Mobil versiya
Dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətləri sarsılmazdır, əbədidir!
Tarix: 09-06-2023 | Saat: 15:20
Bölmə:Özəl | çapa göndər

Dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətləri sarsılmazdır, əbədidir!

“Türkiyə, Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!”. Azərbaycan və Türkiyə arasında olan dostluq əlaqələrindən bəhs edərkən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sözlərini xatırlamaq kifayətdir ki, ölkəmizin qardaş ölkəyə verdiyi dəyəri anlayaq.
Bu iki ölkə arasındakı əlaqələr qədim tarixə, qədim köklərə malikdir. Hələ ta qədimdən türk və Azərbaycan xalqı bir-birinin sevincinə, dərdinə şərik olmuş, yadelli işğal və təcavüzlərinə birgə sinə gərmiş, köməyini, dəstəyini bir-birindən əsirgəməmiş, ulu öndərimizin də qeyd etdiyi kimi “bir millət, iki dövlət” olmuşlardır. Həm Ümummili liderimizin bu dəyərli kəlamları, həm də türk xalqının dahi şəxsiyyəti Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları gələcək nəsillərə bir mesajdır.
SSRİ-nin türk dünyasını parçalamaq siyasəti mövcud olduğu ilk gündən əsas prioritet məsələlərdən olmuşdur. Müəyyən qədər bu istəklərinə nail olmuş, türk xalqlarının dilinə, dininə, ümumi mədəniyyət və adət-ənənələrinə hücum çəkərək onu məhv etməyə çalışmışlar. Ortaq mədəni abidələr təhrif olunmuş, türk xalqlarını zorla bir-birindən ayrı salmağa çalışılmışdır. Lakin bu gün Azərbaycan- Türkiyə münasibətləri itirilməyə çalışılan ümumtürk birliyinin özülünü təşkil edir. Və bu əməkdaşlıq digər türk ölkələrinə də bir mesajdır. Əsrlər sürən yadelli təzyiqinin qara dumanını üstündən atmağa çalışan türk dünyası Azərbaycan və Türkiyə qardaşlığının işığında daha da sürətlə inkifaş edir.
Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir və regionda əhəmiyyətli amilə çevrilmişdir. Qloballaşan dünyada müharibələrin cəngində əzilən dünyamızda həm qonşu, həm siyasi-iqtisadi əməkdaş, həm də dost-qardaş olan dövlətlər demək olar ki, yoxdur. Bu cəhətdən qeyd edə bilərik ki, başqa ölkələr arasında Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinin bənzərini tapa bilmərik.
Azərbaycanın dərdini öz dərdi bilən Türkiyə dövləti və xalqı 2020-ci il Vətən müharibəsində də Azərbaycan xalqının ən birinci dəstəkçisinə çevrildi. Müharibənin ilk günündən son gününədək xalqımıza dəstək olan qardaş ölkə həm maddi, həm də mənəvi dəstəyini əsirgəmədi. Azərbaycan reallıqlarının dünyaya çatdırılması, beynəlxalq arenada göstərdiyi dəstək ilə Türkiyə öz qardaşlıq andını bir daha isbat etdi.
Eynilə Azərbaycan da Türkiyədə baş verən bütün hadisələrə dərhal reaksiya verir, Türkiyənin güclənməsini istəməyən və xarici təzyiqi artıran ölkələrə qarşı Türkiyənin yanında yer alır. Yunanıstanın Türkiyəyə qarşı olan müharibə təhdidi zamanında da Azərbaycan açıq-aşkar Türkiyəyə dəstək veriləcəyini bildirmişdir. Və yaxud Türkiyədə baş verən zəlzələ, sel və ya mədən qəzalarında da Azərbaycan daim öz yardımlarını göstərir. Bu iki dövlətin bir-birinə olan dəstəyini saymaqla bitməz və iki xalqın bir-birinə olan sevgisindən xəbər verir.
Hər iki ölkənin başçılarının səfəri həm Azərbaycan, həm Türkiyə də böyük təntənə ilə, bayram kimi qeyd edilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Türkiyəyə səfəri zamanı səsləndirdiyi fikirlər də bu qardaşlığın əbədi və sarsılmaz olmasından xəbər verir: “Biz əslində öz vətənimizdə, ölkəmizdə, öz qardaşlarımızın arasındayıq. Azərbaycan ilə Türkiyə arasında dost-qardaşlıq münasibətləri hamımızın bir millət olmaq ruhuna bağlılığımızın hər şeydən əhəmiyyətlidir”.
Türkiyə-Azərbaycan əlaqələri bütün sahələri əhatə edir- siyasi, iqtisadi, hərbi, təhsil, idman, mədəniyyət və s. Bu sahələrin hər birində təqdirə laiq sazişlər, müqavilələr imzalanır. Təbii ki, iki ölkə arasında bu əməkdaşlığı dəstəkləyən kifayət qədər imzalanmış sənədlər var. Lakin yeni sənədlərin imzalanması gələcəkdə fə bu münasibətlərin qorunması və davam etdirilməsi məqsədini güdür.
Beynəlxalq arenalarda da iki dövlət sanki bir dövlət kimi hərəkət edir, bir-birlərini gözübağlı dəstəkləyir, Türkiyənin qatılmadığı tədbirlərdə Azərbaycan, Azərbaycanın qatılmadığı tədbirlərdə Türkiyə Azərbaycanı təmsil və müdafiə edir. Bu səbəblə də bütün dünya ölkələri bu iki dövlətin qarşıladığını qəbul edir.
Təbii ki, bu münasibəti dəstəkləyənlər olduğu kimi qısqanclıqla yanaşanlar da olur. Lakin bu sarsılmaz və təməli möhkəm olan qardaşlığı heç kimin yıxmağa gücü çatmaz. Çünki Azərbaycan və Türkiyə münasibətləri iki dövlətin siyasi əlaqəsi olmaqdan çıxmış, dostluq, qardaşlıq münasibətləridir.

Azərbaycan Dillər Universiteti
Şəmilova Dünya Mərdan




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024