Mobil versiya
Heydər Əliyev və Azərbaycanda hərbi təhsil sistemi
Tarix: 25-06-2023 | Saat: 16:17
Bölmə:Özəl | çapa göndər

Heydər Əliyev və Azərbaycanda hərbi təhsil sistemi

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilatlandırılması və möhkəmləndirilməsi sahəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin tarixi fəaliyyətinin mühüm isitiqamətlərindən biri də Azərbaycanın hərbi təhsil sisteminin formalaşdırılması idi.Çünki silahlı qüvvələrin yaradılması və inkişafı üçün zəruri olan zabit heyətinin yetişdirilməsinin əsas bazası milli hərbi təhsil sistemidir. Bu baxımdan milli hərbi təhsil sistemi dövlətin hərbi qüdrətinin artırılması sahəsində strateji əhəmiyyətli sahəsidir.
Hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyi zamanı Heydər Əliyev bu məsələyə xüsusi diqqət yetirirdi və milli hərbi kadrların hazırlanmasının mənəvi-ideoloji konsepsiyasını da hazırlamışdı.Heydər Əliyevə görə milli zabit kadrların hazırlığı sadəcə olaraq milli zabitlərin sayının artırılması deyildi. Fəal mövqeyi, milli düşüncəsi ilə Ümummilli lider Heydər Əliyev bu məsələyə baxışda tamamilə yeni bir təfəkkür formalaşdırdı, bu prosesə Azərbaycanın gələcəyi və müstəqilliyi üçün əhəmiyyət kəsb edəcək mühüm bir məzmun verdi. Onun hesab etdiyi kimi, milli zabit kadrları Azərbaycançılıq məfkurəsinin və Azərbaycan xalqının milli qəhrəmanlıq ənənələrinin daşıyıcısı, Azərbaycanın müstəqilliyinin dayağı, azərbaycançılığın təmsilçisi olmalı idi.
Heydər Əliyev Azərbaycan xalqının öz müstəqilliyinə qovuşacağını görürdü və müstəqil Azərbaycan üçün milli-strateji əhəmiyyət kəsb edəcək məsələlərin, o cümlədən də milli zabit kadrların bazasının yaradılmasına hələ sovet dövründə çalışırdı. Ümummilli lider Heydər Əliyev çıxışlarının birində deyirdi: "22 il bundan öncə, 1971-ci ildə biz heç bilmirdik ki, Azərbaycan müstəqil respublika olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım".
Azərbaycanın müstəqil olacağına inanan Ümummilli lider bütün fəaliyyətini bu inam üzərində qurmuşdu. Azərbaycanda milli hərbi təhsil sisteminin yaradılmasına başlanması və milli zabit kadrların hazırlığına prioritet istiqamət verilməsi onun Azərbaycanın milli maraqlarına olan bağlılığından irəli gəlirdi.
Böyük Vətən müharibəsi illərində bütün respublikalarda olduğu kimi Azərbaycanda da milli diviziyalar təşkil edildi və bu diviziyaların yaradılması ilə əlaqədar milli zabit kadrlarının hazırlığı zərurəti də ortaya çıxdı. Bu kadrlar sovet hərbi məktəblərində hazırlanırdı və milli hərbi kadrlara olan ehtiyacı ödəmək üçün İttifaqın bir çox hərbi məktəblərində milli kadrlar, o cümlədən də azərbaycanlılar üçün kvotalar ayrılmışdı. Həmin milli diviziyaların bəziləri 1956-cı ilə qədər mövcud oldu. Nə qədər ki, milli diviziyalar mövcud idi, hərbi məktəblərdə milli zabit kadrlarına kvota ayrılması da diqqət mərkəzində idi. Amma 1956-cı ildən sonra bu məsələyə diqqət də xeyli zəiflədi. Mövcud olan faktlara görə, Heydər Əliyevin Sovet Azərbaycanının