədsiz hörmət və ehtiram bəsləyirdi. Ümumiyyətlə onun güclü diplomatik idarəetmə təcrübəsi Azərbaycanın inkişafında böyük rol oynamışdır. İllər ötəcək, bugünkü və gələcək nəsillər xalqımızın dahi oğlu Heydər Əliyevin əziz xatirəsini daim qəlblərində yaşadacaqlar”.
İndi cənubda tam sabitlikdir. Hər il hadisələrin ildönümü münasibətilə Lənkəran şəhərinin Paşa Təhməzov küçəsindəki Qəhrəmanlar Xiyabanında anım tədbiri keçirilir. Şəhər ictimaiyyəti nümayəndələri, şəhid ailələri, ağsaqqallar 1993–cü ilin Avqust hadisələri zamanı şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanları Soltanağa Bayramov, Paşa Təhməzov və Etibar Əliyevin xatirəsini anaraq, büstləri önünə gül–çiçəklər qoyurlar. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, türk dünyasının sevimli və mərd oğlu Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq həqiqətən hamımız üçün ağırdır. Respublikamızda milli birliyin təmin edilməsi, azsaylı xalqların və qrupların tarixinə, dilinə, mədəniyyətinə dövlət səviyyəsində qayğı göstərilməsi bölgəmizin əhalisi tərəfindən böyük razılıq hissi ilə qarşılanır. İndi ölkəmizdə yaşayan hər bir vətəndaş Azərbaycan xalqına mənsub olduğunu aydın dərk edir, bundan böyük qürur və iftixar hissi keçirir. Daha heç bir qüvvə milli birliyimizi, azərbaycançılıq ideologiyamızı sarsıda bilməz. Bugün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyalarına və dövlətçiliyə sadiq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və titanik fəaliyyəti ilə daha yüksək zirvələr fəth edəcəkdir.
Cəmil QULİYEV
Tarix üzrə fəlsəfə doktoru, YAP–ın və AJB–nin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-03-2025
09:16 HƏMAS sözçüsü öldürülüb