Mobil versiya
APREL DÖYÜŞLƏRİ 44 GÜNƏ QAZANILAN HƏLLEDİCİ ZƏFƏRİN BÜNÖVRƏSİ İDİ
Tarix: 04-04-2023 | Saat: 09:49
Bölmə:Özəl | çapa göndər

APREL DÖYÜŞLƏRİ 44 GÜNƏ QAZANILAN HƏLLEDİCİ ZƏFƏRİN BÜNÖVRƏSİ İDİ

Dördgünlük Aprel müharibəsindən 7 il ötür.
Aprel döyüşləri Qarabağda 1994-cü ildə atəşkəs haqqında razılşma imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olundu. 
Aprelin 5-də hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs razılaşması imzalandı. Buna baxmayaraq, Ermənistan silahlı birləşmələri atəşkəsin imzalanmasından bir neçə saat sonra onu dəfələrlə pozub.
Aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri 2000 hektar ərazini işğaldan azad etdi. Ermənistan tərəfinin bunu təhrif etməyə çalışması isə onun növbəti mifoloji üslubunun təzahürü idi. Çünki onlar öz məğlubiyyətlərini xalqlarına qələbə kimi qələmə vermək vərdişlərini sonuncu müharibədə də davam etdirirdilər.
Bu 4 gün bizə – Azərbaycan xalqına və bütün dünyaya, mənfur qonşularımıza və onların havadarlarına aydın bir mesaj oldu. Azərbaycan xalqı daha səbirli olmaq istəmir, sülhün bərqərar olacağına, tarixi ədalətsizliyin aradan qaldırılacağına inanmır, özü bu problemin aradan qaldırılması yollarını bilir və buna qüvvəsi yetərlidir.
Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək iqtidarında olduğunu sübuta yetirdi. Dördgünlük müharibədən sonra xalqımızın öz igid oğullarına, Ordumuza etimadı daha da artdı, igid döyüşçülərimizin isə döyüş əzmi möhkəmləndi, qolunun gücünə, iradəsinə inamı gücləndi. Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə inamını da möhkəmləndirdi. Bizə bir daha aydın oldu ki, Vətəni qorumaq, düşmən tapdağı altında olan torpaqlarımızı qaytarmaq üçün qan tökməli, düşməni diz çökdürməli, gözünün odunu almalıyıq. Aprel döyüşləri həm də onu göstərdi ki, 30 ilə yaxın dövrdə torpaqlarımızın bir hissəsini itirsək də, vicdanımızı, namusumuzu itirmədik, hər şəhidimizin əvəzinə yurdumuzu qanları bahasına azad etməyə hazır olan igid oğullar böyütdük.
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində yaranan rezonans Ermənistanın siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gəlməsinə səbəb oldu ki, bu fonda da Serj Sarkisyan hakimiyyətini itirdi. Düzdür, onu əvəz edən Nikol Paşinyan bir müddət danışıqlarla bağlı imitasiya etdi. Lakin sonda o da “Qarabağ Ermənistandır” sərsəmləməsi ilə erməni kimliyini, işğalçı xislətini büruzə verməli oldu. Onun kabinetinin müdafiə naziri isə bir qədər də irəli gedərək Amerikadakı görüşlərin birində Azərbaycanın yeni torpaqlarını işğal edəcəkləri iddiasını səsləndirdi. Bu sərsəmləmələrin fonunda 2020-ci ilin Tovuz hadisələri baş verdi və Azərbaycan bir daha bütün dünyaya Ermənistanın hansı siyasətə üstünlük verdiyini çatdırdı. Ermənistanın 2020-ci il sentyabrın 27-də əl atdığı növbəti hərbi təxribat isə işğalçı ölkənin ordusu üçün ölüm fərmanı oldu
Dövlət başçısının Azərbaycan Ordusunun Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə də qeyd etdiyi kimi, Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban vermişdir. Lakin bu hal uzun sürmədi. Xalqımızın şanlı Vətən müharibəsində qazandığı tarixi Zəfər nəticəsində Ermənistan işğalın ağır bədəlini ödəməli oldu. Düşmən faktiki olaraq qalib Azərbaycan Ordusu qarşısında kapitulyasiyaya məcbur edildi! Ermənistan indi revanşist niyyətlərindən əl çəkib reallıqla barışmalıdır. Ölkə başçısı dəfələrlə qətiyyətlə bildirib ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq!

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024