Mobil versiya
Tayı-bərabəri olmayan içki
Tarix: 23-05-2023 | Saat: 15:42
Bölmə:Özəl | çapa göndər

Tayı-bərabəri olmayan içki

Bütün dünyada çay öz populyarlığına, insanlar tərəfindən istehlakına görə tayı-bərabəri olmayan içki sayılır. Bu şəfaverici bitkinin müxtəlif növləri məlumdur. Qara, yaşıl, ağ, sarı ulun, püre növləri daha çox bəyənilir. Çayı sevdirən onun tərkibində 300-dən artıq faydalı kimyəvi maddələrin olmasıdır. Onda olan taninlərin, vitamin, üzvi turşuların səbəbindən dezinfeksiyaedici təsirə malikdir, həzm prosesinə müsbət təsir göstərir. Ürəyin fəaliyyətini qaydaya salır, damarlar genişlənir, spazmalar aradan qalxır.
Çin, Hindistan, Şri-Lanka, Yaponiya, Vyetnam, İndoneziya, Keniya ölkələri dünyada çayın əsas məskənləri sayılır. Adlarını çəkdiyim ölkələrin meşələrində indinin özündə də yabanı hallında çay ağacları bitir. Bu həmişə yaşıl ağacların hündürlüyü təqribən 10 metrə çatır. Yarpaqları sıx və qalın oval şəkillidir. Üst hissəsi tünd-yaşıl, aşağı hissəsi isə açıq rənglidir. Ağacların çiçəkləndiyi dövrdə onların ətrafa yaydığı ətirdən doymaq olmur.
Bildiyimiz kimi, mədəni çay bitkisinin hündürlüyü bir metr yarıma çatır. Tipinə görə Çin və Assam növlərinə bölünür. Ən yaxşı çay plantasiyaları dəniz səviyyəsindən 2 min yüksəklikdə yerləşir. İçməli çayın ən bahalı növü kolun üst tərəfində yerləşən tumurcuqlu 2-3 gənc əllə yığılan yarpaqdan alınır.
Çay çinlilərin kəşfidir. Rəvayətə görə eramızdan əvvəl üçüncü əsrdə əfsanəvi imperator Şen-nun çay yarpağının müalicəvi xüsusiyyətlərini öyrənir. Tan sülaləsi (yeddi-onuncu əsrlər) hakimiyyətə gələnə qədər çaya dərman kimi baxırlar. Səkkizinci yüzillikdə yaşamış alim Lu Yuy çay, eləcə də onun içməsi barədə “Ça tszin” yəni “Çay qanunu” adlı ilk kitab yazır. Kitab on fəsildən ibarət olmaqla burada çayın mənşəyi, yayıldığı rayonlar, istehsalı, hətta istifadə edilən qab-qacağı haqqında geniş danışılır. Elə çay mərasimini də yaponlar yox, çinlilər fikirləşib. Həm də çayın dadının dəyişməsinə səbəb olan yarpağın müxtəlif emal texnologiyalarının kəşfi, ilk dəfə tətbiqi çinlilərdən gəlibdir.
Avropaya gəldikdə isə buraya çay 1517-ci ildə portuqaliyalılar tərəfindən gəlib çıxıb. Həmin zamanlar Monqolustandan Moskva şəhərinə gətirilən çay rusların da ən sevimli içkisi idi. On səkkizinci əsrin sonlarında artıq bütün Qərbi avropalılar çayın dadını bilirdilər. İngilislərin isə çaya xüsusi maraqları var idi. Onlar Hindistanda, Seylonda, bir müddətdən sonra Afrikada geniş çay plantasiyaları salırlar. Bu vaxtlar İngiltərəyə gətirilən qaçaq malların əsası dövlətin yüksək vergi qoyduğu çay olardı. Çayın idxalı ilə məşğul olan Ost-Hind şirkəti qaçaqmalçıların təcavüzü nəticəsində il ərzində 400 min funt itirirdi. Dediyim rəqəm həmin dövr üçün astronomik məbləğ hesab edilirdi.
Çayla bağlı daha bir maraqlı fakt. Belə ki, ən yaraşıqlı, sürətli yelkənli gəmilərin (kliperlər) istehsalı çayla bağlıdır. İlk dəfə Baltimorda amerikalılarin, sonra Aberdində ingilislərin düzəltdiyi bu kliperlərlə Çindən çay yarpaqları gətirilirdi. 1851-ci ildə Honkonqdan Londona üzən ABŞ-a məxsus “Oriyentar” kliperi cəmi 97 gün sərf etmişdir.
Çayın insan həyatına nüfuz etdiyi vaxtdan uzun əsrlər ötür. İndi artıq hər ölkənin öz çayının hazırlaması qaydaları, mərasim və ənənələri yaranmışdı. Bir neçə misal. Çində çayı içinə kiçik ələk salmış iri çini , saxsı çaydanlarda dəmləyir. Dəmə qoyulmuş çay bir qədər saxlanır. Sonra piyaləyə, fincana süzülüb süfrəyə gətirilir. Yaponiyada əsasən yaşıl çaya üstünlük verilir. Onlar hazırladığı bu faydalı içkini aramla, kiçik qurtumlarla, şəkər və başqa əlavələr qatılmadan içirlər. Tibetdə ən çox kərpic rəngli yaşıl çay işlədilir. Tünd dəmləmiş çaya 100-125 qram əridilmiş öküz yağı və duz əlavə olunur. Yekcins qatı maye olana qədər çalınır. Alınan çay öz dadına görə fərqlənir. Qidalıq dərəcəsinə görə onu içənin həyat tonusu artır. Tailandda qırmızı çaya cirə, qırmızı-sarı boya, ədviyyat qatır, şəkər və üzlü südlə şirin edir, sonra buzla soyudurlar. Çayı hündür stəkana süzüb içirlər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024