Mobil versiya
Niyazi Nəcəfov: "Ulu öndər Heydər Əliyevin ölkəmizdə təməlini qoyduğu elm və təhsillə bağlı siyasəti bu gün real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir"
Tarix: 07-04-2023 | Saat: 09:00
Bölmə:Özəl | çapa göndər

Niyazi Nəcəfov: "Ulu öndər Heydər Əliyevin ölkəmizdə təməlini qoyduğu elm və təhsillə bağlı siyasəti bu gün real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir"

Böyük şəxsiyyətlərin böyüklüyü ondadır ki, onların fəaliyyətini müxtəlif tərəflərdən analiz edirlər, hər bir sahənin adamı onu öz baxış bucağından qiymətləndirir. Heydər Əliyev belə tarixi şəxsiyyətdir. Müasir Azərbaycan həyatının hər bir sahəsində onun özünəməxsus izi var. Müəllim müəllim kimi, mühəndis mühəndis kimi, hərbçi isə sərkərdə kimi düşünür Heydər Əliyev deyəndə. Elə bu mənada bu günkü müsahibimiz də uzun illər təhsil sahəsində işləmiş, Heydər Əliyevin yorulmaz təbliğatçısı, ATİAHİ Şirvan şəhər Komitəsinin sədiri Niyazi Nəcəfov.

-Niyazi müəllim, belə bir deyim var ki, dahilər tarixi yaradır. Azərbaycanın kifayət qədər tarix yaradan və tarixdə qalan şəxsiiyyətləri var. Bu kontekstdən çıxış edəndə Heydər Əliyevi necə qiymətləndirmək olar?

-Heydər Əliyev fenomen şəxsiyyətdir. Həyatın hansı üzündən baxsan o böyük şəxsiyyətin rolunu, müsbət obrazını görmək olar. Bu adam elə bir şəxsiyyətdir ki, bütün ömrünü xalqa, Vətənə həsr edə bildi. Özünün dediyi kimi azərbaycanlı olmağı ilə fəxr edə bilmək keyfiyyəti onu bir xalqın, bir millətin taleyində həlledici şəxsə, xilaskara çevirdi.

-Siz təhsil işçisisiniz. Heydər Əliyev təhsilə daim diqqət yetirən və önəm verən rəhbər kimi sizin xatirənizdə necə qalıb?

- Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə və s. ilə öz tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdır. Təbii ki, bu kitablarda ümummilli lider Heydər Əliyev bir hakimiyyət ustadı kimi, qətiyyətli dövlət başçısı kimi, müdrik siyasətçi, məsuliyyətli vətəndaş kimi, cəsur və tədbirli sərkərdə, Vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran şəriksiz və alternativsiz lider kimi hərtərəfli öyrənilməlidir. Bütün bunlar gənc nəsil üçün xüsusilə vacibdir.
Bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu konteksdən yanaşdıqda, Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.

-Sizcə, Heydər Əliyevin bu müdrik ideyaları. Öncədən müəyyən etdiyi startegiya bizim təhsilimizin inkişafında hansı rolu oynadı?

- Milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir. Bu mənada ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bugününə diqqət yetirmək kifayətdir.

