Mobil versiya
20 yanvar hadisələrinin Lənkəran faciəsi -Fotolar
Tarix: 20-01-2023 | Saat: 10:07
Bölmə:Özəl | çapa göndər

20 yanvar hadisələrinin Lənkəran faciəsi

İlk öncə qeyd etməliyəm ki, 20 yanvar hadisəsi XX əsrin ən dəhşətli hadisələrindən biridir. Beynəlxalq hüquq kontekstindən yanaşılarsa, insanlıq əleyhinə olan cinayətdir. Sovet hakimiyyətinin xəbərdarlıq etmədən Azərbaycana qoşun yeritməsi və birbaşa xalqımıza qarşı amansız təcavüzü olmaqla bərabər eyni zamanda çox saylı beynəlxalq hüquq normalarının prinsiplərini, konvensiyaların və protokolların kobud surətdə pozulmasıdır. Bununla bağlı Milli Məclisdə, o cümlədən Ulu Öndərimiz Heydər Əliyev və Cənab Prezidentimiz İlham Əliyev tərəfindən hüquqi baza yaradılıb və bu qırğının səbəbləri araşdırılır. Lakin günahkar şəxslər bugünə qədər hələdə cinayət məsuliyyətinə cəlb olunmayıblar. Buda onu sübut edir ki, bugün beynəlxalq aləmdə həqiqətən ikili standart mövcuddur. O dövrdə xalqımız 20 yanvar hadisələrində əliyalın, silahsız ağır silahların qarşısına çıxmaqla, böyük Sovet ordusuna müqavimət göstərməklə xalqımızın hansı inama, hansı hünərə, hansı qeyrətə və namusa malik olmasından xəbər verir. Siyasi proseslərin getdiyi bir dövrdə xalqımızın azadlıq uğrunda mübarizə yolunun başlanğıcı məhz 20 yanvar hadisələrindən başlayır. Təkcə mən yox çoxları belə düşünür və müqayisəli təhlil aparıb görərik ki, 44 günlük müharibədə qələbənin əldə olunması 20 yanvar hadisələrindən başlayır. Biz qamətimizi artıq dik tuturuq. Buda Ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin Ali Baş Komandan kimi yüksək siyasi yetkinliyinə malik olmasını, eyni zamanda Zəfərli ordumuzun bugün heç nədən çəkinmədən torpağı hər şeydən üstün tutub işğal altında olan torpaqlarımızın azad olunmasına gətirib çıxarması xalqımızın qələbəsidir. Ona görə də mən düşünürəm ki, qələbənin də startı 20 yanvar hadisələrindən götürülməklə bərabər onun bünövrəsidə Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin qətliamdan bir gün sonra, yanvarın 21–də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat vermişdir. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pisləmişdir.
1990–ci ilin yanvarında Lənkəranda baş verənlər Azərbaycanda törədilən hadisələrin tərkib hissəsi idi. Lənkəran torpağının vətənpərvər oğulları 1990–cı ilin qanlı 20 yanvar hadisələrində əsl hünər nümunəsi göstərərək, Bakıya soxulmuş qırmızı imperiyanın qoşunu qarşısından qaçmayıb, sinələrini yurda sipər etdilər. Onlardan Asif Əsədullayev, Telman Bağırov, Mircamal Əbülfətov, Əflatun Kazımov və Azad Mirzəyev yanvarın 19–dan 20–nə keçən gecə Bakı küçələrində sovet ordusunun silahlı təcavüzünün qurbanı oldular.
Azərbaycanlıların dədə baba torpaqlarından qovulması Dağlıq Qarabağda baş verən hadisələr zamanı mərkəzi hakimiyyətin açıq-aşkar ermənilərin müdafiəsinə qalxması Azərbaycanın o dövrdəki rəhbərliyinin cəsarətsiz mövqeyi Lənkəranlıların səbr kasasını coşdurmuşdu. 33 il bundan öncə Lənkəranda mərkəzi park Azadlıq meydanı adlanırdı. Bu meydana yığışanlarında əsas tələbi azadlıq idi. Onların tələbi ilə keçmiş ittifaq dönəmində ilk dəfə olaraq Lənkəranda Sovet hakimiyyətinin fəaliyyətinin 15 günlüyə dayandırılması baş verən hadisələrin kuliminasiya nöqtəsi oldu. 1990–cı il yanvarın 11–dən 26–na qədər yerli idarəetmə qurumlarının bütün funksiyalarını Azərbaycan Xalq Cəbhəsinin idarə heyəti tərəfindən yaradılmış Müvəqqəti Komitə həyata keçirib. Həmin komitənin keçmiş üzvlərindən, hazırda təqaüddə olan tarix müəllimləri Əbdül Hüseynov, Rahim Nuriyev və İltifat Rəhimzadə söhbət zamanı qeyd edirlər ki, Azərbaycan Ali Sovetini çağırmaq, Dağlıq Qarabağın statusunu ləğv etmək tələblərin yerli əhali izdihamlı mitinqlərlə dəstəkləyirdi. Həmin vaxt xalqı azadlıq hərəkatından uzaqlaşdırmaq məqsədilə maraqlı qüvvələr tərəfindən tərkedici tədbirlərə də əl atılıb. 