rəhbəri seçilməsi ərəfəsində, konkret olaraq 1967-ci ildə ölkə hərbi məktəblərinə cəmi 136 azərbaycanlı gənc sənəd vermişdi ki, onların çox az hissəsi məktəblərə daxil ola bilmişdi. Həmin il Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə 21 azərbaycanlı, Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə isə cəmi 2 azərbaycanlı daxil ola bilmişdi. İttifaq mərkəzi Sovet Ordusunda milli zabit kadrların, xüsusilə rəhbər strukturlarda olmasına o qədər də rəğbətlə yanaşmırdı. Azərbaycanın o zamankı rəhbərliyi də İttifaq rəhbərliyinin bu xəttinə qarşı çıxmağa və milli iradə nümayiş etdirməyə maraqlı deyildi. Bunun nəticəsi idi ki, bir tərəfdən azərbaycanlı milli zabit kadrlar hazırlanmasında irəliləyiş yox idi, digər tərəfdən, Azərbaycandan olan çağırışçı ehtiyatı daha çox hərbi ixtisaslar verməyən hərbi hissələrə yerləşdirilirdi. Heydər Əliyev isə respublika rəhbərliyinə seçildiyi ilk günlərdən bu vəziyyətlə razılaşmadı və fərqli bir milli siyasət izləməyə başladı. Yaranmış vəziyyəti Heydər Əliyevin özü belə şərh edirdi: "Dövlət təhlükəsizliyi orqanlarında işləyəndə bütün Azərbaycanda, habelə SSRİ-də olan hərbi hissələrlə çox yaxşı tanış idim. Onlarla əlaqəm var idi, onlarla görüşürdüm. Ancaq hər dəfə məni narahat edən o idi ki, azərbaycanlılardan zabit vəzifəsində adam yoxdur. Ümumiyyətlə, SSRİ ali hərbi məktəblərinə, əsasən, ruslar, ukraynalılar, beloruslar qəbul oluna bilərdilər. Qalan millətlərin gənclərinin hərbi məktəblərə qəbul edilməsini çox nadir hadisə kimi qəbul etmək olardı. Bunları görəndə, bu barədə fikirləşəndə düşünürdüm, yaxşı, biz İttifaqın bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq? Deməli, əlavə tədbirlər görmək lazım idi ki, bu maneəni keçəsən və azərbaycanlıları orduda komandan, zabit vəzifəsinə çatdıra biləsən. Ona görə də mən 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra, 1971-ci ildə bununla məşğul oldum".Heydər Əliyev bu çıxışında 1971-ci ili xatırladanda, əslində, Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbin yaradıldığı ili nəzərdə tuturdu.
1971-ci ildə milli hərbi kadrların hazırlığı sahəsində ciddi nəticələrin əldə edilməsi üçün Heydər Əliyev daha qətiyyətli bir təşəbbüslə çıxış etdi. Bu təşəbbüsə əsasən həmin il Zığ qəsəbəsində yerləşən 2 nömrəli səkkizillik internat məktəbin bazasında Cəmşid Naxçıvanski adına hərbi təmayüllü xüsusi internat məktəbin əsası qoyuldu.
Məktəbin fəaliyyətinin təşkilinə respublika rəhbərliyi tərəfindən göstərilən qayğının nəticəsi kimi ildən-ilə onun məzunları sırasından kursant adı alanların sayı da çoxalmağa başladı. Məsələn, 1971-ci ildə C.Naxçıvanski adına Xüsusi internat məktəbinin 21 məzunu, 1975-ci ildə 24 məzunu, 1976-cı ildə 46 məzunu, 1977-ci ildə 68 məzunu, 1980-ci ildə 105 məzunu, 1981-ci ildə 107 məzunu, 1982-ci ildə 103 məzunu, 1983-cü ildə 133 məzunu ölkənin ali hərbi məktəblərinə daxil oldular. 1986-cı ildə isə məktəbin artıq 200-dən çox məzunu İttifaqın müxtəlif hərbi məktəblərinə daxil ola bilmişdilər.