- Sizin- qocaman təhsil işçisinin bu baxımdan fikirləriniz çox maraqlıdır

- İnkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, fundamental tədqiqatlar aparılmayan ölkələrdə yüksək keyfiyyətə malik təhsil haqqında danışmaq mənasızdır. Eyni zamanda, harada ki baza rolunu oynayan keyfiyyətli orta təhsil yoxdursa, orada geniş əhatəli fundamental tədqiqatlar aparılması qeyri-mümkündür. Ümumiyyətlə, dövlətin iqtisadi qüdrətini, onun elm tutumlu və rəqabətə davamlı məhsulunun istehsalını elmi tədqiqatların, xüsusən fundamental tədqiqatların səviyyəsi, əhatəliliyi və yüksək ixtisasa malik milli kadrlar müəyyən edir. Başqa sözlə desək, müasir dünya gerçəkliklərinə yaxından bələd olan, müasir texnika və texnologiyanı mənimsəyən kadrlar yetişdirmədən, eləcə də ölkədə həyata keçirilən islahatları elmi baxımdan əsaslandırmadan mövcud təbii-iqtisadi resurslardan tam və səmərəli istifadə etmək və arzu edilən iqtisadi inkişaf səviyyəsinə nail olmaq qeyri-mümkündür. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyası ölkənin texniki-texnoloji, eləcə də sosial-iqtisadi inkişafının avanqardına çevrilməlidir. Məhz bu reallığı nəzərə alan ulu öndər Heydər Əliyevin “Milli Elmlər Akademiyası sistemində yüksək ixtisaslı elmi kadrlar hazırlayan təhsil qurumlarının, respublikada prioritet istiqamətlərdə müstəqil fəaliyyət göstərən dövlət elm-təhsil mərkəzlərinin işi daim gücləndirilməli və zənginləşdirilməlidir” fikri də akademiyanın potensialının və texniki bazasının gücləndirilməsinə, ölkədə fundamental elmi tədqiqatların aparılmasına yönəlmişdir.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ən əhəmiyyətli nəticələrindən biri də azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, vətənpərvərlik hisslərinin güclənməsi olmuşdur. Öz vətənini və xalqını son dərəcə böyük məhəbbətlə sevən, Azərbaycan dövləti və milləti üçün sonsuz qürur hissi keçirən Heydər Əliyev "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləməklə, əslində, ölkəmizdə milli tərbiyə konsepsiyasını bəyan etmişdir. "Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik” deməklə Heydər Əliyev "azərbaycançılığı” milli ideologiyanın əsası kimi müəyyənləşdirmişdir. Azərbaycanda müstəqilliyin ilk illərindən latın qrafikalı əlifbaya keçilməsi qərara alınsa da, bu proses Heydər Əliyevin səyləri nəticəsində 2001-ci il avqustun 1-də tam başa çatmış, təhsil sistemində latın qrafikalı əlifbaya tam keçid təmin edilmişdir. 2002-ci ildən hər il avqustun 1-i "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” bayram kimi qeyd edilir. Bu gün qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsi, şərəfli həyat və fəaliyyəti gənc nəslin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması üçün ən dəyərli mənbədir.

-Təbiidir ki, müasir dövrdə təhsil bir sıra sahələrdən fərqlidir. Çünki təhsilin nəticəsi müəyyən müddətdən sonra özünü büruzə verir. Bu mənada heydər əliyevin təhsil sahəsinə diqqəti də xüsusi önəm daşıyırdı. Ümummilli Lider xüsusən gənc nəslin inkişafına xüsusi qayğı ilə yanaşırdı.

- Ulu öndər Heydər Əliyevin ölkəmizdə təməlini qoyduğu elm və təhsillə bağlı siyasəti bu gün real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Belə ki, ulu öndər bu sahələrə xüsusi həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir. Ümummilli lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd etmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq
lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu mənada onun böyüklüyünü dərk etmək kifayət qədər düşüncə tələb edir. Bəli, o böyük şəxsiyyət sanki bizim Qarabağ uğrunda mücadiləmizdə qələbə çalacağımızın anonsunu verirdi. Onun yuxarıda səsləndirdiyim fikri bu gün real həqiqətə çevrilib. Həmin dövrdə məktəb partası arxasında əyləşən uşaqlar ikinci Qarabağ savaşında tarix yazdılar. Çünki onlar o təhsili aldılar, o elmi öyrəndilər ki, onun mahiyyətində Vətənə məhəbbət, xalqa və topağa sədaqət var, millət sevgisi var.

-Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdir. Yəqin ki 2023-cü ildə təhsil ocaqlarında bu ilin daha əhatəli keçirilməsi planlaşdırılır.

-Bəli, doğru fikirləşirsiniz. “Heydər Əliyev İli” müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin ideallarının işığında qazandığı parlaq nailiyyətlərin bütün dünya qarşısında möhtəşəm hesabatı ili olacaqdır. Bütün təhsil ocaqlarında bu dahi şəxsiyyətin- Heydər Əliyevin ömür və mübarizə yolunun dərslərini, müstəqil dövlətçilik və azərbaycançılıq ideallarını dərindən və əsaslı şəkildə öyrədilməsi nəzərdə tutulur. Bu proses bir tədbirlər, bir müzakirə ilə yekunlaşmayacaqdır. Bütün tədbirlərin mahiyyətini də ilk öncə Azərbaycan xalqı üçün böyük xidmətləri olmuş Azərbaycan xalqına xoşbəxtlik bəxş etmiş, faktiki olaraq müasir Azərbaycanın memarı olan dahi siyasət adamı olan Heydər Əliyev irsinin gənclərə öyrədilməsi, Vətənə xidmətin Heydər Əliyev timsalı duracaqdır.

- Niyazi müəllim, səmimi və ətraflı müsahibənizə görə Sizə təşəkkür edirəm. Sağ olun.

- Siz də sağ olun.

Söhbətləşdi: Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024