1990–cı il yanvarın 19–da minlərlə sakinin sərhədləri aşaraq İran tərəfinə keçirilməsinin təşkili bunun əyani sübutudur. Keçmiş ittifaq məhz bunu əsas götürərək yanvarın 25–də Lənkərana qoşun yeritdi. Hərbi vertolyotlarla gələn silahlı dəstələrə diviziya komandiri polkovnik Totski rəhbərlik edirdi. Rus ordusu öz zabitini kapitan Kanapilovu arxadan vuraraq bunun günahını cəbhəçilərin milli müdafiə batalyonunun üzvlərinin üstünə yıxaraq heç bir xəbərdarlıq etmədən atəş açdılar. Yanvarın 26–da gözlənilən təhlükəni şəhərdən uzaqlaşdırmaq məqsədilə Haftoni meşələrinə çəkilən 350 nəfərlik özünü müdafiə batalyonunun aqibəti isə faciə ilə bitib. Əslində imperiya qoşunlarının Lənkəranı hədəfə alması təsadüfi deyildi. Lənkərana yeridilən rus hərbçiləri xalq hərəkatı nümayəndələrindən guya onlarda olan silahları qeyd–şərtsiz təhvil verməyi tələb edir, dinc əhaliyə divan tutmaqla hədə–qorxu gəlirdilər. 1990–cı il yanvarın 11–də Lənkəranda Qarabağı ermənilərdən qorumaq üçün müdafiə qərargahı yaradılmışdı. Bütün xalq ayağa qalxmışdı. Şəhərin mərkəzi meydanında keçirilən mitinqlərdə hökumət ermənipərəst mövqe tutmaqda günahlandırılırdı. Kommunist Partiyasının üzvləri biletlərindən imtina edirdilər. Yanvarın 20–də Bakıda törədilən qanlı faciə vəziyyəti daha kəskin həddə çatdırdı. Milli Ordunun yaradılması istəyi ortaya çıxdı. Rus hərbçilərinin özbaşınalıqlarına qarşı çıxan yüzədək könüllü adi ov silahları ilə də olsa, onlara müqavimət göstərməyə çalışırdı. Əsas məqsəd hərbiçiləri şəhərdən uzaqlaşdırmaqla nahaq qanın tökülməsinin qarşısını almaq idi. Şəhərdə camaatın başı üzərində, ağacların üstündən vertolyotların dövrə vurub vahimə yaratması və şəhərə salınmış BTR–lərlə əhalinin qorxudulması, bütün bunlar təxribat idi. Bunada nail oldular. Haftoni meşəliyində qüvvələrin qeyri–bərabər şəraitdə keçən döyüş zamanı Lənkəran özünü müdafiə batalyonunun 6 üzvü Lənkəran rayon sakinləri Vaqif Məmmədov, Salman Baxşıyev, Şahin Məmmədov, Rahim Məmmədov və Rövşən Bədəlov amansızlıqla qətlə yetirildi. Silahlılar 16 nəfər lənkəranlı gənci Rusiyanın Ulyanovsk, 30 nəfəri isə Bakı yaxınlığındakı Şüvəlan qəsəbəsinə apararaq 30 gün həbsxanada saxlayıblar. Onlardan bir nəfəri Tariyel Abdullayev Ulyanovska aparılarkən vertolyotda boynuna telefon məftili dolayaraq boğaraq öldürüblər. Vəhçicəsinə öldürülən Tariyel Abdullayevin meyidi Bakıda Salyanski kazarmanın qabağındakı küçəyə atılmışdır. Əlbəttə ki, o şəhid olanların heç birinin qanı hədər getmədi. O şəhidlərin qanı üzərində bizim dövlət müstəqilliyimiz quruldu. Biz dövlət müstəqilliyi əldə etdik. Qorbaçov siyasətinin, Qorbaçov rejiminin mahiyyəti ermənipərəstlik idi, onları dəstəkləmək idi. Azərbaycan bu məsələdə tək idi. Yalnız özünə güvənməli idi, özünə də güvəndi. İllər sonra 1995–ci aprelin 27–də Mixail Qorbaçov Türkiyənin İstanbul şəhərində 20 yanvarla bağlı demişdir: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”. Bu faciədə Bakı, Neftçala və Lənkəran daxil olmaqla ümumilikdə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Bugün isə 33 il keçməsinə baxmayaraq bu tarix şəhidlərin şəhadət günü milli–azadlıq hərəkatının hünər səlnaməsi kimi xatırlanır. 20 Yanvar şəhidləri ilə bərabər, 26 yanvar hadisələri zamanı həlak olmuş 6 nəfərin də adı Lənkəran şəhərinin girişindəki Şəhidlər Xiyabanında əbədiləşdirilib. 33 ildir ki, yerli sakinlər bu müqəddəs məkanı ziyarət edir. Azərbaycan xalqı bütün şəhidlərinin xatirəsini daim əziz tutur, onların xatirəsini hörmətlə anır.
Cəmil Quliyev,
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.





 



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024