Mobil versiya
LAÇININ QAN TÖKÜLMƏDƏN, ŞƏHİD VERİLMƏDƏN AZAD EDİLMƏSİ AZƏRBAYCANIN UĞURUDUR
Tarix: 05-04-2023 | Saat: 09:29
Bölmə:Özəl | çapa göndər

LAÇININ QAN TÖKÜLMƏDƏN, ŞƏHİD VERİLMƏDƏN AZAD EDİLMƏSİ AZƏRBAYCANIN UĞURUDUR

Bu gün artıq Laçın səmalarında Azərbaycan şahinləri, laçınlar uçuşur.
Müzəffər Ali Baş Komandanımız, rəşadətli ordumuz və vətənpərvər xalqımızın sarsılmaz birliyi ilə yaranan “Dəmir Yumruq” əməliyyatı nəticəsində 44 günlük Vətən müharibəsi Azərbaycanın qalibiyyəti ilə başa çatmış, ərazi bütövlüyümüz təmin edilmişdir.
10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən Laçın rayonu heç bir itki vermədən və bir güllə atılmadan işğaldan azad edilib. Bu bəyanatda Azərbaycan öz şanlı qələbəsini, Ermənistan isə məğlubiyyətini təsdiqləmiş oldu. Cənab Prezidentimizin siyasi iradəsi və ordumuzun qüdrəti bir daha dünyaya nümayiş olundu.Böyük fəxrlə qeyd edirik ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan, Azərbaycanın ən böyük rayonlarından biri olan Laçında yenidən üçrəngli şanlı bayrağımız məğrurluqla dalğalanır və bu bayraq heç zaman enməyəcəkdir.
Dövlətimizin başçısı Cənab Prezident İlham Əliyev martın 18-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən Laçının həm işğal tarixi, həm də azad edilməsi ilə bağlı mühüm məqamlara toxundu, çox qiymətli fikirlər səsləndirdi. Prezident haqlı olaraq qeyd etdi ki, Laçının itirilməsinin əsas səbəbi ozamankı Azərbaycan hakimiyyətindəki sonsuz intriqa və qarşıdurmalar olmuşdur. Məhz siyasi intriqalar səbəbi ilə Laçın və digər torpaqlarımızın müdafiəsinə lazımi diqqət yetirilməmiş, nəticədə Ermənistan ordusu bu torpaqları işğal etmişdir. Dövlət başçısı bildirdi ki, Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edilmişdir: “Bu, ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu...”. 
Ölkə başçısının rəhbərliyi ilə bu gün Laçın rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Hazırda dövlətin əsas vəzifələrindən biri Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm də oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılmasıdır. Bunun üçün Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri həyata keçirilib. Laçın rayonunda 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq, generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Eləcə də Prezident İlham Əliyevin Sərəncamına əsasən, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu inşa edilir. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, 30-dan çox ictimai bina inşa edilir. Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Beləliklə də, bu il və gələn il Laçın rayonuna təqribən 10 mindən çox keçmiş köçkün yerləşdiriləcək. Güləbird və Qorçu kəndlərinin Baş planı da təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Bir sözlə, “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq bütün başqa rayonlar kimi Laçın rayonu da bərpa olunacaq, laçınlılar da öz doğma yurduna qayıdacaqlar.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024