Mobil versiya
Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ümumşəhər tədbiri keçirilib -Fotolar
Tarix: 10-05-2023 | Saat: 19:42
Bölmə:Seçki 2024 | çapa göndər

Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ümumşəhər tədbiri keçirilib

Mayın 10-da ölkənin hər bir yerində olduğu kimi qədim Nizami yurdu Gəncə şəhərində də müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi, dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib.
aia.az xəbər verir ki, şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında ümumşəhər tədbirinin rəsmi hissəsi baş tutub.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəki baş konsulları Recep Öztop və Nikolos İaşvili, Quru Qoşunların komandanı, general-mayor Ənvər Əfəndiyev, Millət Məclisin üzvləri, QMİ Qazılar Şurasının üzvləri, İH başçısı Aparatının əməkdaşları, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ümummilli Lideri Heydər Əliyevin Gəncənin Baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsini dərin ehtiramla anıblar.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 
Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramov müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqda geniş məruzə ilə çıxış edib. 
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdəlki fəaliyyəti ilə bağlı danışan natiq qeyd edib ki, bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. 44 günlük Vətən müharibəsində qazanılmış parlaq qələbə, güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar.
İcra başçısı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanı öz praqmatik və müdrik siyasəti ilə irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir. Böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır.
Natiq əlavə edib ki, Ümummilli Lider Heydər Əliyev tarixi şəxsiyyət olmaqdan öncə, məhz tarix yaradan şəxsiyyətdir. Onun yaratdığı tarix 50 milyondan artıq azərbaycanlının qürur mənbəyidir. Heydər Əliyevin bioqrafiyası ilə Azərbaycan tarixi biri-birini tamamlayır.
Çıxışının sonunda Niyazi Bayramov bildirib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyəti, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Nə qədər ki, dünyada müstəqil Azərbaycan dövləti var, azərbaycançılıq var, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.
Məruzədən sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əsrin adamı" adlı film nümayiş olunub.
Rəsmi hissədən sonra Azərbaycan Milli Elmlər Akakdemiyasının Gəncə Bölməsi tərəfindən nəşr olunan "Heydər Əliyev və Gəncə" adlı monoqrafiya təqdim olunub. Nəfis tərtibatda nəşr olunan kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövlərdə Gəncəyə səfərləri barədə məlumat, bu səfərlər zamanı Ümummilli Liderin çıxışlarının orijinal mətnləri, Gəncədən olan elm, təhsil, səhiyyə və mədəniyyət xadimlərinin Ulu Öndərlə bağlı xatirələri, həmçinin dünyanın görkəmli şəxsiyyətlərinin dahi şəxsiyyət Heydər Əliyevlə bağlı fikirləri yer alır.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024