Mobil versiya
Elman Bayramov: “Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmişdir”
Tarix: 06-04-2023 | Saat: 11:00
Bölmə:Özəl | çapa göndər

Elman Bayramov: “Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmişdir”

“Bu il bütün dünya azərbaycanlıları Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edəcəklər. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması sözsüz ki, bütün xalqın iradəsini ifadə edir və xalqın öz xilaskar oğluna sonsuz ehtiram və məhəbbətinin bariz təzahürüdür. Ulu öndər özünün bu xilaskarlıq missiyasını keçən əsrin əvvəllərində həyata keçirmişdir. Belə ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycanın müstəqilliyi bərpa olundu. Lakin bir tərəfdən ölkədə formalaşmış separatçılıq meyilləri və bu zəmində yetişməkdə olan vətəndaş qarşıdurması, digər tərəfdən erməni işğalı Azərbaycanda dövlətçiliyin itirilməsi təhlükəsini bir reallıq olaraq ortaya çıxarmışdı. Belə bir təhlükəli və mürəkkəb məqamda Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Ulu öndər xalqın israrlı dəvətini qəbul etdi, bununla da Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi aradan qalxdı. 1993-cü il iyunun 15-də isə Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Ən əsası, 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, azad bazar iqtisadiyyatına keçidlə bağlı genişmiqyaslı islahatlara başlandı.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində "Ayan MMC" rəhbəri Elman Bayramov deyib.


Öz fikirlərini davam etdirən Elman Bayramov həmçinin qeyd edib ki, müstəqil Azərbaycanın memarı olan Ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir: “Ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət gayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapmışdır. Bu sənədlər iqtisadiyyatın bütün sahələrini əhatə etməklə azad rəqabətin təmin olunmasına və iqtisadiyyatın dinamik inkişafına xidmət etmişdir. Sahibkarlığın inkişafı istiqamətində 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilmişdir. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilmişdir. Sahibkarlığın inkişafının mühüm şərtlərindən biri olan infrastrukturun formalaşdırılması sahəsində vacib işlər görülmüş, sahibkarlara zəruri texniki yardım-məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar yaradılmışdır. 1993-cü ildən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin ilbəil sürətlə artması ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsidir. Xarici investisiyanın ölkəmizə cəlb olunması Ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün olmuşdur. Ulu öndərin bu sahədə verdiyi tövsiyə və tapşırıqları əldə rəhbər tutaraq xarici investisiya haqqında təkmil qanunvericilik bazası yaradılmışdır. Xarici investisiyaların cəlb olunması və qorunması istiqamətində atılan addımlar Azərbaycanla müxtəliv ölkələr arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin təsdiq edilməsi ilə bağlıdır.”


Daha sonra Elman Bayramov Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyasının və siyasi kursunun bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək bunları deyib: “Azərbaycan artıq uzun illərdir ki, Cənubi Qafqaz regionunun tək lider dövlətidir. Ölkəmiz hazırda Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından önəmli rol oynayır. Azərbaycan Avrasiya məkanında həyata keçirilən irimiqyaslı beynəlxalq enerji və logistik layihələrin vacib və zəruri iştirakçısıdır. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb transmilli nəqliyyat dəhlizlərinin mühüm tranzit məntəqəsidir. Ən əsası da bu gün Azərbaycan artıq özünü dünyaya öz torpaqlarını işğaldan azad etmiş qalib ölkə olaraq təqdim edir”, - deyə Elman Bayramov müsahibəsini yekunlaşdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024