Məqsədyönlü siyasətin həyata keçirilməsi nəticəsində yalnız C.Naxçıvanski adına Xüsusi məktəbin məzunlarından deyil, digər ümumtəhsil məktəblərinin məzunları arasından ölkənin ali hərbi təhsil müəssisəsinə göndərilənlərin sayı artır. İldən-ilə İttifaq ali hərbi təhsil müəssisələrinə respublikadan göndərilənlər arasında da azərbaycanlı gənclərin də sayında artım əldə edildi.Sonrakı illərdə də azərbaycanlılar arasından İttifaqın ali hərbi məktəblərinə daxil olan azərbaycanlıların sayı artdı. Məsələn, Heydər Əliyevin Moskvada yüksək vəzifəyə irəli çəkildiyi il, yəni 1982ci ildə respublikadan 1086 nəfər İttifaqın müxtəlif ali hərbi məktəblərinə daxil oldu. Onlardan 619 nəfəri azərbaycanlı idi. Sonrakı 1983-cü ildə isə Azərbaycandan İttifaq ali hərbi məktəblərinə daxil olan 1206 nəfərin 812-si azərbaycanlı idi.Heydər Əliyevin respublika rəhbəri seçildiyi ilk illərlə müqayisədə onun Moskvaya yüksək vəzifəyə irəli çəkildiyi ildə İttifaq ali hərbi məktəblərinə daxil olan azərbaycanlıların sayı 20 dəfəyə yaxın artmışdı. Başqa sözlə,1972-ci ildə cəmi 46 azərbaycanlı ali hərbi məktəblərə daxil olmuşdusa, 1983-cü ildə onların sayı 812 nəfərə çatmışdı.Bakıda yerləşən ali hərbi məktəblərdə təhsil alan azərbaycanlı gənclərin sayının artırılması üçün də Heydər Əliyev çox ciddi təşkilatçılıq işləri apardı. O, həmin məktəblərin fəaliyyəti ilə və ora azərbaycanlı gənclərin daxil olması səviyyəsi ilə maraqlandı və sonralar məktəblərin fəaliyyətinin Azərbaycanın milli maraqlarına uyğunlaşdırılması sahəsində görülən işləri sonralar belə xatırlayırdı: "Mən 1970-ci ildə bu məktəblərin işi ilə tanış olarkən gördüm ki, hər bir məktəb ildə 300 müdavim qəbul etdiyi halda, Ümumi Hərbi Komandirlər Məktəbində cəmisi 10-15 nəfər azərbaycanlı təhsil alır, Hərbi Dəniz Donanması Məktəbində isə 1-2 nəfər azərbaycanlı oxuyur. Hərbi məktəblər Azərbaycanda, Bakıda yerləşirdi, amma orada oxuyanların tam əksəriyyəti azərbaycanlı deyildi. Bu, bir tərəfdən o vaxt aparılan siyasət sovet hakimiyyətinin siyasəti idi. Onlar o vaxt orduda yüksək vəzifələrdə başqa millətlərdən və xüsusən, Azərbaycan millətindən olan insanları görmək istəmirdilər. İkinci tərəfdən də Azərbaycanda hərbi peşəyə soyuq münasibət var idi. Biz bunların aradan qaldırılması üçün tədbirlər gördük. Biz Naxçıvanski adına hərbi məktəb yaratmaqla yanaşı, Azərbaycanda yerləşən iki ali hərbi məktəbə baxmayaraq ki, onlar birbaşa Moskvaya, Sovet Ittifaqı Müdafiə Nazirliyinə tabe idilər hər il azərbaycanlıların qəbul edilməsinə nail olduq".
Azərbaycanın müstəqilliyinin bərpasından sonra milli hərbi təhsil sisteminin formalaşdırılması sahəsində də daha ciddi addımlar atıldı. Respublikada hərbi təyyarəçi kadrlara olan ehtiyacın aradan qaldırılması üçün 1995-ci ildə Azərbaycanda Uçuş Hazırlığı Təlim Mərkəzi yaradıldı və bu mərkəzdə 3 illik proqram əsasında təyyarəçi kadrların hazırlanmasına başlandı. 1997-ci il oktyabr ayının 15-də bu təlim mərkəzində təhsil alan heyətin ilk buraxılışı oldu və Heydər Əliyev bu buraxılışda iştirak etməklə gənc hərbi təyyarəçilər qarşısında çıxış da etdi.
Heydər Əliyev Azərbaycanın ali hərbi məktəblərinin 2002-ci ilin yayında olan buraxılışında da iştirak etdi və Silahlı Qüvvələrin sıralarına qoşulan gənc zabitlər qarşısında səmimi bir çıxış etdi, onlara öz tövsiyələrini və tapşırıqlarını verdi.
Azərbaycanda milli hərbi kadrların hazırlanması sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında qərar oldu. Bu məsələ ilə bağlı Prezident fərmanı 1999-cu ildə imzalanıb. Bununla da ali hərbi təhsilli komandir və qərargah zabitlərinin hazırlanması, onların ixtisasının artırılması sahəsində mövcud olan boşluğu da aradan qaldırmaq mümkün oldu.

Şahinə Məmmədova,
Salyan şəhər 2 saylı tam orta məktəbin müəllimi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-10-2025