Mobil versiya
Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar
Tarix: 07-04-2023 | Saat: 21:51
Bölmə:Özəl | çapa göndər

Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar

Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında baş tutan səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə bir çox sənədlər, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Parlamentlərarası əlaqələrə gəldikdə deyə bilərik ki, Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.
Azərbaycan və Tacikistan prezidentləri həm təkbətək, həm də geniş tərkibdə görüşləri zamanı qarşılıqlı əməkdaşlığın inkişafına dair faydalı müzakirələr aparıblar. Danışıqlarda təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Dövlət başçıları beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Azərbaycan-Tacikistan münasibətlərinin qədim tarixi var. Sevindirici haldır ki, ənənələr bu gün də yaşayır. Hazırda iki ölkə arasında dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə uğurla inkişaf edir. Hər iki ölkədə münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsində həm dövlətlər güclü siyasi iradə göstərirlər, həm də cəmiyyətlərdə buna böyük istək var. Azərbaycanın və Tacikistanın bir-birinə xoş münasibəti Prezident İlham Əliyevin aprelin 5-də bu ölkəyə uğurla baş tutan dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdə bir daha səmimiyyətlə vurğulanıb. Azərbaycanın dövlət başçısının Düşənbədə mətbuata verdiyi bəyanatda bildirildiyi kimi, hər iki ölkənin bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürləri var.
Azərbaycanla Tacikistanı oxşar taleli ölkələr adlandırmaq mümkündür. Təxminən 70 il ərzində eyni dövlətin - keçmiş SSRİ-nin tərkibində olan hər iki ölkə ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqillik qazandıqdan sonra da bir-birinə bənzəyən yol keçiblər. Belə ki, imperiya buxovlarından qurtulan ölkələrimiz müstəqilliyin ilk illərində çətinliklərlə üzləşiblər. Həm Tacikistanda, həm də Azərbaycanda ictimai-siyasi sabitlik pozulub, vətəndaş müharibəsi təhlükəsi yaranıb. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Belə vəziyyət Azərbaycanda və Tacikistanda hələ çox kövrək olan müstəqilliyə ciddi təhdidlər yaradırdı. Hər iki ölkə çətin vəziyyətdən məhz liderlərin uzaqgörənliyi sayəsində çıxmağı bacarıb. Həm Prezident Heydər Əliyev, həm də Prezident Emoməli Rəhmon hərəsi öz ölkəsində qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Hər iki ölkə müxtəlif sahələrdə böyük uğurlar qazanıblar ki, bunun da əsasında sabitlik dayanır. Bu gün öz regionumuzda və bütövlükdə, dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev dünya miqyasında tanınan və böyük ehtiram bəslənilən siyasətçi olub. O, keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən həm ittifaq məkanında, həm də onun hüdudlarından kənarda bir sıra mühüm layihələrin həyata keçməyə nail olub, daim xalqlar və ölkələr arasında əlaqələrin möhkəmlənməsinə çalışıb. Ulu Öndərimizin xeyirxah əməllərinin izləri, həmçinin Tacikistanda da var. Təkcə bir nümunəni xatırlayaq: Keçmiş sovet dönəmində taciklər üçün həyat əhəmiyyətli obyekt olan “Nurek” Su Elektrik Stansiyasının tikintisinə sovet rəhbərliyi etiraz etsə də, Heydər Əliyev bu layihəni əvvəldən sonadək dəstəkləyib. Bəhs olunan su elektrik stansiyası bu gün də ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Ümumi gücü 2.700 MW’t olan “Nurek” Su Elektrik Stansiyası paytaxt Düşənbə də daxil olmaqla Tacikistanın əksər ərazilərini elektrik enerjisi ilə təmin edir. Tacikistan dövləti və xalqı da Heydər Əliyevin bu ölkə üçün etdiklərini unutmur və minnətdarlıqla xatırlayır. Hazırda bu ölkədə Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edilməsinə böyük hazırlıq işləri görülür. Əsas tədbirlərin gələn ay keçirilməsi nəzərdə tutulub.
Azərbaycanla Tacikistan arasında münasibətlər xoş mərama əsaslanmaqla, həm də çoxvektorlu olması ilə səciyyələnir. İlk növbədə, siyasi dialoqun məmnunluq doğuran yüksək səviyyəsini qeyd edə bilərik. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan Prezidentinin Tacikistana bəhs olunan dövlət səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir. Tacikistan Prezidentinin dəvəti əsasında baş tutan səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Bu səfər Azərbaycan Prezidentinin Tacikistana sayca beşinci səfəridir. Dövlətimizin başçısı dost ölkəyə ilk səfərini 2007-ci ildə edib. Azərbaycan Prezidenti bundan əvvəl 2018-ci il sentyabrın 27-28-də Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının toplantısında iştirak edib. Eyni zamanda, Tacikistanın Prezidenti Emoməli Rəhmon da bir neçə dəfə Azərbaycanda səfərdə olub. Qarşılıqlı səfərlər zamanı ölkələrimizin gündəliyinin aktual məsələləri müzakirə olunub. Qeyd edək ki, Azərbaycan və Tacikistan ikitərəfli platformada olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Tacikistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən ölkələr sırasında yer alır.
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub, daha sonra isə mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024